İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib

Ukrayna savaşının nə vaxt sona çatacağı hələlik müəmmalıdır, çünki yaxın vaxtlarda rəsmi Kiyevin iştirakı ilə sülh danışıqlarının başlanma ehtimalı qətiyyən inandırıcı görünmür... Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinlə emissarlar üzərindən sövdələşməyə çalışır, gələcək taleyi həll edilməkdə olan Ukraynaya isə heç bir məlumat verilmir...

Ukrayna savaşının dayandırılması ətrafında qeyri-müəyyən situasiya yaranıb. Belə ki, Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra bu "savaş bataqlığı"nın ən qısa zamanda qurulacağı iddia olunurdu. Hər halda, Ağ Evin yeni sahibi Donald Tramp bu barədə hay-küylü vədlər vermişdi. Ona görə də, kollektiv Qərb daxilində bu məsələ ciddi müzakirələrə, hətta müəyyən parçalanmalara da yol açmışdı. Və üstəlik, Kremldə Rusiyanın Ukrayna savaşından daha uduşlu şərtlərlə çıxa biləcəyinə böyük ümidlər yaranmışdı.

Ancaq beynəlxalq məkanda cərəyan edən son proseslər Kremlin həmin ümidlərinin boşa çıxa biləcəyini göstərir. Hətta Ukrayna savaşının hələ bir müddət davam edə biləcəyi indi daha inandırıcı görünməyə başlayıb. Hər halda, prezident Donald Tramp Ağ Evə yerləşdikdən sonra bu barədə vədlərinə olduqca ciddi dəyişikliklər etməyə çalışır. Xüsusilə də, Ukraynanın işğal olunmuş ərazisilərinin Rusiyaya güzəştə gedilməsi ilə bağlı variant artıq demək olar ki, gündəmdən çıxarılmaq üzrədir. Və bu, Rusiya üçün ən əlverişsiz sülh şərtlərinin ön plana keçə biləcəyindən xəbər verir.

1658653216_emcode_490f0c581f8b1444a8fa88fd987c9b0c.jpg (117 KB) 

Ağ Evin yeni sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə ən qısa zamanda görüşəcəyini bəyan etsə də, indi buna o qədər də həvəsli görünmür. Halbuki, Kreml sahibi amerikalı həmkarı ilə dərhal görüşməyə hazır olduğunu artıq dəfələrlə vurğulayıb. Buna baxmayaraq, Ağ Ev sahibi birbaşa görüşdən yayınaraq, daha çox emissarlar üzərindən səhnəarxası siyasi-diplamatik təmaslara üstünlük verir. Eyni zamanda, iki prezidentin birbaşa görüşünün ən yaxşı halda, bir neçə aydan sonra reallaşa biləcəyi vurğulanır. Və bu, Ukrayna savaşının yaxın vaxtlarda sülh sazişi ilə yekunlaşmaya biləcəyini göstərir.

Bəzi ehtimallara görə, Ağ Evə yerləşdikdən sonra prezident Donald Tramp Ukrayna savaşı ətrafında yaranmış vəziyyət, eləcə də, Rusiyanın düşdüyü uğursuz durum barədə daha detallı məlumatlar almağa nail olub. Ona görə də, indi məhz həmin məlumatların əsasında qurulmuş yeni planlara görə hərəkət edir. Ağ Evin yeni sahibi Rusiyanın tezliklə daha böyük güzəştlərə məcbur qalacağına əmin görünür. Və bu baxımdan, Rusiyanın qələbəsi deyil, ağır məğlubiyyəti kimi dəyərləndirilə biləcək ciddi geri çəkilmə variantı üzrə Ukrayna savaşını dayandırmağa üstünlük verir.

Təbii ki, buna nail olarsa, prezident Donald Tramp beynəlxalq məkanda olduqca ciddi siyasi dividentlər qazana bilər. Belə ki, birincisi, kollektiv Qərb Rusiyanın ciddi şəkildə zəiflədilərək, böyük güzəştə getməsindən məmnun qalacaq. İkincisi, ABŞ həm Rusiya kimi önəmli beynəlxalq rəqibini küncə sıxışdırmış olacaq, həm Ağ Evin qlobal nüfuzunu maksimum həddə çatdıra biləcək. Və nəhayət, ABŞ-ın qlobal hegemonluq hədəfləri qarşısında Rusiya ilə yanaşı, digər rəqibləri də geri çəkilmək məcburiyyətində qalacaq.

 put-tr-zel-images.jpg (95 KB)

Maraqlıdır ki, bütün bunları nəzərə aldıqda, Kremldə Ağ Evin yeni sahibinə yönəlik mövqenin sürətlə neqativə doğru dəyişməkdə olması qətiyyən təəssüf doğurmur. Çünki Ukrayna savaşı ətrafında siyasi-diplomatik proseslər artıq Rusiyanın əleyhinə çevrilmiş kimi görünür. Ancaq bununla belə, prezident Donald Trampın öz vədlərindən imtina etməsinə baxmayaraq, Kreml Ağ Evin emissarları ilə səhnəarxası təmasları davam etdirməyə məcbur durumdadır. Və bu, Rusiyanın hazırda nə qədər həm ağır, həm də sarsıdıcı mərhələdən keçməkdə olduğunu göstərir.

Belə anlaşılır ki, hazırda prezident Donald Trampı nə Rusiyanın mövqeyi, nə də Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür. Əksinə, indi Ağ Ev sahibi üçün ilk növbədə Ukrayna savaşının birmənalı şəkildə ABŞ-ın strateji maraqlarına uyğun sona çatdırılması əsas hədəfdir. Yəni, prezident Donald Tramp ABŞ-ın Ukrayna savaşında təkbaşına qalibə çevrilməsinə çalışır. Və bu, kollektiv Qərb daxilində bəzi beynəlxalq siyasi iradə mərkəzləri ilə yanaşı, Ukraynanın hakim dairələrini də narahat edir.

Bütün bunları nəzərə aldıqda, Ağ Ev sahibinin emissarlar üzərindən yürütdüyü sülh danışıqları prosesinə rəsmi Kiyevin verəcəyi əsas reaksiyanın necə olacağı da böyük maraq doğurur. Prezident Volodimir Zelenskinin son açıqlamaları həmin reaksiyanın neqativ məzmun daşıyacağına artıq indidən şübhə yeri buraxmır. Belə ki, o, Ukraynanın ABŞ və Rusiya arasında müharibə ilə bağlı aparılan danışıqlardan kənarda saxlanılmasının "çox təhlükəli" davranış olduğunu bildirib.

put-trrr-Снимок.JPG (165 KB) 

Maraqlıdır ki, Ukrayna lideri Ağ Ev sahibinin savaşı yekunlaşdırmaq üçün yalnız Rusiya ilə təmaslar qurmasını absurd hesab edir. Onun fikrincə, bu təmaslarda yalnız ABŞ-Rusiya münasibətlər müzakirə edilmiş olsa, hər hansı iradlar üçün səbəb qalmaz. Ancaq müzakirələr Ukrayna savaşının dayandırılması üzərində aparıldığı üçün rəsmi Kiyevin kənarda buraxılması həm məntiqsiz, həm də yolverilməzdir. Və prezident Volodimir Zelenski hesab edir ki, əgər, savaşı dayandırmaq istəyirlərsə, onda Ukrayna da mütləq danışıqlar prosesinə daxil olunmalıdır.

Ukrayna lideri əmindir ki, Rusiya prezidenti Vladimir Putinin savaşın dayandırılması üçün daha detallı danışıqlara başlamaq və ya güzəştlərə getmək kimi niyyəti yoxdur. Onun fikrincə, Ağ Evin yeni sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına tələsməyə məcbur edə bilər. Ancaq buna nail olmaq üçün ABŞ ilk növbədə həm Ukrayna ordusuna dəstəyi davam etdirərək artırmalıdır, həm də Rusiyanın enerji və bank sisteminə daha ağır sanksiyalar tətbiq etməlidir. Və prezident Volodimir Zelenski Ağ Ev sahibini rusiyalı həmkarı ilə səhnəarxası danışıqlar aparmaq əvəzinə məhz belə həlledici səviyyədə təsirli addımlar atmağa çağırıb.

Göründüyü kimi, Ukrayna savaşının nə vaxt sona çatacağı hələlik qeyri-müəyyən xarakter daşıyır. Üstəlik, yaxın vaxtlarda sülh danışıqlarının başlanma ehtimalı da qətiyyən inandırıcı görünmür. Çünki hazırda ABŞ və Rusiya arasında səhnə arxası "siyasi bazarlıq" davam edir. Ona görə də, Ukraynanın gələcək taleyini həll edə biləcək bu prosesdə rəsmi Kiyevə masa arxasında ehtiyac duyulmayıb. Və bu, onu göstərir ki, savaşı yalnız öz xeyrinə yekunlaşdırmaq niyyətində olan ABŞ üçün Ukrayna hazırda sadəcə, "siyasi bazarlıq" predmeti rolunu oynayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR