Onlayn ictimai-siyasi qəzet
Tik-Tok-da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib. Sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb. Medianın əldə etdiyi məlumata görə, ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahidin köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs olunublar.
Qeyd etmək yerinə düşər ki, TikTok-da bundan əvvəl də bəzi şəxslər qeyri-etik və milli dəyərlərə zidd davranışları ilə gündəmə gəlirdilər. Adətən bu şəxslər özlərini “bloger” və ya “influencer” adlandırır və populyarlıq qazanmaq üçün heç nəyə məhəl qoymadan bütün hədləri keçirdilər. Bəzən milli musiqi, adət-ənənələr və tarixi şəxsiyyətlərlə bağlı zarafat və ya qeyri-etik məzmun yaradanlar tənqidlərə səbəb olurdu. Açıq-saçıq rəqslər, təhqiredici zarafatlar və ya cəmiyyətin mentalitetinə uyğun gəlməyən məzmun paylaşan şəxslər TikTok platformasında diqqət mərkəzində olublar. Bu, sosial medianın “reytinq” uğrunda sui-istifadəsi kimi qəbul edilir. Bəzi istifadəçilər isə öz uşaqlarını məzmunlarında reytinq məqsədilə qeyri-adi vəziyyətlərdə nümayiş etdiriblər. Bu da sosial media etikası baxımından yanlış addım sayılır. Qeyd edək ki, son illərdə Azərbaycanda TikTok-la bağlı etik qaydaların pozulmasına dair halların qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının nəzarəti və ictimai qınaq güclənib. Eyni zamanda bəzi şəxslərin profilləri şikayətlər əsasında bağlanıb.
Bəs görəsən, bunlardan dərs çıxaran olacaqmı? Bunun sosial şəbəkələrdə nələrə təsirləri olacaq?
Fərid Pərdəşünas
Texnobloger, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas hesab edir ki, problem sosial şəbəkələrdə və yayımçılarda deyil, cəmiyyətdədir: “İnsanlar həmin yayımçıları sevir, dəstək olurlar və onlara pul xərcləyirlər. TikTok canlı yayımlarında müxtəlif insanlar - fahişələr, homoseksuallar, əqli və fiziki qüsurlu şəxslər, saxta fenomenlər, işsizlər, ustalar, iş adamları və başqaları yayım edir. İnsanlar isə özlərinə yaxın olanı, maraqlandıqlarını seçir və alqoritm həmin məzmunu ön plana çıxarır.
Hazırda saxlanılan heç bir yayımçını günahlandırmıram. Onlar cəmiyyətin ehtiyac duyduğu məzmunu təqdim ediblər. Fərdləri həbs etməklə və ya fəaliyyətlərini dayandırmaqla heç nəyi dəyişə bilmərik. Son saxlanılmaların səbəbi isə böyük ehtimalla onların qeyri-etik fəaliyyətləri ilə deyil, son dövrlərdə yayımlanan videolarda baş verən xuliqanlıq hadisələri ilə bağlıdır.
Cəmiyyəti inkişaf etdirmək istəyiriksə, yaxşı alternativlər yaratmalı, təhsilə və tərəqqiyə investisiya etməliyik. Əgər TikTok-u bağlasan, cəmiyyət “Azar”dan çıxacaq. Onu bağlasan, “OnlyFans”dan çıxacaq. Oradan qovsan, “Shorts” və “Reels” kimi platformalara üz tutacaq.
Hazırda ən böyük və ciddi problem TikTok istifadəçiləri arasında yaşını yuxarı göstərən çoxsaylı azyaşlıların olmasıdır. Övladlarımız bu videolar və mənfi nümunələrlə böyüyürlər və doğruları bu məzmundan öyrənməyə çalışırlar. Belə vəziyyətdə həm dövlətin, həm də hüquq-mühafizə orqanlarının işi çətinləşir. Senzura olmadan məzmunu necə məhdudlaşdırmaq olar? Təbii ki, mümkün deyil. Belə bir model yoxdur.
Nəticə isə aydındır: müasir gələcəyimizi və ailə tərbiyəsini artıq sosial şəbəkələr formalaşdırır. Əgər övladının tərbiyəsini sosial şəbəkələrə əmanət edirsənsə, o zaman hər şeyin pis getməsinə hazır olmalısan".
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, son dövrlərdə sosial media, xüsusən TikTok, həm böyüklər, həm də şagirdlər arasında böyük populyarlıq qazanıb: “Təəssüflə qeyd etməliyik ki, bu platforma bəzən milli-mənəvi dəyərlərə zidd davranışların yayılmasına səbəb olur. Daxili İşlər Nazirliyinin bu məsələdə qanunauyğun addımlar atması təqdirəlayiqdir. Bununla belə, xüsusi diqqət tələb edən digər bir məsələ şagirdlərimizin bu platformalardan mütəmadi olaraq zərər görməsidir. TikTok və digər sosial media platformaları təhsil və tərbiyəyə mənfi təsir edir, şagirdlərimizin vaxtını və enerjisini məhv edir. Təklifim odur ki, məktəblərdə sosial media istifadəsi ilə bağlı tənzimləyici qaydaların hazırlansın. Şagirdlərə rəqəmsal savadlılıq tədris edilsin və zərərli məzmunların təsirlərindən qorunmaq üçün maarifləndirmə işləri gücləndirilsin. TikTok kimi platformaların məktəb yaşlı uşaqlar üçün məhdudlaşdırılması ilə bağlı konkret addımlar atılsın”.
Elçin Bayramlı
Sosioloq Elçin Bayramlıya görə isə TikTok-da narkomaniya, zorakılıq, insan alveri və digər qeyri-qanuni əməllər açıq şəkildə həyata keçirilirdi: “Nəhayət, dövlət orqanları əxlaqsızlığı təbliğ edən şəxslərlə bağlı qərar verdi. Bundan sonra da bu kimi neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görülməli və sosial şəbəkələrin tənzimlənməsi üçün yeni qanunlar qəbul edilməlidir. Dövlət sosial şəbəkələrlə bağlı xüsusi bir qurum yaratmalı və ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Hətta sosial şəbəkə polisi yaradılmalı, bütün platformalar nəzarətdə saxlanmalıdır”.
Onu da qeyd edək ki, TikTok təhlükəsizlik, məxfilik və ya digər problemlərlə bağlı bir neçə ölkədə qadağan edilib və ya məhdudlaşdırılıb.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ