İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın "buz diplomatiyası": Arktika yeni müharibənin mərkəzinə çevrilir

"Arktikaya diqqət artıb və yeni enerji müharibəsinin mərkəzinə çevrilməkdədir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Finlandiya lideri Aleksandr Stubb ilə Ağ Evdə keçirdiyi görüşdə bu ölkədən buzqıran gəmilərin alınmasıyla bağlı razılaşma əldə edib. Tramp adətən başqa ölkələrin ABŞ-dan müxtəlif məhsullar almasını tələb edir:

"Finlandiya nümunəsində isə Ağ Ev sahibi fərqli qərar verib. Görüşdə Donald Tramp Nobel Sülh Mükafatından söz açdıqda, Finlandiya prezidenti ABŞ liderinin gələn il mükafat alacağına inandığını bildirib.

Ümumiyyətlə, Trampla Stubb arasında dostluq münasibətləri formalaşıb. İki ölkənin lideri bu il 3 dəfə görüşüblər.

Razılaşmaya əsasən, ABŞ Finlandiyadan 4 buzqıran gəmi alacaq. Bundan başqa, Finlandiya ABŞ-a 7 buzqıran gəminin tikintisində dəstək verəcək, texnologiyalarını Pentaqonla bölüşəcək. Həmin bızqıran gəmilər ABŞ tərsanələrində qurulacaq. Müqavilənin dəyəri 6 milyard dollar civarındadır".

Bəs buzqıran gəmilər ABŞ-ın nəyinə lazımdır?

Politoloq suala bu cür cavab verib:

"Məsələ burasındadır ki, Rusiya və Çin Arktika qitəsində fəallaşıblar, resursların tapılması məqsədilə kəşfiyyat çalışmaları həyata keçirirlər. Çin gəmiləri son illərdə Arktikadan Avropa bazarlarına daşımanı artırıb. Bu qitədən konteyner daşımaları artıb. Şimal dəniz marşrutu ilə daşımaların həcmi hələlik minimal olsa da, Çin Arktika istiqamətini diqqətdə saxlayır. Çin bunu gələcək üçün strateji investisiya kimi görür. Sınaqlar uğurlu olarsa, Arktika yaxın onilliklərdə Avropaya vacib əlavə təchizat marşrutuna çevrilə bilər.

Beləliklə, Pekin Arktikanı Avropaya əlavə təchizat marşrutuna çevirməyi hədəfləyib. Rusiya və Çin eyni zamanda Arktikadan hərbi məqsədlər üçün də istifadə etməyə başlayıblar. Qitədə kiçik hərbi bazaların yaradılması aktuallaşıb. Bu amillər Vaşinqtonu narahat etməyə başlayıb. Öz növbəsində, Pentaqon Arktika qitəsi üçün modern hərbi texnikanın istehsalına diqqəti artırıb".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR