Onlayn ictimai-siyasi qəzet
Qəzza bölgəsi ilə bağlı yeni xəbərlər gəlir. Məlumata görə, İsrail bu gündən, 27 yanvardan etibarən Qəzza zolağının şimalında yaşayan sakinlərə HƏMAS ilə atəşkəs razılaşmasının icrasını bərpa etməyə başlayacaq.
Təl-Əviv Qəzza zolağı sakinlərinin sektorun şimal hissəsinə buraxılmasına başlayacağını vəd edib. Həmçinin razılaşma çərçivəsində qarşı tərəf mülki əsir Arbel Yehud daxil olmaqla, 6 israilli girovu azad edəcək.
İsraillə HƏMAS arasında yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasından bəri iki mübadilə baş verib: yeddi israilli girovun azad edilməsinə cavab olaraq İsrail yüzlərlə fələstinli məhbusu, o cümlədən qətl və terrorizmdə təqsirli bilinənləri həbsdən azad edib.
Bir məqama da diqqət çəkək: Qəzza zolağında atəşkəsə dair razılaşma 19 yanvar, yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ədək təxirə salınmışdı. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün hətta İsrailin Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi vermişdi. Bundan sonra 10-dan artıq fələstinli ölmüşdü. HƏMAS dərhal açıqlamışdı ki, siyahı texniki səbəblərdən gecikir. Amma bu, nəticə verməmişdi. İsrailin pressinqi nəticəsində azadetmə prosesi başlamışdı.
Təl-Əviv dörd hərbi girovun müqabilində 200 fələstinli məhbusu azad etdi. Ümumilikdə 1890 fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsi nəzərdə tutulur.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hələ andiçmədən qabaq üç israilli girovun azad edilməsinin gözlənildiyini deyərək bu xəbəri alqışlamışdı. “Girovlar bu gün çıxmağa başlayacaqlar! Birincilər üç gözəl gənc qadın olacaq”, - Ağ Evin sahibi “Truth Social”-da paylaşım etmişdi.
Diqqət edin, dünyanın super dövlətinin lideri başda olmaqla, hər kəsin diqqəti HƏMAS-İsrail danışıqlarına, əsir və girovların qarşılıqlı mübadiləsinə yönəlib. Bundan əvvəl də dəfələrlə bənzər hallar olub, mübadilələr həyata keçirilib. 2011-ci ilin oktyabrında İsrail hökuməti əsirlikdə saxlanılan Gilad Şalitin azad edilməsinin qarşılığında 1027 fələstinli məhbusu geri qaytarmışdı.
Yəni əsir və girovların azad olunması məsələsi hər zaman prioritet olub. Elə Rusiya-Ukrayna müharibəsinin gedişində də biz bunun şahidi olmaqdayıq. Son olaraq on gün əvvəl Rusiya və Ukrayna arasında, Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik səyləri əsasında “25-in 25-ə” formulu üzrə əsir mübadiləsi həyata keçirildi.
Gələk əsas məsələyə: Azərbaycan on illərdir bəyan edir ki, Birinci Qarabağ Müharibəsi və ondan sonrakı dövrdə Ermənistan 4 minədək vətəndaşımız əsir və girov götürüb, bu günədək onlarla bağlı məlumat açıqlamır. Bayden prezident olduğu illərdə bircə dəfə də olsun azərbaycanlı əsir və girovlarla bağlı Ermənistana çağırış etdimi? Yox! Prezidentliyinin son aylarında israr edirdi ki, Bakı və İrəvan sülh imzalasınlar. Amma və lakin bircə dəfə Nikol Paşinyandan 4 minədək azərbaycanlının taleyi barədə açıqlama verməsini belə, tələb etmədi. Heç ondan əvvəl Ağ Evin sahib olan və hazırda yenidən ABŞ prezidenti seçilmiş şəxs də bu mövzunu açıb-ağartmayıb. Niyə? Əsir və girov azərbaycanlıların taleyi fələstinli, yaxud israilli əsir və girovlardan, həmçinin ruslardan və ukraynalılardan azmı maraqlıdır Qərb təsisatları və paytaxtları üçün?! Bizim üçün onların ikili standartları yeni deyil. Vaxtilə Qarabağ məsələsi ilə Cənubi Osetiya, Abxaziya, yaxud Dnestryanı məsələlərinin qarışdırılmamasını təklif edirdilər. Deyirdilər Qarabağ məsələsi “fərqli”dir. Bəs, əsir və girovlar? Onların içərisində uşaqlar, qadınlar, qocalar da var axı. Hanı Qızıl Xaç Təşkilatı, insan hüquqları ilə məşğul olduğunu iddia edən təşkilatlar, özlərini “xilaskar” adlandıran Qərb liderləri, niyə səsləri gəlmir?!
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bu məsələyə növbəti dəfə diqqət çəkmişdi. “İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3 890 vətəndaşımız itkin düşüb. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur”-dövlət başçısı bildirmişdi. İtkin düşmüş şəxslərin bir çoxunun Ermənistan tərəfindən işgəncələrə məruz qalması, qətlə yetirilməsi və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılması şübhə doğurmur.
Dövlət başçısı “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də eyni məsələdən bəhs edərək, əsir və girovlar mövzusuna beynəlxalq səviyyədə diqqət yetirilməsini istəmişdi. “İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür”- Prezident qeyd edib.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və elə Bakıda keçirilən konfransın iştirakçıları Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkərkən dəhşətlərə şahid olmuşdular. Həmçinin işğal dövründə Quantanamo həbsxanasına bənzər Şuşa həbsxanasında azərbaycanlı əsir və girovların işgəncələr altında saxlanması və öldürülməsi də təkzibolunmaz faktlarla sübuta yetirilib. Bütün bunların qarşılığında beynəlxalq birlik Ermənistandan hesab sorurmu? Təbii ki, yox. Əksinə, Azərbaycanda ittiham olunan ermənilərin azad olunmasına cəhdlər göstərilir. Əslində bu məhkəmə prosesində həm də kütləvi şəkildə qətlə yetirilən azərbaycanlı əsir və girovların sonrakı taleyi aydınlaşa bilər. Bəlli çevrələr bu sirlərin də ört-basdır edilməsinə çalışırlar, nəinki İrəvandan 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsini tələb edirlər... Xarici mediada barəsində materiallar dərc edilən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə də bu günədək məlumat verilmir, baxmayaraq ki, Natiqə işgəncə verdirən Vitaliy Balasanyan və digər canilər bu günədək sağdır.
İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilib və onlar hərbi ehtiram göstərilməklə dəfn edilib. Qarabağı təkbaşına azad edən Azərbaycan əsir və girovlarını da yalnız öz gücünə və imkanları hesabına aşkarlayır, onların doğmalarının gözləri yollardan yığılır. İsrail-HƏMAS konfliktinin əsir və girovlarına münasibətin cüzi faizini belə, azərbaycanlı əsir və girovlara göstərməyənlərin sülh mövzusunda artistlik etmələri isə qəbullunmazdır. Sülh belə əldə olunmur. 4 min insanımızdan xəbər verməyən ölkə ilə necə sülh imzalamaq olar?! Azərbaycan dövlətinin tələbləri sırasında həm də bu məsələnin olduğu şübhəsizdir. 4 min evin gözləri yolda, qulaqları səsdədir! Gözləyək, bəlkə cənab Tramp azərbaycanlı əsir və girovlarla bağlı İrəvana çağırış etdi...33 israilli və 1890 fələstinli ilə bağlı razılaşmanı alqışlayıbsa, niyə üzünü biz tərəflərə çevirməsin?..
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ