Onlayn ictimai-siyasi qəzet
"Donald Tramp Meksikanın narkotik kartellərini xarici terror təşkilatı kimi etiketləyən sərəncam imzalayıb. Sərəncamda kartellərin zorakılıq və terror kampaniyasına qoşulduğu və ABŞ-ni cinayətlə doldurduğu, Amerika üçün milli təhlükəsizlik riskləri yaratdığı bildirilir. Bundan əlavə, sərəncamda ABŞ-dəki bu qrupların tamamilə məhv edilməsini təmin etməyin prioritet olduğu göstərilir.
Meksikanın transmilli cinayətkar təşkilatları ABŞ üçün ən böyük narkotik təhdidləri yaradır və faktiki olaraq onlara hüquq çərçivəsində meydan oxumaq mümkün deyil".
Musavat.com xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, ABŞ-da Meksika kartelləri üçün təsir sahələri genişdir və onlar görüləcək tədbirlərdən yayınmaq üçün müxtəlif hücrələrdə fəaliyyətlərini davam etdirirlər:
"Məsələ burasındadır ki, Trampın Meksika kartellərinə qarşı elan etdiyi "müharibə" onun başqa məqsədlərini də ifadə edir.
1. Tramp əslində Meksika kartelləri ilə bağlı olduğu aşkar ediləcək qanuni biznesləri mühakimə etmək üçün qapılar açmaqda maraqlıdır. Burada bir sual yaranır? Görəsən, Trampın rəqib hesab etdiyi hansı milyarder və ya milyoner Meksika kartelləri ilə əlaqədədir?
2. Üstəlik, bu qrupların xarici terror təşkilatları kimi tanınması son nəticədə Meksikada və ya oxşar qrupların fəaliyyət göstərdiyi digər ölkələrdəki hədəflərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün istifadə edilə bilər.
Tramp Meksika kartellərinə qarşı davamlı qətiyyət göstərsə, ABŞ daxilində atışmalar, ölümlər çoxala bilər. Ancaq məsələnin daha maraqlı tərəfi, daha dəqiq desəm, Azərbaycan üçün də diqqət tələb edən tərəfləri də olmamış deyil.
Çünki Meksika mafiyasının ABŞ-də erməni cinayətkar dəstələri ilə əlaqələrinin olması barədə məlumatların əhatəsi mövcuddur.
Ehtimalıma əsasən, ABŞ-dəki Meksika kartelləri ilə əlaqədar olan erməni cinayətkar dəstələri, o cümlədən beynəlxalq əlaqələri olan "Erməni Gücü" mafiya qrupu Trampın qərarlarından zərbə ala bilər.
Bu baş versə, ehtimalla, erməni cinayətkar şəbəkələri erməni lobbisinin maliyyələşməsi sxemində iştirak edir, əgər onlar zərbə alsa, erməni lobbisi iflasa uğrayaraq ABŞ ictimai-siyasi dairələrində zəif duruma düşəcək. Deməli, Trampın kartellərə qarşı savaşının Azərbaycan üçün xeyirli tərəfləri də var və Bakı yəqin ki, bununla əlaqədar prosesləri prioritet kimi olmasa da, diqqətdə saxlayacaq".
Xalidə Gəray
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ