Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tənqid edib.
O, Trampın Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb.
“Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların “biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm” demələri qəbuledilməzdir. Səninlə danışıqlara belə getməyəcəyəm, nə qələt istəyirsən, et!”, - o bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında Trampın ilk prezidentlik dövründə də nüvə silahı ilə bağlı eyni mövqe göstərdiyini xatırladıb:
"Tramp bu yaxınlarda açıq bəyan etdi: İranın nüvə silahı olmayacaq! O, ilk prezidentlik dövründə də bu məsələdə yetəri qədər sərt mövqe sərgiləmişdi; 2018-ci ildə ABŞ-ı İranla nüvə sazişindən birtərəfli qaydada çıxardı və sanksiya siyasətini gücləndirdi; 2020-ci ilin ilk günlərində Qasım Süleymaninin öldürülməsindən sonra İranın proksi güclərinə qarşı hücum başlatdı; Bayden dövründə İran proksiləri olan Hizbullah və Həmas ciddi şəkildə zəiflədildi, hətta İranın daxili ərazilərinə raket hücumları edildi, İran Suriyadan çıxarıldı. Yəni, Suriyanın hava sahəsində İranı hədəf alan raketlərin zərərsizləşdirilməsi imkanı artıq yoxdur. Və hazırda hədəf İranın nüvə təsisləridir. Tramp hələ 2021-ci ilin ilk prezidentlik dövrünün son günlərində bəyan etmişdi ki, İranın nüvə təsislərini vurmağı planlaşdırır. O, II prezidentlik dövrünün, yəni bu ilin əvvəlində bəyan etdi ki, İsrailin İranı bombalamasını istəmir və nüvə böhranını danışıqlar və sülh yolu ilə həll etməkdə maraqlıdır. Lakin, bu bəyanat İranda təhdid olaraq yozuldu. Yəni, İran nüvə sazişində danışıqlar yolu ilə razılaşmaya getməzsə, İsrailin əli ilə nüvə təsisləri vurula bilər. Martın 7-si Tramp təkrar bildirdi ki, İran ABŞ-la razılığa gəlməsə, tezliklə “nə isə” baş verəcək. Bu fonda İran Prezidenti Məsud Pezeşkianın və Ali dini lider Xameneyinin Trampla danışıqlardan imtina etməsi o deməkdir ki, İran ABŞ-ın “təhdid dilini” qəbul etməyəcək. İran xarici işlər naziri Abbas Araqçi Sky News-a verdiyi müsahibəsində qeyd etmişdi ki, ABŞ və İsrail hakimiyyəti İranın nüvə təsisatlarını hədəf alacaq qədər dəli deyillər. Çünki bu, bütün region üçün təhdiddir. Lakin buna baxmayaraq, İran ehtiyat tədbirləri olaraq nüvə təsislərinin qorunmasını da əhatə edən hərbi təlimlər keçirdi, hazırda isə Rusiya və Çinlə birgə hərbi təlimlər keçirir. Bu göstərir ki, İran ABŞ təhdidini real olaraq qiymətləndirir. Lakin aydındır ki, nüvə təsislərinin vurulması sadəcə İran üçün deyil, bütün region üçün təhlükələri özündə daşıyır".
Ş.Cəlilzadənin fikrincə, ABŞ-la İran arasında razılaşma əldə olunmasa və İran İsrailin əli ilə vurularsa, bu cavabsız qalmayacaq və regional sabitlik pozulacaq ki, bu, sadəcə proksilərin əli ilə Yaxın Şərqin deyil, həmçinin Cənubi Qafqazın da hərbi olaraq aktivləşməsi ilə müşayiət oluna bilər: "Bütün bunlar Ramazan ayından sonra, yəni aprel ayında baş verə bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, mümkün təhdid halında heç zaman platsdarm olmayacaqdır. Lakin müharibə ssenarisi Ermənistanda fəlakət olaraq başa düşülür. Bunun əsas səbəbləri isə İranın müharibə halında Ermənistana dəstəyinin çəkilməsi və real dəstəkdən məhrum olan Ermənistanın Azərbaycanın haqlı tələbləri qarşısında manevr imkanlarından məhrum olması ilə əlaqədardır. Regional müharibə ssenarisindən qaçmaq üçün hələ ki, hər iki tərəf diplomatik danışıqlar kanalı ilə zaman qazanmağa çalışır. Hazırki anda da Səudiyyə Ərəbistanından Trampın məktubunun gətiriləcəyi gözlənilir. Yəni, rəsmi Tehran İran-ABŞ arasında razılaşmanın əldə olunması üçün vasitəçilərə ümid bəsləyir. Odur ki, 2019-20-ci illərdə müharibə eşiyinə gələn iki dövlət arasında vaxtilə (2015) razılaşma əldə olunduğu kimi, yenə də belə bir razılaşma əldə olunacağı ehtimallar arasındadır. Əks təqdirdə sanksiyaların pik həddə çatdırılacağı və Avropa dövlətlərinin də bu sanksiyalara qoşulacağı labüddür".
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ