Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Milli Elmlər Akademiyasında bir nəfər riyaziyyatçı alimlə geniş görüş keçirilmişdir. Sən demə, həmin alim hansısa tənliyi həll edibdir. AMEA prezidenti İsa müəllim, digər çıxış edənlər bununla qürur duyduqlarını çatdırmışdır.
Həqiqətən, bizdə hələ də tənlik həll edə bilən alimlərin olması sevindirici haldır. Əgər Riyaziyyat İnstitutuna uzun zamandır keçmiş təhsil nazirimiz Misir müəllim rəhbərlik edirsə, uca millətimiz vurma cədvəlini də unutmalı idi. Şükür. Hər şey itirilməyibdir. Davamlı olsun. Bu gedişlə Pifaqor teoremini də isbat edəcəyik.
Hüquq-mühafizə orqanları isə cəld tərpənərək, balaca uşağını döyərək işgəncə vermiş ananı dama salmışlar. Uşaq da dövlət himayəsinə götürülübdür. Mən uşağın fotolarına, bədənindəki zərbə izlərinə heyrətlə baxdım. Bir insan körpəyə bu cür əzab vermək üçün hansı həyatı yaşamalıdır, nə örnəklər görməlidir, necə bir tərbiyə yiyəsi olmalıdır? Heyvan desən, düz gəlmir, çünki heyvanlar balasına bu cür işgəncə vermir. Üstəlik, bunu edən bir qadındır. 2 gün sonra hamı döşənəcək internetə, içində bu cür qadınlar da olmaqla bəşəriyyətin zərif hissəsini beynəlxalq qadınlar günü münasibətilə qutlayacaqdır.
Sözgəlişi, bayaq “beynəlxalq” sözünü yazanda səhv eləmişdim, “beynəxlaq” getmişdi, düzəltdim. Birdən ağlıma gəldi ki, son zamanlar sözlərin yazılışında çoxlu bu tip səhvlərə yol verməyə başlamışam. Məsələn, “riyaziyyat institutu” ifadəsini də yazarkən “riya” və “ziya” sözləri gözümün önündə yam-yam rəqsi edirdilər. Yəqin bunun hansısa psixoloji izahı var. Dövran belədir. Hər şeyin zibili çıxıb, bunun qabağında söz durarmı?
O baxımdan, şanlı hökumətimizin indiyədək qonaq qəbul elədiyimiz bütün xarici təşkilatları iti qovan kimi qovmasının məntiqi vardır. Artıq heç bir xarici media orqanı qalmayıb, xarici QHT-ləri də qovmuşuq, ən son “Qırmızı Xaç”ın üstünə xaç çəkilmək üzrədir. Doğrudan da, Novruzəli müəllimin “Qızıl aypara”sı varsa, bu nəyə lazımdır? Novella xanımın sonu məlum bəyanatları insan hüquqlarımızın durumuna işıq salırsa, “Beynəlxalq Şəffaflıq” haranın zibilidir? Hamısını rədd edəcəyik. Sovet vaxtı BBC yerinə Azərbaycan radiosuna “Bulaq” verilişinin nağıllarına, bayatılarına qulaq asırdıq, hamı da xoşbəxt idi, Allah Qorbaçovun evini yıxsın. Hətta Mirzə Xəzər “20 Yanvar” hadisələri haqda xəbər verdiyi üçün “Azadlıq radiosu” yaradılmışdı. Əgər radio olmasa sovet ordusu bizi niyə qırırdı?
Bunlar hamısı əlaqəli şeylərdir. Misal üçün, bu günlərdə bir meyxanaçı AYB üzvü olmaq istəyir, təklif verib: “Oranın adı Yazıçılar və Şairlər Birliyi olsun”. Ancaq idarə son illər ədəbiyyatdan çox ev-torpaq alveri, maliyyə dedi-qodularıyla gündəmə gəlirsə, niyə onun adı AYŞEAB (Azərbaycan Yazıçılar, Şairlər, Ev Alverçiləri Birliyi) olmasın? Qısaltması da poetik səslənir. Hələ bu cür olanda Donald Trampın diqqət mərkəzinə düşmək ehtimalı böyükdür, çünki onun özü məşhur ev alverçisidir.
Sadəcə, xariciləri-zadı qovmaq, sərhədi də bərk-bərk örtməklə iş düzəlmir. Təəssüf ki. Elə turizm agentliyindəki qalmaqal bunun tipik sübutudur. Deyirlər, idarənin rəhbər şəxsləri daxili yazışmaları xaricə sızdırırmış. Anlaşılmır: bəs turizmi başqa cür necə inkişaf etdirmək olar? Daxildəki işləri xaricə sızdırmasan, xarici buranı necə tanımalıdır? Qəribədir.
Yəqin istəyirik ekstremal turizm olsun - əcnəbilər bizi tanımadan gəlsinlər, naməlum şəraitə düşsünlər. Çox gözəl. Adamın qanı oynayır. Adrenalin az qalır təpədən fışqırsın.
Ancaq tənlik həll edilib, məchul tapılıbsa, bunun turizmə ziyanı olacaq. Tənliyin dövlət sirri qorunmalı idi.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ