Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Türkiyə əleyhinə böhtanlar yağdıran USAİD direktoruna Azərbaycanda yeni reallıqlar başa salınacaq
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauer Cənubi Qafqaza səfər edib. “Yeni Müsavat” qeyd edir ki, o, sentyabrın 26-da Ermənistanda olub, rəsmilərlə, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. Məlum olub ki, ABŞ Ermənistana 11,5 milyon dollar məbləğində humanitar yardım ayırıb. USİAD-in direktoru Samanta Pauer Zəngəzurda jurnalistlərə bildirib. Həmçinin Avropa Komissiyası Qarabağdan köçən ermənilər üçün Ermənistana 5 milyon avro verəcək.
USAİD rəhbəri sentyabrın 27-də Bakıya gəlib. APA xəbər verir ki, bu barədə məlumat USAİD-in rəsmi internet səhifəsində dərc edilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer Azərbaycana səfərə gəlib.
Məlumata əsasən, Pauer artıq Bakıdadır. O, Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı ölkəmizin üzərinə götürdüyü öhdəlikləri müzakirə etmək üçün görüşlər keçirəcək.
Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim də Pauerlə birlikdə ölkəmizdə səfərdədir. Pauer səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı sülhün perspektivlərini də müzakirə edəcək.
Pauer qatı ermənipərəstdir, Sorosun korrupsioner, missioner planlarında yer alan şəxslərdəndir. O, daim Azərbaycan və Türkiyə əleyhinə çalışıb, ən ağır böhtanlar səsləndirənlərdəndir. İki il öncə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edib və Azərbaycanla Türkiyəni “vəhşi” adlandırmışdı. Bu şəxs uzun illərdir ki, həm ABŞ-da, həm də digər Qərb ölkələrində açıq-aşkar türkofobiya siyasəti yürütməklə məşğuldur. Hazırda bölgədə yeni reallıqlar yaranıb və belə bir vaxtda onun regiona gəlişi də səbəbsiz deyil. Maraqlıdır, o bu qədər sərsəm iddialarından sonra regiona nə məqsədlə gəlib?
Ümumiyyətlə, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirindən sonra Vaşinqtondan Ermənistana yüksək rütbəli şəxlərin səfərləri intensivləşib. Daha əvvəl amerikalı senator Qari Pitersin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda səfərdə olub, hakimiyyət və müxalifət nümayəndələri ilə görüşüb. Sentyabrın 25-də isə dediyimiz kimi, ermənipərəst mövqeyi ilə məşhur olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim, habelə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer Ermənistanda olub. Onların missiyası Paşinyan hökumətinə dəstək, Qarabağdakı durumla bağlı ehtiyacları qiymətləndirməkdən ibarət olub. Bundan başqa, ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, ermənipərəst senator Bob Menendes Ermənistana iqtisadi, humanitar yardımla bağlı qanun layihəsi hazırlayıb. Layihədə İrəvana müxtəlif sahələr üzrə dəstək vermək üçün təxminən 800 milyon dollar vəsait ayrılması əksini tapıb. Düzdür, korrupsiya fəaliyyətinə görə ona cinayət işi açılıb, lakin qanun layihəsi artıq təqdim edilib. Bunlarla yanaşı Vaşinqton Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağa girişib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib ki, hazırda bu məsələ ilə bağlı aktiv müzakirələr gedir. Amma Putinin köməkçisi Peskov buna cavab olaraq söyləyib ki, beynəlxalq missiya üçün Bakının icazəsi olmalıdır.
Siyasi ekspert Əziz Əlibəylinin fikrincə, son zamanlar amerikalı siyasətçilərin silsilə şəkildə çıxışlarının iki xətti var: “Ermənistanla hərbi əməkdaşlığı qalıcı xarakterə çevirmək, hərbi müttəfiqlik haqda müqavilə imzalamağa nail olmaq, digər hədəf isə insan haqları adı altında Azərbaycana təzyiq etmək. Bununla Ermənistanda atılacaq addımlara siyasi və hüquqi don geyindirməyə çalışacaqlar. Habelə, erməni lobbisindən alınan pullarla Azərbaycana sanksiya tətbiq etmək niyyəti var. Ermənistana yardımların ayrılması əsaslandırılmalıdır. Çünki Rusiya və Azərbaycan Qərbin institutlarına heç bir tezis vermirlər. Ancaq Qarabağdan ermənilərin köçüb getməsi ilə İrəvan maliyyə axını gözləyir. Yəni köçən ermənilərə ayrılacaq yardımla Ermənistan büdcəsini doldurmaq istəyirlər. Pauer və digərlərinin səfərləri də məhz Amerikanın Ermənistanı daha da özünə yaxınlaşdırmaq istəklərindən irəli gəlir”. Politoloq Zaur Məmmədovun sözlərinə görə, Samanta Pauerin İrəvanda Azərbaycanla bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, o, Makronun yolu ilə gedir: “Hər ikisi danışırlar. Əməldə isə hüquqa əsaslanan Azərbaycanın davranışlarıyla bağlı heç bir mexanizm işə salınmayacaq. Samanta Pauer, Nensi Pelosi, Bob Menendez kimilərə görə qoca Vaşinqton nəsə qəbul etməyəcək. 24 saatlıq tədbirlərin nəticələri orada çoxdan qəbul olunub”.
Təhlilçi Ramiyə Məmmədova düşünür ki, Samanta Pauer və Yuri Kim Azərbaycana xoş olmayan fikirlər səsləndirən odioz fiqurlardır: “USAİD-in rəhbəri Samanta Pauer bundan əvvəl də özünün Tvitter səhifəsində Azərbaycan ekoloqlarının və QHT fəallarının guya Laçın yolunu "bağlamalarını" hədəfə alan ittiham xarakterli fikirlərini yazıb, eləcə də sözügedən istiqamətin açılmasını tələb edib. Yəni bizim üçün tər-təmiz ermənipərəst şəxsdir. Onun Bakıda yüksək səviyyədə qarşılanmasına da zərurət yoxdur. Hələ İkinci Qarabağ müharibəsində öz suveren ərazilərinin azadlığı uğrunda canlarından keçən Azərbaycan əsgər və zabitlərini, eləcə də ölkəmizə mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövlətini “vəhşi” adlandıran bu türkofob indi hansı üzlə ölkəmizə ayaq basır? Bir halda gələ bilər, onu şəhidlərimizin məzarına ziyarətə aparaq, mina terroru baş vermis əraziləri göstərək, erməni vandalizmini, barbarlığını, vəhşiliyini əks etdirən yerlərlə tanış edək. Görsün ki, vəhşi kimə demək lazımdır? Və bu, həmin Samantadır ki, hər dəfə çıxışının əsas hissəsini Bayden administrasiyasının “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirir. o, açıq-aşkar ermənipərəstdir və erməni lobbisinin pullarını yeyir. Üstəlik, ağası Sorosun da dəstəyini alır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ