İnsanlara hürriyət, millətlərə istiqlal!

TotalEnergies-in Mozambikdəki 20 milyardlıq layihəsi batır

Fransanın TotalEnergies şirkətinin Mozambikdə icra etdiyi 20 milyard dollar dəyəri olan maye qaz zavodu layihəsi yenidən təxirə salınıb. Musavat.com Financial Times-a istinadən xəbər verir ki, ildə 13 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) istehsal olunması nəzərdə tutan zavod layihəsinin təxirə salınmasına səbəb təhlükəsizlik amilidir.

Layihənin icrasına 2020-ci ildə başlanıb, lakin 2021-ci ildə TotalEnergies LNG istehsalının təşkili planlaşdırıldığı Kabo Delqado əyalətindəki ərazi yaxınlığında silahlı münaqişə səbəbindən layihə üzrə fors-major elan edib.

TotalEnergies-in baş icraçı direktoru Patrick Puyanne oktyabr ayında Nyu-Yorkda investorlara 2029-cu ildə istehsala başlamaq üçün layihəni 2024-cü ilin sonuna qədər yenidən işə salmağa ümid etdiyini bildirib, lakin bu, baş tutmayıb.

FT qeyd edir ki, layihənin 2024-cü ilin sonuna qədər yenidən başlaması planları oktyabrda keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən iğtişaşlar səbəbindən təxirə salınıb. Bu ay and içmiş prezident Daniel Çapo qaz layihəsini müdafiə etməyi və üsyanı yatırtmağı kampaniyasının mərkəzi hissəsinə çevirib.

Qəzet qeyd edir ki, bir çox mozambiklilər, xüsusən də gənc şəhər sakinləri seçkinin saxtalaşdırıldığına əmindirlər və bu, ictimaiyyətin hər hansı bir təşəbbüsü qəbul etməsini çətinləşdirir.

"Prioritet Kabo Delqadoda sülh və təhlükəsizliyin bərpa edilməsi və fors-majorun aradan qaldırılmasıdır", - TotalEnergies bildirib. Şirkət əlavə edib ki, layihənin davam etdirilməsi üçün “dövlət xidmətləri” və “normal həyat” bərpa edilməlidir.

Oktyabr ayında keçirilən seçkilərdən bəri hökumət əleyhinə etirazlarda 350-dən çox insan həyatını itirib.

Müxalifətin namizədi, seçkinin faktiki qalibi sayılan Venansio Mondlane özünün prezidentlik "inaqurasiyasını" keçirib. O bildirib ki, tələbləri, o cümlədən siyasi məhbusların azad edilməsi tələbi üç ay ərzində yerinə yetirilməsə, növbəti etirazlara başlanacaq.

Layihə, həmçinin 2020-ci ilə qədər ayrılan maliyyə ilə bağlı qeyri-müəyyənlik səbəbindən gecikmələrlə üzləşir. ABŞ-ın layihəni 4,7 milyard dollarlıq kredit vasitəsilə maliyyələşdirməsi fors-major elan olunmasından sonra dondurulub, Böyük Britaniya isə qalıq yanacaq layihələri üçün ixrac maliyyələşdirməsini o vaxtdan dayandırıb.

Oktyabr təqdimatına əsasən, layihə 2030-cu ilə qədər tikiləcək zavodla şirkətin portfelində ən böyük layihələrdən birinə çevrilməli idi.
Artıq LNG üzrə Avropa və Asiyadan olan alıcılarla ildə 11,1 milyon ton həcmində uzunmüddətli müqavilələr bağlanıb. İstehsal olunan qazın bir hissəsi də ölkənin daxili bazarına getməlidir.

2021-ci ilin əvvəlində Mozambikdə hərbi əməliyyatlar başlayıb. Mart ayında İŞİD-ə sadiq qüvvələr planlaşdırılan layihənin həyata keçirildiyi yerdən 10 km aralıda yerləşən Palma şəhərinə nəzarət etdiklərini iddia etmişdilər. 2021-ci ilin aprelində TotalEnergies LNG layihəsindən bütün personalı təxliyə edərək, fors-major halı elan etdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR