İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putini kapitulyasiyaya hazırlayır: ABŞ-ın təkbaşına qələbə, Rusiya və Ukraynanın isə ortaq məğlubiyyət planı qurulub

Ağ Evə nə Kremlin, nə də rəsmi Kiyevin mənafeləri və ya sülh şərtləri qətiyyən maraqlı deyil, Tramp adminstrasiyasının əsas hədəfi Ukrayna savaşında yalnız ABŞ-ın təkbaşına qalib ünvanı qazanmasından ibarətdir... Çünki bu halda, Ağ Ev öz qlobal hegemonluğunu bütün dünyaya qəbul etdirmək üçün yeni manevr məkanı aça bilər, ona görə də, Tramp adminstrasiyası Ukrayna savaşından ABŞ-a qismət olacaq siyasi-strateji qənimətlərə əlavə şərik istəmir...

Ukrayna savaşının dayandırılması ilə bağlı cəhdlər hələlik real nəticələrdən çox-çox uzaqdır. Belə ki, ABŞ prezidenti Donald Trampın bu hərbi-siyasi böhranın həlli ilə bağlı vədləri artıq aktual deyil. Hər halda, Ağ Evin yeni sahibinin vədləri hazırda əvvəlki məzmunundan uzaqlaşıb. Üstəlik, prezident Donald Trampın Ukrayna siyasəti də ciddi şəkildə dəyişməyə başlayıb. Və bu baxımdan, Ukrayna savaşı ətrafında yeni situasiyanın yaranmaqda olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evin yeni sahibi oyun qaydalarını tamamilə əks istiqamətdə dəyişməyə üstünlük verir. Xüsusilə də, onun "Rusiyanın qüruru" ilə bağlı dedikləri hətta Kremldə belə unudulmaq üzrədir. Çünki indi ABŞ və Qərbi "Rusiyanın qüruru" və yaxud da qlobal mövqeyi qətiyyən düşündürmür. Hazırda ABŞ və Qərb Rusiyanın məğlub olmaq ehtimalının gücləndiyini daha realist yanaşma ilə dəyərlındirir. Və belə situasiyanın yaranması Rusiya üçün daha ağır mərhələnin hələ irəlidə olduğunu göstərir.

put-trrr-Снимок.JPG (165 KB)

Prezident Donald Tramp hazırda Kreml sahibi Vladimir Putin ilə birbaşa görüşməyə də həvəsli deyil. Hələlik o, belə bir görüşün ən yaxşı halda, yaxın aylarda ola biləcəyini vurğulamaqla, kifayətlənir. Halbuki, prezident Vladimir Putin Ağ Evin sahibi ilə ən qısa zamanda görüşməyə hazır olduğunu artıq dəfələrlə bəyan edib. Belə anlaşılır ki, Kreml sahibi Rusiyanın düşdüyü ağır situasiya ucbatından açıq-aşkar tələssə də, prezident Donald Trampa onun görüş hələlik lazım deyil. Və bu səbəbdən də, Ağ Ev sahibi müxtəlif manevrlər ilə görüşdən yayınaraq, əlavə zaman qazanmağa üstünlük verir.

Məsələ ondadır ki, Ağ Ev sahibi Rusiya lideri ilə emissarlar üzərindən səhnə arxası təmasları indiki mərhələ üçün tamamilə yetərli hesab edir. Çünki Ukrayna savaşı uzandıqca, Rusiyanın daha da zəifləyərək, aciz duruma düşməkdə olduğu inkaredilməz reallıqdır. Yəni, prezident Donald Tramp Kreml sahibi Vladimir Putin ilə təmas məsafəsini qorumaqla, Rusiyanı sürətlə məğlubiyyətə doğru sürükləmək niyyətində olduğunu biruzə verir. Və bu, o deməkdir ki, Ağ Evin yeni sahibi məqsədyönlü şəkildə Rusiyanı gələcək kapitulyasiyaya hazırlayır.

Maraqlıdır ki, prezident Donald Tramp Rusiya lideri Vladimir Putin ilə səhnə arxası təmasların mövcud olduğunu etiraf edib. Onun fikrincə, bu təmaslar Ukrayna savaşının dayandırılması istiqamətində önəmli addımların atılmasına münbit şərait yarada bilər. O, bildirib ki, həm ABŞ, həm də Rusiya Ukrayna savaşının sona çatdırılmasını istəyir. Ona görə də, bu hərbi-siyasi böhranın həlli ilə bağlı səhnə arxası müzakirələr olduqca intensiv xarakter daşıyır. Ağ Evin yeni sahibi Donald Tramp prezident Vladimir Putin ilə ehtimal olunan birbaşa görüş barədə isə ümumiyyətlə, danışmağa hələlik ehtiyac duymur. Və hətta iki prezident arasında telefon danışığının reallaşdırılmasına da xüsusi cəhdlər göstərilmir.

374384596.jpg (110 KB)

Təbii ki, bütün bunlar Ağ Evin Kremli daha çox yorub əldən salmağa çalışdığını düşünməyə əsas verir. Çünki bəzi məlumatlara görə, Rusiya iqtisadiyyatı hazırda iflas mərhələsinə doğru yaxınlaşmağa başlayıb. Rusiya hərbi-sənaye kompleksinin isə tezliklə istehsal potensialından məhrum ola biləcəyi iddia olunur. Ona görə də, vaxtın uzadılması Kremlin daha çox seytnota düşməsi məqsədilə seçilmiş manevr də hesab oluna bilər. Və bu baxımdan, Rusiyanın Ukrayna savaşının dayandırılması üçün öz sülh şərtlərini irəli sürməsinə imkan veriləcəyi indi böyük şübhə doğurur.

Onu da qeyd etmək lazımdır ki, indiki situasiya və Tramp administrasiyasının davranışları, tam olmasa da, hər halda, rəsmi Kiyevi məmnun edir. Çünki prezident Donald Tramp seçki ərəfəsində Ukraynanın qurban verilə biləcəyinə yönəlik açıqlamalarla diqqəti çəkirdi. İndi isə Tramp adminstrasiyası Rusiyanı yeni sanksiyalarla təhdid etməyə başlayıb. Buna paralel olaraq, Ağ Ev Ukraynaya hərbi dəstəyin bərpa oluna biləcəyinə yönəlik mesajlar da verir. Və belə situasiyada sülh masasında Ukraynanın təxmin ediləndən daha güclü ola biləcəyi qətiyyən istisna deyil.

Bütün bunları nəzərə aldıqda, prezident Volodimir Zelenskinin indi sülh prosesi barədə daha pozitiv məzmunda danışması o qədər də gözlənilməz deyil. Belə ki, Ukrayna prezidenti sülh danışıqlarının tezliklə başlayacağına ümid etdiyini gizlətməyib. O, bildirib ki, sülh masası arxasında Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyini görmək istəyir. Onun fikrincə, Rusiya ilə indikindən daha fərqli formatda danışmağın vaxtı artıq çatıb. Və bu, dünyanın, eləcə də, Avropanın gələcək taleyi baxımından, həm daha ədalətli, həm də effektiv ola bilər.

_methode_times_prod_web_bin_642e7560-fead-40a3-9549-ad87b7244291.jpg (65 KB)

Ancaq prezident Volodimir Zelenski ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılmasına yönəlik səhnə arxası danışıqlardan qətiyyən məmnun deyil. Onun fikrincə, rəsmi Kiyevin iştirakı olmadan Ukraynanın gələcək taleyini həll etməyə çalışmaq doğru yanaşma deyil. Ona görə də, prezident Volodimir Zelenski hesab edir ki, Ağ Evin yeni sahibi yalnız Rusiya ilə deyil, həm də Ukraynayla da sülh planını müzakirə etməlidir. Və əks halda, indiki müzakirə formatında effektiv nəticələrə nail olmaq mümkün olmayacaq.

Ancaq baş verənlər ondan xəbər verir ki, Ağ Evdə prezident Volodimir Zelenskidən fərqli düşünürlər. Çünki Ağ Evə nə Rusiyanın, nə də Ukraynanın mənafeləri və ya şərtləri qətiyyən maraqlı deyil. Tramp adminstrasiyasının əsas hədəfi Ukrayna savaşında yalnız ABŞ-ın təkbaşına qalib ünvanı qazanmasından ibarətdir. Çünki yalnız bu halda, Ağ Ev ABŞ-ın qlobal hegemonluğunu bütün dünyaya qəbul etdirmək üçün yeni manevr məkanı aça bilər. Və bu baxımdan, Ağ Ev Ukrayna savaşının ABŞ-a qismət olacaq qlobal siyasi qənimətlərinə əlavə şərik istəmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR