Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yenidən Rusiyaya yollanır. Onun cümə günü prezident Vladimir Putinlə görüşü gözlənilir. Bu, Ukrayna münaqişəsinin həlli üzrə danışıqların başlanmasından bəri tərəflər arasında üçüncü şəxsi söhbət olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Media qurumunun məlumatına görə, görüşün əsas mövzusu Rusiya və Ukrayna arasında mümkün atəşkəsin müzakirəsi olacaq. Mənbələrin bildirdiyinə görə, Donald Tramp konkret irəliləyişin olmamasından narahatlığını ifadə edir və aprelin sonunadək atəşkəs əldə olunmayacağı təqdirdə Moskvaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini istisna etmir.
Bundan əvvəl Stiv Uitkoff Vaşinqtonda Rusiya nümayəndəsi Kirill Dmitriyevlə görüşüb. Uitkoff və Putin arasında mart ayında baş tutan əvvəlki görüşün digər nəticəsi ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinin azadlığa buraxılması ilə məhbus mübadiləsinə dair razılaşma olub.
Ukrayna tərəfi artıq Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib və dəniz zonaları da daxil olmaqla, qismən atəşkəs imkanlarını nəzərdən keçirir. Rusiya da öz növbəsində sanksiyaların yumşaldılması da daxil olmaqla, əks şərtlər irəli sürüb.
Bundan əlavə, aprelin 10-da İstanbulda ABŞ və Rusiyanın rəsmi nümayəndələri arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılıb.
ABŞ Dövlət Departamenti Uittkoffun yeni səfəri ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ