İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampla Putin arasında böyük dostluq var” - SENSASİON YAZI

Makler-diplomat - o kimdir? 

Stiv Vitkof (ing. Steve Witkoff) bugünlərdə Moskvada Vladimir Putinlə gizli danışıqlar aparıb oradan Bakıya uçmuşdu. Aydındır ki, o, İlham Əliyevlə danışıq aparmaq üçün Azərbaycana gəlib. Özü də martın 15-i Stiv Vitkofun (1957) ad günü idi.

Bu səfərlə bağlı geniş məlumat yayan İsrailin “The Jerusalem Post” qəzeti yazmışdı ki, yüksək rütbəli ravvinlər prezident Donald Trampa “Avraam (İbrahim) müqaviləsi”nin (ing. Abraham Accords) genişləndirilməsinə, İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Həmin məktubda bədnam 907-ci düzəlişin aradan qaldırılmasının vacibliyinə də toxunulub. Bu ideyanın müəllifi isə heç şübhəsiz ki, İsrailin baş naziri Benyamin Netanyahudur. O, Knessetdəki (parlament) çıxışında bu məsələləri gündəmə gətirmişdi.

“The Jerusalem Post” onu da yazmışdı ki, ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyən edə biləcək belə bir görüşün məhz Bakıda keçirilməsi üçün hərəkətə keçib.

Bəs, Stiv Vitkof kimdir?

Bu yazıda bu suala cavab verməyə çalışacağıq. O, milyarder, hüquqşünas, və diplomat kimi tanınır. Vitkof Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisidir. Karyerasına daşınmaz əmlak üzrə vəkil kimi başlasa da, tezliklə daşınmaz əmlaka investisiya qoymağa başlayıb. Vitkofun təkcə ABŞ-da deyil, Yaxın Şərqdə də geniş biznes əlaqələri var.

Nyu-Yorkdan başqa Las-Veqas və London kimi şəhərlərdə çoxsaylı mülklərə sahibdir. 2024-cü ilin noyabrında yeni seçilmiş prezident Donald Tramp Vitkofu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqlamışdı. O, rəsmi olaraq bu vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı. Yaxın Şərqdən əlavə, o, de-fakto Trampın Rusiya üzrə də elçisi sayılır.

Əslən yəhudi olan Stiv Vitkof Nyu-Yorkda (Bronks) anadan olub, orada böyüyüb. O, Martin və Lois Vitkofun oğludur. Vitkofun atası Nyu-Yorkda qadın paltolarının istehsalçısı idi. O, 1983-cü ildə Hofstra Hüquq Məktəbini bitirib.

“The Wall Street Journal” yazır ki, Stiv Vitkofun diplomatik təcrübəsi yoxdur. Ancaq daşınmaz əmlak dünyasındakı həmkarları həmişə Vitkofu ağıllı, diqqətçəkən və sadə davranışı olan istedadlı danışıqçı kimi təsvir edirlər.

1983-cü ildə hüquq fakültəsini bitirdikdən sonra Stiv Vitkof Nyu-York şəhərinin daşınmaz əmlakla bağlı olan hüquq firması “Dreyer & Traub”da işləyib, orada müştəri olan Donald Trampla tanış olub. Sonra bu tanışlıq dostluğa çevrilib.

15 sentyabr 2024-cü ildə Vitkof Florida ştatının “West Palm Beach” şəhərindəki “Trump International Golf Club”da Trampla qolf oynayarkən Rayan Wesley Routh Donald Trampa sui-qəsd məqsədi ilə atəş açıb. O vaxt da onlar bir yerdə idi.

9 noyabr 2024-cü ildə Vitkof keçmiş ABŞ senatoru Kelli Leffler ilə birlikdə Trampın ikinci prezidentliyi üçün İnauqurasiya Komitəsinin həmsədri seçilib.

Vitkofun yanaşması ənənəvi diplomatik üsullardan xeyli fərqlənir. Məsələn, o, İsrailin baş naziri Benyamin Netanyahuyaya HƏMAS-la razılaşmanı yekunlaşdırmaq üçün təzyiq göstərib. Donald Tramp razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb və nəticədə HƏMAS-la anlaşma əldə olunub.

11 fevral 2025-ci ildə Tramp Vitkofu Moskvaya göndərdi, o, prezident Vladimir Putinlə görüşdü və Rusiya vətəndaşı Aleksandr Vinnikin müqabilində ABŞ vətəndaşı Mark Fogel Rusiya həbsxanasından azad olundu.

Stiv Vitkof Putin və Trampla bağlı belə deyir:

“Məncə, onların böyük dostluğu var idi və indi də bunun davam edəcəyini düşünürəm, bu, dünya üçün həqiqətən yaxşı bir şeydir”.

16 fevral 2025-ci ildə Vitkof Ukrayna və Avropanın Ukrayna danışıqları zamanı kənarda qalacağına dair narahatlıqları rədd etdi. 2025-ci il fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Amerika və Rusiya nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqları üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşdülər. Rubionu Stiv Vitkof və Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts müşayiət edirdi.

Hazırda da o, Tramp administrasiyası ilə Rusiya arasında əsas ünsiyyət kanalı kimi gündəmdədir.

Vitkoff Manhettenin Yuxarı Şərq tərəfində yaşayırdı. 1987-ci ildə o, hüquq firmasının əməkdaşı olan Lauren Jill Rappoportla evləndi və 2019-cu ildə Nyu-Yorkdan Floridaya köçdü, Mayami-Biçdə məskunlaşdı.

Onların üç oğlu olub. 2011-ci ildə onların 22 yaşlı oğlu Endryu narkotik maddənin istifadəsi zamanı doza həddini aşdığına görə ölüb. Zak isə kriptovalyuta şirkəti olan “World Liberty Financial”ın həmtəsisçisidir. Onların kiçik oğlu Aleksandr “Witkoff Group”un baş direktorudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR