Onlayn ictimai-siyasi qəzet
Alman rəsmiləri ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərt qərarlarından sonra ABŞ ilə bağlanmış milyardlarla avro dəyərindəki F-35 müqaviləsinin taleyi ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar. Berlin ABŞ ilə 8,3 milyard avroluq müqavilə çərçivəsində gələn il 35 ədəd F-35A döyüş təyyarəsi, 37 ədəd ehtiyat mühərrik və çox sayda döyüş təyyarəsi sursatı almağı planlaşdırır.
Musavat.com xəbər verir ki, alman mediasında yer alan xəbərlərə görə, rəsmilər ABŞ-ın göndərdiyi F-35A döyüş təyyarələrinə “Kill Switch” (bağlama açarı) adlı bir sistemin inteqrasiya ediləcəyindən və təyyarələri istədiyi anda deaktiv edə biləcəyindən narahatdırlar.
ABŞ-nin göndərdiyi döyüş təyyarələrini “Kill Switch” ilə istədiyi anda təsirsiz hala gətirə biləcəyi iddiası, əslində, uzun müddətdir müzakirə edilən bir mövzu idi, lakin indiyə qədər sübut olunmamışdı. Ancaq ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırması və kəşfiyyat paylaşımını kəsməsindən sonra narahatlıqlar artdı.
Münhen Təhlükəsizlik Konfransının keçmiş prezidenti Volfqanq İşinger "Bild" qəzetinə verdiyi açıqlamada: “Əgər ABŞ-nin gələcəkdə Alman F-35-lərinə Ukraynaya etdiyinin eynisini edəcəyindən narahatıqsa, o zaman müqavilənin ləğvi mövzusu gündəmə gələ bilər”, - deyib.
Telegraph qəzetində yer alan xəbərə görə, İsveçrə Müdafiə Nazirliyi ABŞ-nin F-35-ləri təsirsiz hala gətirə biləcəyi ilə bağlı xəbərləri təkzib edib və döyüş təyyarələrinin “müstəqil olaraq” istifadə edilə biləcəyini yazıb.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ