Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycanda futbol bayramıdır. Milyonların qəlblərinin döyüntüsünə çevrilən “Qarabağ”ımız Çempionlar Liqasının Liqa Mərhələsinin dördüncü oyununa çıxır. Əfsanəvi məşqçimiz Qurban Qurbanovun hədəfi birdir və hər kəsə aydındır, yalnız və yalnız qələbə və ya heç-heçə...
Rəqib “Çelsi”dir. Adı kifayət edir. Hazırda klublararası dünya çempionatının qalibi olan ingilis klubu həm də dünya çempionudur. Vəsaiti 24 milyon olan “Qarabağ” 1.14 milyardlıq nəhəng klubun qarşısında necə oyun sərgiləyəcək, qələbənin yollarına necə baş vuracaq, azarkeşləri necə sevindirəcək, bu suallar hər kəsi maraqlandırır...
Məlumat üçün bildirək ki, “Qarabağ” hazırda rəqibi ilə turnir cədvəlində qonşudur. Ləqəbi “məmurlar” olan ingilis klubi 6 xalla 13-cü, eyni xala malik Ağdam təmsilçimiz isə 15-cidir.
Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Musavat.com-a bildirib ki, bugünkü oyun hər iki komanda üçün çox önəmlidir:
“Turnir cədvəli baxımından keçid oyunlardan biridir, yəni dördüncü oyundur. Bu oyun da demək olar ki, ekvatorun tam xəttinə gəlib çatır. Burada qazanılan hər bir xal həm ümiddir, həm də səkkizliyə düşmək üçün bir şansdır. Bu gün bizi olduqca maraqlı oyun gözləyir. Kağız üzərində “Çelsi” “Qarabağ”dan qabaqdadır, komanda, futbolçu, səviyyə, keyfiyyət və ad olaraq. Amma futbolda ad və ulduzlar yığını qələbə deyil.
“Qarabağ”ın Çempionlar Liqasında keçirdiyi oyunlar bizə çox ümid verir. 2017-ci illə indiki zaman arasında çox böyük fərqlər var, həm “Çelsi”də, həm də “Qarabağ”da. Əgər 8 il öncə ingilis klubunda ulduzlar daha çox idisə, indi belə deyil. Ulduz oyunçular azdır. Kollektiv şəkildə məşqçi işi görünən bir komadadır.
Düşünürəm ki, istənilən halda “Qarabağ” evdə oynayır və azarkeşləri sevindirmək istəyəcək. Unutmayaq ki, “Çelsi”nin də heyətində böyük itkilər var. Təxminən 5-6 oyunçu əsas heyətdə olmayacaq. Ancaq bu o demək deyil ki, “Çelsi” ikinci heyətlə oynayacaq. Bu klubun heyətində olanların hamısı “Çelsi”nin keyfiyyətinə uyğun oyunçulardır. Bizi çox çətin oyun gözləyir. “Qarabağ”a uğurlar arzulayıram”.
Cavanşir ABBASLI
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ