Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoffun ötən həftəsonu Moskvadan birbaşa Bakıya uçması haqda məlumat verilib. Bu haqda Azərbaycan mediası və Rusiya KİV-i də yazıb.
“The Jerusalem Post” bunu İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görür. Nəşr xatırladır ki, İsrailin Baş Naziri Benyamin Netanyahu Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin ABŞ lideri Donald Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib. İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də Netanyahunun Knessetdə ölkələr arasında üçtərəfli (ABŞ-İsrail-Azərbaycan) tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses vüsət alıb.
Bu arada yüksək rütbəli ravvinlərin prezident Trampa “Avraam (İbrahim) müqaviləsi”nin genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Belə bir önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktubun Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərdiyi deyilir. Təxminən iki ay əvvəl isə Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc edib. Bu, Amerika və İsrail mediasında böyük diqqətə layiq görülüb və cari səfərə xüsusi məna yükləyib.
Uitkoffun Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada mühüm rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirib. Qəzet məqalənin sonunda bildirir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir. İsrail mediasındakı bu məqalə bir daha onu göstərir ki, Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacarır. Heç şübhəsiz, bu, Azərbaycanın xarici siyasət kursunun uğurundan xəbər verir.
Bu uğurun və ya səylərin davamı konkret nə ola bilər? Tramp komandası Bakıya konkret nəyin siqnalını və ya mesajını verir?
Yeri gəlmişkən, Prezident İlham Əliyev “Avronyus” telekanalına müsahibəsində deyib ki, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik: “Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.
“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri (Hikmət Hacıyev Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiridir) cənab Hikmət Hacıyevlə danışdım”. Bu sözləri isə ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sosial şəbəkə hesabında yazıb. “Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona (Hikmət Hacıyevə - red.) dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, - o qeyd edib.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin qəzetimizə bildirdiyinə görə, Trampın xüsusi nümayəndəsinin Bakıya səfəri haqda media resurslarında informasiyalar olsa da, heç bir rəsmi xəbər yayılmayıb. Bununla belə, Q.Hüseynli istisna etmir ki, ABŞ-İsrail-Azərbaycan üçbucağının qurulması üçün əlverişli imkanlar və potensial var. “Son dövrlərdə prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfərlərini də bu təmaslara və bəyanatlara əlavə etsək, yeni bir strateji müttəfiqlik fürsəti yarandığını söyləmək mümkündür. Əlbəttə ki, bu, Azərbaycan üçün mühüm və tarixi hadisə olardı. Və belə bir perspektiv Tramp Amerikası dövründə görünməkdədir”, - deyə professor belə şərh edib. Onun fikrincə, hələlik Tramp regionumuz haqda danışmayıb, lakin İsrailin Azərbaycan üçün səy göstərdiyi hiss olunur.
Q.Hüseynli hesab edir ki, Bakı çoxvektorlu və praqmatik xarici siyasət yürüdür: “Azərbaycan Rusiya ilə müttəfiqliyə dair bəyannamə imzalayıb, İranla əsasən ticarət, logistika sahəsində əməkdaşlığı genişləndirir, Avropa Birliyi ən çox ticarət dövriyyəmiz olan qütbdür, ABŞ-la tərəfdaşlıq əlaqələri var hərgah Bayden dövründə korlanıb, yəni Azərbaycan geopolitik qarşıdurmaların olduğu, bir-birinə kəskin mövqedə dayanan güclərlə dostluğa, əməkdaşlığa söykənən siyasət həyata keçirir. Bu mənada, ABŞ-la əlaqələrə yenidən baxılması qaçılmazdır. Rəsmi Bakı belə bir müttəfiqlik sazişinə hazırdır. İsraildə gedən müzakirələrdən görünür ki, yəhudi dövləti də bizə dəstək verməkdədir, qalır Vaşinqtonun rəyi. Zənnimcə, bu istiqamətdə aparılan danışıqların yaxın dövrdə müsbət nəticələrinə şahid olacağıq”.
Azərbaycan Prezidentinin Trampdan gözləntilərini yada salan politoloqun sözlərinə görə, ABŞ-Rusiya dialoqunun bərpası da Bakı-Vaşinqton münasibətlərində inkişaf üçün tətikləyici faktor ola bilər: “Bəzi analitiklər bu yaxınlaşmanın mənfi təsirlərini qeyd edirlər. Onlara görə, iki keçmiş həmsədr ölkə Qarabağdan getmiş ermənilərlə bağlı yeni proses başlada və Azərbaycana təzyiq göstərə bilər. Lakin mən bunu istisna edirəm. Əvvəla, ermənilər geri qayıtmaq istəmirlər. İkincisi, rəsmi İrəvan da bu məsələni gündəliyə çıxarmır. Üçüncüsü, regionda Türkiyə var və Şuşa Bəyannaməsi imzalanıb. Bu səbəbdən, ABŞ və Rusiya münasibətlərində yeni mərhələnin başlanmasının Azərbaycan üçün zərər deyil, yaxşı tərəflərini görməyə çalışıram. Xüsusən də bu məsələdə dost İsrailin müstəsna rolu varsa, o zaman prosesə pozitiv yanaşmalıyıq. Fikrimcə, İsraildən verilən son rəsmi bəyanatlar təsadüfi deyil və olduqca ciddi danışıqlardan xəbər verir. Eyni zamanda Trampın müşavirinin cənab Hikmət Hacıyevə zəngi bu prosesdə olduqca mühüm detaldır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ