İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskinin geyimindən qıcıqlanıbmış... – AXİOS

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan görüş ətrafında yeni detallar üzə çıxıb. Axios nəşri yazır ki, Tramp Zelenskinin Ağ evdə rəsmi kostyum geyinməməsinə qəzəblənib.

Musavat.com -un Axiosa istinadən hazırladığı məlumata görə, Trampın müşavirləri Zelenskinin komandasına dəfələrlə xəbərdarlıq edərək, onun hərbi geyimdən imtina etməsinin daha hörmətli addım olacağını bildiriblər. Lakin Ukrayna lideri görüşə rəsmi kostyum əvəzinə, qara rəngli, milli simvollarla bəzədilmiş qeyri-formal geyimdə gəlib. Bu isə Ağ evdə xoş qarşılanmayıb.

Axios yazır ki, Tramp administrasiyası Zelenski ilə faydalı qazıntılarla bağlı razılaşmanı imzalamağı planlaşdırırdı, lakin görüş zamanı gərginlik daha da artıb. ABŞ rəsmilərindən biri bu barədə belə deyib:

“Ukrayna tərəfi ilə günlərlə bu razılaşma haqqında danışdıq, amma bu gün qırılma nöqtəsi oldu. Vaşinqtonda Zelenski üçün “açıq çeklər” dövrü başa çatdı, amma o, bunu hələ də başa düşmür.”

Digər tərəfdən, ukraynalı nümayəndələr də ABŞ-ın Ukraynaya qarşı sərt mövqeyindən narazı qalıblar. Axios-un yazdığına görə, Zelenski Vaşinqtonun Ukraynanın gələcəyi ilə bağlı Rusiya ilə aparılan müzakirələrdən onları kənarda saxlamasına qəzəblidir.

Görüş zamanı Trampın Ukraynanın daxili problemlərinə dair ona “məsləhət verməyə çalışması” isə Zelenskini daha da əsəbiləşdirib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb və bu, Zelenskinin Ağ evi tərk etməsi ilə nəticələnib.

ABŞ rəsmiləri iddia edirlər ki, Tramp və vitse-prezident J.D. Vensin Zelenskiyə qarşı sərt reaksiyası öncədən planlaşdırılmış bir hücum deyildi. Financial Times isə daha əvvəl bunun təşkil olunmuş bir siyasi taktika olduğunu iddia etmişdi.

Ağ evin rəsmilərindən biri bu barədə bildirib:

“Bizim planımız faydalı qazıntılarla bağlı razılaşmanı imzalamaq, bu iqtisadi tərəfdaşlığı gücləndirmək və sülhə doğru irəliləmək idi.”

Son hadisələr göstərir ki, Vaşinqton Kiyevə qarşı daha sərt yanaşma sərgiləməyə başlayıb. Tramp administrasiyası Ukraynaya əvvəlki kimi açıq dəstək vermək istəmir və daha praqmatik siyasət yürüdür. Bu isə Ukraynanın Qərb dəstəyinə olan ümidlərini sarsıda bilər.

Görüşdən sonra Zelenski ABŞ-a təşəkkür etsə də, münasibətlərin əvvəlki kimi olmadığı açıq şəkildə görünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR