Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda Vaşinqton yaxınlığında keçirilən CPAC (Mühafizəkar Siyasi Fəaliyyət Konfransı) çərçivəsində görüşüblər.
Musavat.com Polşa mediasına istinadla bildirir ki, bu görüş əvvəlcədən planlaşdırıldığı kimi baş tutmayıb. Bir saat davam etməli olan görüş cəmi bir neçə dəqiqə çəkib.
Polşa mətbuatının məlumatına görə, görüş təxminən bir saat gecikib. RMF24 portalının yazdığına görə, bunun nəticəsində əvvəlcədən planlaşdırılan bir saatlıq görüş cəmi bir neçə dəqiqəlik qısa müzakirə ilə yekunlaşıb.
Gözlənilməz gecikmə və qısa görüş sosial şəbəkələrdə müzakirələrə səbəb olub. X platformasında yayılan videolarda Polşa nümayəndə heyətinin Trampı gözlədiyi, Dudanın isə narahat şəkildə dəhlizdə gəzib-dolaşdığı görünür.
Ağ Evin qısa açıqlamasında bildirilir ki, Tramp və Duda “yaxın müttəfiqlik” münasibətlərini müzakirə ediblər və Tramp Polşanın müdafiə xərclərini artırmaq siyasətini alqışlayıb.
Polşa prezident administrasiyası isə görüşdə Polşa-ABŞ əməkdaşlığının və Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas müzakirə mövzusu olduğunu bildirib.
Görüşün gözlənildiyindən daha qısa olması və konkret qərarların açıqlanmaması Trampın Avropadakı siyasəti ilə bağlı yeni suallar doğurur. ABŞ prezidenti NATO və Avropa təhlükəsizliyi ilə bağlı mövqeyində qeyri-müəyyənliyi davam etdirir.
@@TVmusavat/109030@@
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ