Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin nümayəndəsi, Corciya ştatından olan respublikaçı konqresmen Erl “Baddi” Karter prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb və konqresmenin Nobel Komitəsinə ünvanladığı məktubun surətini dərc edib.
Məktubda deyilir ki, Tramp İsraillə İran arasında silahlı münaqişənin dayandırılmasında, tərəflər arasında atəşkəsin əldə olunmasında və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında “fövqəladə və tarixi rol” oynayıb.
“Prezident Trampın mesajı qarşılıqlı hörmətə və sülhə əsaslanır. O, hərbi əməliyyatların tam dayandırılmasına, gərginliyin artmamasına və Yaxın Şərqdə on minlərlə, bəlkə də milyonlarla insan həyatının qorunmasına xidmət edir”, – deyə Karter məktubunda qeyd edib.
Konqresmenin sözlərinə görə, Trampın İranın nüvə proqramını durdurmaq üçün gördüyü tədbirlər və regionda mümkün genişmiqyaslı müharibənin qarşısını alması Nobel Komitəsinin diqqətə almalı olduğu amillərdir:
“O, dünyanın ən böyük terror sponsoru olan bir ölkənin planetin ən öldürücü silahını əldə etməsinin qarşısını aldı. Bu, Nobel sülh ideallarına tam uyğundur”.
Donald Tramp isə sosial şəbəkədə yayımladığı açıqlamasında bildirib:
“Bütün nüvə obyektlərini və imkanlarını məhv edib savaşı dayandırmaq – bu mənim üçün böyük şərəf oldu!”
Qeyd edək ki, Nobel Sülh Mükafatına namizədliyi yalnız Nobel Komitəsi tərəfindən təsdiqləndikdən sonra rəsmi status alır. Lakin Trampın bu addımı həm daxili, həm də beynəlxalq səviyyədə rezonans doğurub.
Musavat.com
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ