Onlayn ictimai-siyasi qəzet
Donald Tramp yanvarın 20-də prezident kimi and içdikdən sonra Ağ Evdə 4 il davam edəcək fəaliyyətə başladı. Məlumdur ki, \Azərbaycanın Tramp dövrü ilə bağlı gözləntiləri var.
“Yeni Müsavat” yada salır ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Trampa zəng edib və onu prezident seçilməsi münasibətilə təbrik edib. Bundan başqa, İlham Əliyev yerli telekanallara müsahibəsində də ABŞ-da dövlət başçısının dəyişməsindən sonra Azərbaycan-Amerika münasibətlərinin fəallaşmasına ümid etdiyini deyib: “Tramp hakimiyyətə tamamilə yeni gündəmlə gəlir, onun ilk dönəmində ABŞ-Azərbaycan münasibətlərində heç bir problem olmayıb. Klinton və Corc Buş (kiçik) administrasiyalarında ABŞ-la ciddi əməkdaşlığın təməlini qoyduq. Bu, Trampın dövründə də davam etdi”. Prezidentin fikrincə, “Trampın bəyanatlarında çox dəqiq və aydın siqnallar var və Azərbaycan ictimaiyyəti onların əksəriyyətini bölüşür”.
“Co Bayden administrasiyasından fərqli olaraq, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Cənubi Qafqaza, xüsusən də regionun aparıcı iqtisadiyyatı olan Azərbaycanla əməkdaşlığa dair spesifik, düşünülmüş və praqmatik siyasəti var”, - amerikalı siyasətçi, Nyu-Yorkun 45-ci Assambleya dairəsində Respublikaçılar Partiyasının lideri Boris Pinkus Haqqin.az-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, Bayden administrasiyasının xarici siyasət kursunun xarakterik xüsusiyyətlərindən biri Cənubi Qafqazda düşünülmüş siyasətinin olmaması idi: “Amma Tramp ağlabatan və uzaqgörən bir insan kimi qlobal proseslərə ilk növbədə ABŞ-ın iqtisadi maraqları prizmasından baxır və yalnız bundan sonra diqqətli siyasət yönəldir. Bu yanaşma Cənubi Qafqazda əsas oyunçu kimi ABŞ-ın Azərbaycanla əməkdaşlığı üçün gözəl perspektivlər açır. Tramp çox gözəl anlayır ki, Azərbaycanı mühüm edən təkcə bu ölkənin enerji resursları deyil, həm də geniş logistik imkanlar, nəqliyyat və tranzit infrastrukturu, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxışı, İranla sərhədi və digər amillərdir. Təcrübəli iş adamı kimi Tramp qarşılıqlı faydalı münasibətlər qurmağı bilir. Tez-tez bu tezisi təkrarlayır: "Əgər mənə kömək etsən, mən də sənə mütləq kömək edərəm". Hesab edirəm ki, ABŞ-ın yeni seçilmiş prezidentinin bu həyat kredosu fundamental xarakter daşıyır..."
“Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır. Fikrimcə, Tramp administrasiyasında məhz belə bir anlayış hakim olacaq”. Caliber.az-ın məlumatına görə, Harvard Universitetinin teologiya üzrə magistratura məzunu, politoloq Dmitri Radışevski belə deyib. Politoloqun proqnozuna görə, Tramp və onun komandası Azərbaycanı Türkiyə və İsrail arasında vasitəçilik etməkdə dəstəkləyə bilər. İrəvanla sülh anlaşmasının imzalanmasına gəlincə, politoloq əmindir ki, Tramp Ermənistanın Türkiyə və Azərbaycanla möhkəm sülh bağlamasını istəyir. “ABŞ-ın yeni lideri eyni zamanda Ermənistanın İrana deyil, Türkiyə və Azərbaycana yönəlməsini istəyir. Və əlbəttə, Trampın komandası istəyir ki, ermənilər öz ideologiyalarında revanşizmdən tamamən imtina etsinlər”.
Azərbaycanlı analitiklər nə gözləyirlər, Trampın Bakı ilə münasibətləri necə olacaq?
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqladı ki, Trampın edəcəklərini indidən inqilab kimi qiymətləndirənlər var: “O, 2017-2021-ci illərdə hakimiyyətdə olarkən, ilk gündə bir sərəncam imzalamışdı, Bayden isə prezident vəzifəsinə başladığı ilk gün 17 sənədə qol çəkmişdi. Bu dəfə isə Tramp 100-ə yaxın sənədi ləğv edəcəyini bəyan edib və dediyini də etməyə başlayıb. Bu da ondan xəbər verir ki, Trampın siyasəti Baydendən kəskin fərqlənəcək. Eyni zamanda andiçmə mərasimində səsləndirdiyi bəyanatlarla sülhpərvər qalacağını bildirir. Həmçinin Cənubi Qafqazda sülh prosesinə dəstək verəcəyi gözlənilir. Cənab prezident hələ Şuşa Forumunda qeyd etmişdi ki, Trampın ilk prezidentliyi dövründə əlaqələr yüksək səviyyədə olub, enerji təhlükəsizliyi, qlobal sülhə dəstək və beynəlxalq terrorizmlə mübarizədə mövqelərimiz üst-üstə düşüb. Ona görə də Trampın bundan sonra atacağı addımlar əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”. Deputat qeyd etdi ki, onun Bayden administrasiyası kimi erməni diasporuna ehtiyacı yoxdur: “Özünün milyarder olması göstərir ki, erməni lobbisinin bir sentinə də möhtac deyil. Tramp əvvəlki prezident kimi erməni diasporundan asılı olmayacaq. Üstəlik, onun ətrafında İlon Mask kimi milyarderlər var. Bu da Ağ Evin yeni rəhbərinə müstəqil və xarizmatik siyasət yürütməyə imkan verəcək”. Prezidentin son müsahibəsində ABŞ-Azərbaycan münasibətlərinin Tramp dönəmində strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyi ilə bağlı gözləntilərini şərh edən E.Nəsirov bildirdi ki, bunun üçün tərəflər arasında geniş əməkdaşlıq potensialı var: “Strateji tərəfdaşlıq isə münasibətlərin o səviyyəsidir ki, ortaq mövqedən çıxış edilir. Bunun üçün imkanlar böyükdür. Trampın birinci prezidentliyi dövründə Azərbaycana yanaşmasını yada salsaq, bu perspektivin olduğunu müşahidə etmək olar”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova Trampın ölkələrin daxili işlərinə qarışmayacağını gözləyir. Onun sözlərinə görə, Respublikaçılar diqqəti ABŞ-ın öz problemlərinə ayıracaqlar: “Həmin məsələləri Tramp çıxışında açıqladı. Onun nəhəng ideyaları və planları var. Azərbaycana gəldikdə, bu 4 il ərzində Konqresdən bədnam qətnamələr, qanun layihələri gözləmirəm. Respublikaçılar Senata seçkiləri də udublar. O baxımdan, ABŞ-Azərbaycan münasibətləri inkişafda olacaq. Təbii ki, Ermənistanla da imzalanmış xartiya var. Bunu da nəzərə almalıyıq. Biz Trampdan sülh sənədinin imzalanması və Zəngəzur dəhlizinin açılması prosesinə ildırımsürətli dəstək verməsini gözləyirik. İndiki halda, İrəvana təzyiq edib-etməyəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Cənubi Qafqaz onun siyahısında ön sıralarda deyil”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ