İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərinin ortaq əlifbası - niyə də olmasın...

Firudin Cəlilov: “Azərbaycan Respublikası 30 ildən artıqdır ortaq türk əlifbasını işlədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ölkələrinə ortaq əlifbanın tətbiqini təklif edib. Bu barədə o, noyabrın 3-də Türk Dövlətləri Təşkilatının 10-cu Astana (yubiley) sammiti zamanı bildirib. Təklif Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim edilib. Ərdoğan bunun təşkilat tərəfindən diqqətlə nəzərdən keçiriləcəyinə ümid etdiyini bildirib.

Ekspertlər hesab edir ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmalarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.

Elmi-təcrübi əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Lakin siyasi səbəblərdən, daha dəqiq desək, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına qısqanclıq səbəbindən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış məsələsi gündəmə gətirildi. Bu ideyanı ilk dəfə gerçəkləşdirən yenə Azərbaycan dövləti və xalqı oldu.

Türk xalqları arasında ortaq əlifba problemi bu gün türkologiya elmi üçün olduqca siyasi-ictimai əhəmiyyət daşıyır. Qeyd edək ki, son dövrdə istər Azərbaycanda, istərsə də Türk dünyasında türklər üçün ortaq ünsiyyət dili ilə bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq ünsiyyət dilinə gedən yolda əlifba və imla problemləri hələ də sistemli və hərtərəfli araşdırma obyekti olmayıb və bu sahədə fikir ayrılıqları bu gün də mövcuddur. Əlbəttə ki, Türk dünyasında latın əlifbasına keçməklə bağlı ciddi addımlar atılıb. Azərbaycan, Türkmənistan və Özbəkistanda yeni latın əlifbaları qəbul edilib. Son dövrlərdə Qazaxıstanda da latın əlifbasına keçmək haqqında qərar verilmişdi. Ancaq yeni əlifbalarda ciddi fərqliliklər var. Türkoloq alimlərin bu fərqliliklər üzərində çox ciddi dayanması və elmi cəhətdən izahların verilməsi olduqca zəruridir.

Ortaq əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyə qədər bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olub. Aydındır ki, türk xalqları üçün ortaq əlifba məsələsi həll olunmadan onlar arasında ortaq ünsiyyəti və ortaq imlanı yaratmaq mümkün deyil.

Bəs belə bir əlifba mümkünmü və onun hazırlanması nə qədər zaman ala bilər? Bununla bağlı hansısa ortaq komissiya yaradıla bilərmi? Vahid əlifba türk xalqlarının mədəni, siyasi, iqtisadi inteqrasiyasına, təhlükəsizlik sahəsində inteqrasiyasına nə dərəcədə töhfə verə bilər?

Firudin Cəlilov müalicə üçün Türkiyəyə gedir

Sabiq təhsil naziri, professor Firudin Cəlilov “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanın istifadə etdiyi əlifba latın qrafikalı ortaq türk əlifbasıdır. Bu əlifba 35 il öncə hazırlanıb və 1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Azərbaycanda qəbul olunub: "Azərbaycan Respublikası 30 ildən artıqdır ortaq türk əlifbasını işlədir. Bizimlə bərabər tatarlar da həmin ortaq türk əlifbasını işlədir. Ortaq türk əlifbası nəinki lazımdır, hətta o biri qardaş türk ölkələri çox gecikiblər, bu məsələdə 30 il Azərbaycandan geri qalıblar. Bu əlifba Türkiyə, Azərbaycan və digər türk ölkələri alimlərinin üç gün davam edən simpoziumunda müzakirə edilib və qəbul edilib. Mən bunun tarixçəsini də xatırlada bilərəm. Deməli, 1990-cı illərin əvvəllərində Azərbaycana Türkiyədən Mərmərə Universitetinin rəhbərliyinin də daxil olduğu alimlərdən ibarət bir heyət gəlmişdi. Mən onlardan xahiş elədim ki, ortaq türk əlifbasının müzakirəsi və hazırlanması, qəbul edilməsi üçün bir elmi simpozium təşkil eləsinlər. Onlara türk ölkələrindəki akademik dilçi alimlərin siyahısını verdim ki, simpoziuma dəvət etsinlər. Təklifim qəbul edildi və 1 ay sonra İstanbulda Ortaq türk əlifbası simpoziumu keçirildi. Simpozium üç gün işlədi. Bütün türk ölkələrindən gələn dilçi alimlər, akademiklər üç gün çox ciddi müzakirələr apardılar və bu gün Azərbaycanın işlətdiyi əlifbanı ortaq türk əlifbası kimi qəbul elədilər. Bu barədə mətbuatda məlumatlar getdi, kitab çıxdı. Mən həmin dövrdə parlamentdə Etika komissiyasının sədri idim. Simpoziumun qərarını, qəbul etdiyi əlifbanı gətirib Ali Sovetdə təqdim elədim. Ayaz Mütəllibovun dövründə türk əlifbasının bərpası dövlət komissiyası yaradılmışdı. Mirzə İbrahimov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, mən və digər ziyalılar həmin komissiyanın üzvü idi. Mənim xəbərim olmadan məni komissiyaya məsul katib seçmişdilər. Dövlət komissiyasında da əlifba məsələsi mənim əlimdən gəlib keçdi. İndi vikipediyada oxuyuram guya Afat Qurbanov komissiyanın sədri olub. Əslində belə deyil, Afat Qurbanov o komissiyanın üzvü olub. Mən İstanbulda üç günlük simpoziumda türk dövlətlərindən olan dilçi alimlərin qəbul etdiyi ortaq türk əlifbasını Dövlət komissiyasına da təqdim elədim. Beləliklə, məhz həmin əlifba qəbul edildi və biz o əlifbanı bu günə qədər işlədirik. Tatarlar da bu əlifbanı işlədir.

Digər qardaş türk dövlətləri isə bu addımı atmaqda gecikiblər".

Professor hesab edir ki, indi də addım atmaq olar və Türk Dövlətləri Təşkilatı bu məsələni ciddi şəkildə gündəmə gətirib rəsmi qərar qəbul etməlidir. Çünki bu əlifba məhz türk dövlətlərinin alimlərinin üç günlük simpoziumunun aldığı sonucdur: “Hətta Türkiyə alimləri o zaman mənə demişdilər ki, siz bunu parlamentdən keçirə bilsəniz, biz də əlifbamızda çatışmayan üç hərfi (ə, x, k) əlavə edəcəyik ki, Türkiyənin də əlifbası ortaq türk əlifbası olsun. Biz ortaq türk əlifbası kimi qəbul edilən əlifbanı parlamentdən o zaman keçirdik. Lakin 30 ildən artıq vaxt keçib, Türkiyədə həmin üç hərfi əlifbalarına daxil etməyiblər ki, ortaq türk əlifbasına keçsinlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR