İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuz şəhidi Hacıəli Qasımovla bağlı tədbirdə təsirli anlar yaşandı – FOTOLAR  

 

Bu gün Yuri Kovalyov adına  229 saylı orta məktəbdə Qasımov Hacıəli Tahir oğluna həsr olunan tədbir təşkil olunub.

 Musavat.com xəbər verir ki, tədbirdə şəhid Hacıəli Qasımovun ailə üzvləri, döyüş yoldaşları, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Şəhid  Hacıəli Qasımovun adını daşıyan "1 b" sinfində təşkil olunan tədbirdə ilk olaraq Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca şagirdlər şeirlər söyləyib, qəhrəmanlıq musiqiləri  səsləndiriblər. "4 b" sinfinin şagirdləri Hacıəli Qasımovun döyüş yolu barədə məlumat veriblər. Qeyd edilib ki, 2002-ci il mart ayının 21-də Tovuz rayonu Qaraxanlı kəndində anadan olan Hacıəli Qasımov orta təhsilini F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində alıb. Vətən müharibəsi iştirakçısı olub, müharibədə cəsarəti və qorxmazlığı ilə fərqlənib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Hacıəli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, 4 ay komada qalıb və 28 yanvar 2024-cü ildə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hacıəli Qasımov Prezident İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Döyüş yoldaşları da çıxış edərək Şəhidimizlə bağlı fikirlərini ifadə ediblər. Onun istiqanlı, mehriban, əliaçıq, yardımsevər, qorxmaz, vətənpərvər, döyüş yoldaşlarını sevən, tabeliyində olan əsgərlərə diqqət və qayğı ilə yanaşdığını qeyd ediblər. 

Məktəbin direktoru Məmmədova Vüsalə öz növbəsində şəhidin valideynlərinə təşəkkürünü bildirib:"Şəhidimizin atası oğlunun adına sinif açılmasını xahiş etdi. Bu xahiş bizim üçün böyük bir fəxarət, qürur hissi yaratdı. Şəhidimizin ruhu qarşısında  baş əyirik, onun adı daim məktəbimizdə iftixarla anılacaq". 

Tədbirdə eləcə də "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, Milli Məclisin deputatı Arzu Nağıyev də çıxış edib, şəhidimizin göstərdiyi şücaətdən bəhs edib, valideynlərə Vətən üçün bu cür layiqli övlad yetişdirdiyinə görə təşəkkürlərini bildiriblər.

Şəhid Hacıəli Qasımovun atası Tahir Qasımov və anası Mələk Vəlixanovanın çıxışı zamanı təsirli anlar yaşandı. Onlar bütün çıxışlardan mütəəssir olduqlarını dilə gətirdilər. Məktəb rəhbərliyinə, şagirdlərə, tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə etdilər: “Nə qədər kövrəlsək də, möhkəm olacağımıza söz vermişik. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.  

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR