İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yeni silahı: Eliz Stefanik BMT-də nələri dəyişdirəcək?

Prezident Donald Tramp fərmanlar imzalamaqla yanaşı müxtəlif vəzifələrə namizədlərini irəli sürməkdə davam edir. Bunlardan biri Trampın ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə irəli sürdüyü Eliz Stefanikdir. 2014-cü ildə 30 yaşında Konqresə seçilən Stefanik Respublikaçılar Partiyasında dəmir intizamı və iti ağlı ilə tanınır.

Bəs Eliz Stefanik BMT-də nələri dəyişdirəcək?

Politoloq Elxan Şahinoğlu bununla bağlı Musavat.com-a açıqlamasında bildirib:

"Xanım Stefanik Senatdakı dinləmərlə suallara cavab verib. Stefanik ilk növbədə onu bu vəzifəyə təyin edən Ağ Ev sahibinin “ilk növbədə Amerika” şüarına sadiq qalacağını və beynəlxalq təşkilatda buna uyğun fəaliyyət göstərəcəyini deyib. Eliz Stefanik BMT həqqında tənqidi fikirdədir. O BMT-nin təməl missiyasını yerinə yetirmədiyi qənaətindədir. Stefanik təşkilatda islahatlar aparılmasına çalışacağını bəyan edib. BMT-də Amerika dəyərlərinin əks olunmadığını bildirən Stefanik ölkəsinin indiyə qədər bu beynəlxalq təşkilata ən böyük töhfə verdiyini vurğulayıb. Halbuki, ABŞ-ın BMT-nin büdcəsinə 1,5 milyard dollar borcu var. Bu borca baxmayaraq, BMT-nin əsas donoru ABŞ-dır.

Eliz Stefanikə çətin olacaq. Çünki BMT-də Amerikanın qarşısında hər zaman iki böyük güc – Rusiya və Çin dayanır. Stefanik Çinin artan nüfuzuna qarşı mübarizə aparacağını bildirib. Vaşinqton Çinin BMT-yə üzv olan və inkişaf etməkdə olan ölkələr arasında dəstək qazanmaq səylərini əngəlləmək istəyir. Stefanik də etiraf edir ki, Çin müxtəlif ölkələrə böyük yatırımlar qoymaqla və limanlar tikməklə mövqelərini gücləndirməyə çalışır. Stefanik Çin haqqında danışarkən, Pekinin infrastruktur sərmayələri ilə rəqabət aparmaq üçün ABŞ-ın yenu strategiya hazırlaması gərəkliyi qənaətindədir. Stefanikin sözlərinə görə, Çin öz diplomatlarını BMT-nin texniki təşkilatlarında rəhbər vəzifələrə yerləşdirməyə çalışır, eyni zamanda kiçik səviyyələrdə nüfuz qazanır. Stefanik bunu da ölkəsi üçün təhdid kimi qiymətləndirib. “ABŞ BMT-dəki müttəfiqləri ilə birgə buna qarşı mübarizə aparmalıdır” deyən Stefanik beynəlxalq təşkilatdakı mühüm vəzifələrə amerikalı diplomatların və müttəfiq dövlətlərin namizədlərinin irəli sürülməsinə çalışacağını bildirib.    

Eliz Stefanikin açıqlama və senatorların suallarına verdiyi cavablardan aydın olur ki, o vəd etdiyi kimi Donald Trampın kursuna sadiq qalacaq. Təsadüfi deyil ki, ABŞ-ın BMT-dəki yeni təmsilçisi Trampın Ümumdünya Səhiyyə Təşkilatından çıxması qərarını dətsəkləyib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR