İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərinin vəkillər birliyi yaradılır

Mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.

Musavat.com xəbər verir ki, toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Görüşün məqsədi Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri arasında fikir mübadiləsi aparmaq və mümkün əməkdaşlığın qiymətləndirilməsi, onun qurulması yollarının müzakirə edilməsindən ibarət olub.

Mərasimdən əvvəl nümayəndə heyətləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər, məzarı önünə əklil qoyublar. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad olunub.

Sonra toplantı öz işinə başlayıb, tədbiri giriş sözü ilə açan TBB-nin başqanı Erinç Sağkan qonaqları salamlayaraq görüşün əhəmiyyəti barədə məlumat verib, qanunun aliliyinin təmin edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə verən hüquq sahəsində sıx dialoqun əhəmiyyətini qeyd edib.

ARVK-nın sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, görüşün işinə uğurlar arzulayıb, Türk dünyası Vəkillər kollegiyalarının vəkilləri arasında sıx əməkdaşlığın, təcrübə mübadiləsinin, vəkillər üçün beynəlxalq təlimlərin, konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan və Türkiyə dostluğundan, qardaşlığından danışan sədr keçirilən toplantını tarixi gün adlandırıb, gələcəkdə bu mühüm hadisənin xoş xatirə kimi xatırlanacağını ifadə edib.

Anar Bağırov çıxışının davamında türk dövlətlərinin vəkillərinin əməkdaşlığı üzrə yeni təşkilatın yaradılmasına ümidvar olduğunu bildirib və bütün vəkilləri bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Həmçinin mərasimdə Qazaxıstan Milli VK-nın sədri Aidyn Bikebayev, Qırğızıstan Vəkillər Şurasının sədri Meyil Begilerova, Şimali Kipr Türk Cümhuriyyətinin VK-nın sədri Hasan Esendağlı, Özbəkistan VK-nın sədri Shulhrat Sadikov və Türkmənistanın Aşqabad VK-nın sədri Guncha Garajayeva çıxış edib, görüşün əhəmiyyətindən danışıblar.

Daha sonra fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq qiymətləndirilib. 

Mərasimdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov TBB-nin prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib və xatirə şəkili çəkdirilib.

Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR