İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp da bax bunu sübut etməyə çalışır" - Azərbaycan deputatından ABŞ prezidentinə DƏSTƏK YAZISI

ABŞ-ın BMT-dən tamamən çıxması barədə Respublikaçı senatorların hazırladığı və təqdim etdiyi qanun layihəsi heç şübhəsiz, gündəmi ciddi şəkildə silkələyən, qlobal sferada bütün daşları yerindən oynadan bir hadisədir. Üstəlik, nəzərə alsaq ki, təyinat və struktur etibarilə BMT nə ÜST-dir, nə Avropa Şurası, nə də bir başqası, o zaman məlum addımın təsir və nəticələrini də indidən təxmin etmək olar.

Əlbət, Trampın öz həqiqətləri, proseslərə baxış bucağı var və böyük ehtimalla onun əsas “alibi”-si BMT də daxil olmaqla beynəlxalq təşkilatların dünya siyasətində (ələlxüsus da son dövrlər) oynadığı mənasız, passiv, bəzənsə provokativ roldur. Eyni zamanda ABŞ dövlət başçısının əsas məramı və məqsədi odur ki, sülhün və təhlükəsizliyin mövcudluğuna birbaşa cavabdeh olan qurumların fəaliyyətsizliyini ifşa etsin.
***
Rusiya-Ukrayna müharibəsi əsasən kimin təhriki və təşviqi ilə başlamışdı? Bayden və Consonun. İndi hardadır onlar? Öz işlərinin-güclərinin dalında. Və ya siyasi kontekstdən baxsaq – məchullarda. Yaxşı bəs belə olan halda kim qorumalı idi, Ukraynanı? Təbii, beynəlxalq təşkilatlar. Amma qorudumu? Üzdə hə. Reallıqda isə yox. Hətta qorumaq bir yana qalsın, məhz NATO-ya, daha dəqiqi NATO-ya üzvlüyə görə başladılan savaşın tən ortasında məlum oldu ki, bu qurum demək olar, Ukraynadan başqa ətraf dövlətlərin hamısını öz sıralarına qoşmağa hazırdır. Tramp da bax bunu sübut etməyə çalışır. Sadəcə praktik dildə.

O, bəlkə də sərt, fəqət açıq formada anladır ki, millətlərin, xalqların taleyi əgər sadəcə onların mənsub olduğu dövlətlərin və liderlərin gücündən, strategiyasından, əzmindən asılıdırsa, o zaman bu qədər maliyyə və resurs sərf etdiyimiz təşkilatların varlığına nə hacət var?

Və ya: bir ovuc boyda Ermənistana 4 qeyd-şərtsiz qətnaməni icra etdirə bilməyən, pandemiya dövründə ciddi panika yaşayan və qərarsız qalan, Ukraynanı uzaqdan-uzağa belə qucaqlamağa qorxan, nüvə silahını bəhanə edərək yarı yoldan geri çəkilən, öz nizamnaməsi, öz bəyannaməsi, öz konfransının qərarı (1975-ci il, Helsinki Yekun Aktı) ilə ana prinsiplərini müəyyənləşdirdiyi beynəlxaq hüququ hamıdan əvvəl tapdalayan, əzən, urvatsızlaşdıran təşkilat gerçəkdən də kimə lazımdır?!
***
Tramp deyir ki, verdiyim pulla BMT-nin ixtisaslaşmış, törəmə təşkilatları “tiran platforması” yaradaraq mənim özümü vurur. Pul da nə pul. BMT büdcəsinin nə az-nə çox, düz 70 faizi.

İndi kisənin ağzını bağlayacaq və bununla da başı 70 faiz daha az ağrayacaq. Məntiqli deyilmi?!

O əvvəlki dövr idi – nəyin bahasına olursa olsun, beynəlxalq təşkilatlarda təmsilçilik – qlobal platformalarda mütləq iştirakçılıq – ay nə bilim, “tribuna üçün məcburam, sözümü demək üçün dözürəm” bəhanəsi, filan-falan, sair, ilaxır - yoxdur artıq belə şey!

Hazırki proseslər və prosesdaxili münasibətlər: “kimin məndən xoşu gəlmirsə, mənim ondan dünəndən xoşum gəlmir” prinsipi ilə dövr edir, formalaşır, komplektləşir. Ya da tam tərsi.

Odur ki, kimsə Donald müəllimi qınamasın.

Kişi nə edirsə, düz edir. Hətta az edir.

904b5cc4acf27aaac2ec8ddc169800f7.jpg (46 KB)

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR