Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 2025-ci ilin fevral ayında ABŞ-dan deportasiya edilən 200-dən çox miqrant, o cümlədən Azərbaycan vətəndaşları, ağır vəziyyətdə Kosta-Rikanın Panama ilə sərhədində yerləşən ucqar bölgədə – köhnə zavod binasında yerləşdirilib.
Bu barədə məlumatı Haqqin.az saytı xarici mediaya istinadla yayıb.
Kosta-Rika hakimiyyətinin uşaqların hüquqlarını kobud şəkildə pozduğunu bildirən bir qrup hüquq müdafiəçisi ölkəni BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edib. Məlumata görə, deportasiya edilən şəxslər arasında 81 azyaşlı var və onların ən kiçiyi cəmi iki yaşındadır. Hüquq müdafiəçiləri bildirir ki, bu uşaqların heç birinə təhsil hüququ təqdim olunmayıb.
Deportasiya olunanlar arasında Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Əfqanıstan və digər ölkələrin vətəndaşları da olub. Bir hissəsi öz ölkələrinə geri dönsə də, digərləri xüsusi mərkəzə yerləşdirilib. Lakin Azərbaycan vətəndaşlarının hansı taleyi yaşadığı hələ də bəlli deyil. Rəsmi Bakı hələlik onların vəziyyəti ilə bağlı hər hansı açıqlama yaymayıb.
Hüquq müdafiəçilər bildirir ki, miqrantlar hüquqi status olmadan saxlanılır və hüquqi yardıma çıxış imkanları yoxdur. Yerli hakimiyyət deyir ki, mərkəzdən çıxmaq mümkündür – ya ölkəyə sığınacaq üçün müraciət etməli, ya da könüllü olaraq ölkəni tərk etməlidirlər. Lakin vəkillər qeyd edir ki, bir çox ailə küçələrdə qalmaq qorxusundan “CATEM” adlı mərkəzdə qalıb. Orada isə şərait qeyri-insanidir: ailələr karton üzərində yatır, yeməklər azdır və daşınan tualetlərdən sızan mayelər yaşayış sahəsinə daxil olur.
Associated Press jurnalistlərinin mərkəzə daxil olmaq cəhdləri dəfələrlə rədd edilib.
ABŞ-ın miqrasiya siyasətində sərtləşmə dalğası altında deportasiya edilənlər – o cümlədən azərbaycanlılar – hazırda hüquqsuz, qeyri-insani şəraitdə, taleləri bəlli olmadan yaşayırlar. Bu vəziyyət həm beynəlxalq insan hüquqları təşkilatlarının, həm də Azərbaycan ictimaiyyətinin diqqətini tələb edir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ