İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın çağırışı İsraili qarışdırdı  

ABŞ prezidenti Donald Trampın Netanyahunun ya əfv olunması, ya da məhkəməsinin dərhal ləğv edilməsi barədə açıq çağırışı İsrail daxilində zəlzələ effekti yaradıb.

İsraildə bu çağırış hüquqi planda sadəcə məhkəmə sisteminə müdaxilə deyil, həm də İsrailin prezident institutunun konstitusion səlahiyyətlərini hədəf alan açıq təzyiq kimi qiymətləndirib.
Netanyahu bir tərəfdən özünü İrana qarşı əməliyyatların siyasi memarı kimi təqdim edir, digər tərəfdən isə hədiyyə qəbulu və rüşvət iddiaları ilə məhkəmə qarşısındadır. Bu, onun siyasi imicində kəskin dualizmi göstərir – qəhrəman obrazı ilə hüquqi reallıqlar arasında gedib-gələn bir lider. İsraildə Netanyahunun məhkəmə iclaslarını 2 dəfə təxirə salmaq cəhdi hüquqi səbəblərdən daha çox, siyasi manevr təsiri kimi qəbul edilir.

İsrail qanunvericiliyində prezidentin əfv hüququ ciddi şəkildə məhdudlaşdırılıb. Əfvlərin verilməsi, adətən, istintaqı tamamlanmış, cəzanın bir hissəsi çəkilmiş və “mənəvi rüsvayçılıq” daşımayan hallarda mümkündür. Netanyahu halında isə həm istintaq, həm də “ictimai etimad” məsələsi problematikdir. Belə olan halda Trampın çağırışı hüquqi mexanizmlərə zidd, lakin siyasi kompromisin açarı kimi görünə bilər.
İsrail Ali Məhkəməsinin keçmiş sədri Aharon Barakın vasitəçilik təşəbbüsü, əfvlə və ya ittiham sövdələşməsi ilə məsələnin bağlanması çağırışı bu prosesin artıq təkcə məhkəmə predmeti olmadığını göstərir. Netanyahu tərəfinin siyasi həyatı tərk etmək şərtilə təklifləri rədd etməsi isə onun hüquqi reabilitasiyaya hələ də ümid etdiyini göstərir.

Müşahidəçilərin fikrincə, Trampın bəyanatı İsraildə hüquqi sistemə zərbə vurmaq məqsədi daşımır, əksinə, regional sabitlik planında Qəzzada müharibənin dayandırılması, Səudiyyə Ərəbistanı ilə normallaşma, və Həmasla nizamlanmanın əldə olunması üçün Netanyahunun hüquqi manevr imkanlarını genişləndirmək cəhdidir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, bu gün İsraildə baş verənlər sadəcə bir şəxsin korrupsiya məhkəməsi deyil: "Bu, eyni zamanda İsrailin hüquqi institutlarının siyasi basqılar qarşısında davam gətirib-gətirməyəcəyinin sınağıdır. Netanyahunun taleyi, əfvlə, ittiham sövdələşməsi ilə və ya hökm çıxarılaraq həll olunacaqmı? Bəlkə də bu, yalnız hüquqi deyil, həm də tarixi bir qərar olacaq.
Netanyahunun məhkəməsinin 2 həftəlik təxirə salınması tələbi “siyasi və təhlükəsizlik səbəbləri” ilə əsaslandırılsa da, məhkəmə bu arqumentləri kafi hesab edərək rədd etdi. Bu, İsrail məhkəmələrinin siyasi təsirə dirənişini göstərən mühüm hadisə idi.
Amma daxildə hökumət üzvlərinin xüsusilə Mədəniyyət naziri Miki Zoharın və Xarici işlər naziri Gideon Sa’arın Trampın bəyanatına açıq dəstəyi İsrail hüquq sisteminə təzyiq mexanizmlərinin aktivləşdiyini göstərdi.

Ali Məhkəmənin keçmiş sədri Aharon Barak isə bu gərgin fonu yumşaltmaq üçün vasitəçilik təklif etdi. Onun ideyası Netanyahunun siyasi həyatdan çəkilməsi müqabilində ittihamların ləğv edilməsindən ibarət idi. Lakin baş nazirin vəkilləri bu təklifi rədd edərək göstərdilər ki, Netanyahu hələ də hüquqi prosesdən qalib çıxacağına inanır".

Kamran Məmmədli deyib ki, Trampın əfv çağırışı sadəcə şəxsi dostluq jesti deyil, daha geniş regional planların, Qəzzada müharibənin dayandırılması, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə münasibətlərin normallaşdırılmasının bir parçasıdır: "Bu planın icrası üçün Netanyahunun siyasi arenada qalması əsas şərtdir. Lakin o, siyasi toxunulmazlığını itirəcəyi təqdirdə, bu planların dayana biləcəyi ehtimalı yüksəkdir.

Netanyahu bu gün yol ayrıcındadır. O, ya məhkəmə prosesini axıra qədər aparacaq və risk edəcək, ya da əfv və ya ittiham sövdələşməsi ilə siyasi səhnədən gedəcək. Hər 2 halda bu, təkcə onun şəxsi taleyinə deyil, həm də İsrailin hüquqi və siyasi sisteminin gələcəyinə təsir edəcək".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR