Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllini prioritet hesab etdiyini bildirib.
Livittin sözlərinə görə, Tramp hər iki tərəfi bir masa arxasında birləşdirməyə çağırıb və bu çağırış həm açıq, həm də şəxsi formada səsləndirilib.
Ağ Ev rəsmisi qeyd edib ki, gələn həftə İstanbulda keçirilməsi planlaşdırılan birbaşa danışıqların baş tutacağına inanırlar:
“Prezident əvvəldən açıq şəkildə bəyan edib ki, bu münaqişə döyüş meydanında deyil, danışıqlar masasında həll olunmalıdır. İki tərəfi də buna çağırıb. Gələn həftə keçiriləcək görüşün bu yöndə irəliləyiş olacağına ümid edirik.”
Livitt əlavə edib ki, hazırda ABŞ-ın danışıqlarda iştirak edəcək xüsusi nümayəndə göndərib-göndərməyəcəyi barədə qərar verilməyib:
“Hazırda Prezidentin bu istiqamətdə bir planı barədə məlumatım yoxdur. Əgər bu barədə qərar verilərsə, əlavə məlumat verəcəyik.”
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ