Onlayn ictimai-siyasi qəzet
Ağ Ev administrasiyası tarif danışıqlarında ABŞ-ın ticarət tərəfdaşlarından Çinlə bağlı məhdudiyyətlərə əməl olunması tələbini qoyacaq.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən "The Wall Street Journal" yayıb.
Bildirilir ki, məqsəd ABŞ-ın ticarət tərəfdaşlarını Ağ Evin tətbiq etdiyi ticarət və tarif maneələrini azaltmaq müqabilində Çin iqtisadiyyatını təcrid etmək öhdəliyi götürməyə razı salmaqdır.
Qəzet qeyd edir ki, 70-dən çox ölkə ilə danışıqlar aparan Amerika nümayəndələri qarşı tərəfdən Çinin öz mallarını onlar vasitəsilə ABŞ-a ixracını, habelə Amerika tariflərindən yayınmaq üçün Çin şirkətlərini öz ərazilərində yerləşdirməyi qadağan etmələrini istəyirlər.
Qeyd olunur ki, bu tədbirlər “Çinin onsuz da problemlər yaşayan iqtisadiyyatını sarsıtmaq”, Pekini danışıqlar masası arxasına oturmağa məcbur etmək və Çin sədri Si Cinpinin ABŞ prezidenti Donald Trampla potensial danışıqlarda təsir imkanlarını azaltmaq məqsədi daşıyır.
Nəşr qeyd edir ki, dəqiq tələblər hər bir konkret ölkədən asılı olaraq, onun Çin iqtisadiyyatına cəlb olunma dərəcəsini nəzərə alaraq çox dəyişə bilər.
Bu ideyanın maliyyə naziri Skott Bessentdən gəldiyi bildirilir. O, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Hindistan və Yaponiyanı bu cür sazişlərin bağlanması üçün prioritet tərəfdaşlar adlandırır.
"The Wall Street Journal" bir gün əvvəl yazmışdı ki, “Bessent müttəfiqlərinə bu ölkələrin onun əsas hədəfləri arasında olduğunu və hər birində rəsmilərlə əlaqə saxladığını” deyib.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ