İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri Rəqabət Şurası yarandı - siyasi və iqtisadi faydaları

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb. Bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyənin İstanbul şəhərində keçirilən toplantısında qərar qəbul edilib. Buna dair Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır.

Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən, rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

Onu da bildirək ki, ilk 3 il ərzində şuraya Türkiyə sədrlik edəcək. Həmçinin burada önəmli məsələlərdən biri də odur ki, şuranın növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır. 

Şuranın yaranması türk coğrafiyasına siyasi baxımdan nələr vəd edir?

Elxan Şahinoğlu: "Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var"

Elxan Şahinoğlu: “Şuranın türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirməsi...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Rəqabət Şurası türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək yeni bir formatdır: “Şuranın türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirməsi yeni görüşlər, toplantılar və müzakirələr deməkdir. Qurumun Yol Xəritəsinin artıq hazır olması da türk dövlətləri arasında inteqrasiya proseslərinin güclənəcəyindən xəbər verir. Rəqabət Şurasının əsas hədəfi üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirməkdir. Şura bundan başqa türk dövlətləri arasında rəqabət hüququ ilə bağlı problemlərin həllini sürətləndirəcək və müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq. Rəqabət Şurasının növbəti iclasının işğaldan azad edilən Şuşa şəhərində keçirilməsi də həm Azərbaycan, həm də digər türk dövlətləri üçün əlamətdar hadisədir. Şuşa tək Azərbaycanın deyil, Türk dünyasının başlıca şəhərlərindən birinə çevrilməkdədir. Bu il Şuşa şəhərində xeyli tədbir keçiriləcək. Bu sıraya türk dövlətləri təmsilçilərinin toplantılarını da aid etmək olar”.

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli: “Belə təsisatların yaradılması vahid bazara, daha sonra isə...”

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu qurumun yaradılmasının önəminə toxundu: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul edilmiş qərarlara uyğun olaraq, TDT-nin institutlaşması istiqamətində bütün sahələri əhatə edən təsisatlar yaradılır. Bu isə şübhəsiz ki, təşkilatdaxili əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu xüsusda Türk Dövlətləri Rəqabət Şurasının yaradılması da üzv ölkələrin sahə ilə bağlı hüquqi-normativ aktlarının bir-birinə uyğunlaşdırılması, rəqabətin stimullaşdırılmasının təşviri, sahibkarlıq subyektlərinin hüquqlarının qarşılıqlı şəkildə qorunması baxımından əhəmiyyət kəsb edir. Rəqabət Şurasının yaradılması həm də TDT-nin yaxın zamanlarda ciddi iqtisadi əməkdaşlıq platformasına, hətta ola bilsin ki, vahid gömrük, vergi mexanizmlərinin tətbiq olunduğu iqtisadi məkana çevriləcəyindən xəbər verir. Məlum olduğu kimi, həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vahid bazarın formalaşmasına xidmət edən müvafiq təsisatları, həmçinin gömrük ittifaqları var. Belə təsisatların yaradılması vahid bazara, daha sonra isə Avropa İttifaqı, yaxud buna bənzər bir modeldə quruluşların formalaşmasına keçidin ilkin mərhələsidir”.

Günay Hüseynova: “İqtisadiyyatın inkişafı birbaşa və dolayı yolla rəqabət mühitinin inkişafı ilə əlaqədardır”

WhatsApp Image 2024-01-25 at 18.21.17 (1).jpeg (17 KB)

İqtisadçı ekspert Günay Hüseynova bu təşkilatın gələcəkdə mühüm rol oynayacağına ümid edir: “Əksər iqtisadçılar kimi mən də düşünürəm ki, iqtisadiyyatın inkişafı birbaşa və dolayı yolla rəqabət mühitinin inkişafı ilə əlaqədardır. Şuranın yaradılması üzv ölkələri bir araya toplayaraq onların makroiqtisadi səviyyəsinin artırılmasında mühüm rol oynayacaq, bununla yanaşı, xalqların mədəni, tarixi əlaqələri gücləndiriləcək. Həmçinin də təşkilatın yaranması bu sahəyə ölkədaxili nəzarəti daha da gücləndirəcək. Təbii ki, burada söhbət haqlı rəqabətdən gedir. Monopoliyanın, iqtisadi məhdudlaşdırmanın olduğu mühitdə nə rəqabət ola bilər, nə də istehsal. İqtisadiyyat çoxşaxəli və bir-biri ilə bağlı olduğu üçün bu da digər iqtisadi sahələrə təsir edirdi. Şuranın yaradılması bir növ başlanğıc oldu müxtəlif sahələr üçün. Məsələnin əsas tərəfi isə budur ki, rəqabətə dayanıqlı, keyfiyyətli məhsul istehsal etmək, şuraya üzv dövlətlər arasında Azərbaycan brendi, Azərbaycan məhsulu ilə ortaya çıxmaqdır. Rəqabət istehsalı tətikləyən bir başlanğıcdır. Onun üçün də yerli istehsala doğru addımlar atılmalıdır. Əks təqdirdə, idxalın ixracı üstələməsi, ölkədən valyuta axını, mənfi ticarət saldosu kimi bir çox iqtisadi problemlərə başlanğıc olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR