Onlayn ictimai-siyasi qəzet
Bu ilin iki ayında Azərbaycanın pambıq mahlıcı ixracında ciddi artım qeydə alınıb. Belə ki, gömrük statistikasına əsasən 2024-cü ilin yanvar-fevralında Azərbaycan xaricə 33 milyon 541.88 min dollarlıq 22 322.21 ton pambıq mahlıcı, 3 milyon 408.85 min dollarlıq 1 371.88 ton pambıq iplik satıb. Ötən ilin eyni dövründə pambıq mahlıcı ixracı 23 milyon 193.82 dollar dəyərlə 12 564.94 ton, pambıq iplik ixracı isə 5 milyon 778.73 min dollar dəyərlə 1 961.18 ton olmuşdu.
Maraqlıdır ki, ixrac artsa da, iki ayda ölkədə pambıq mahlıcı istehsalı ötən illə müqayisədə 28,3 faiz azalmaqla 19 104,4 ton, ixracı azalan pambıq iplik istehsalı isə 65,7 faiz artmaqla 2843,4 ton təşkil edib. İplik istehsalının artması fonunda ixracın azalmasını ondan əldə olunan malların istehsalında artımla izah etmək olar. Belə ki, yanvar-fevralda pambıq parçalar istehsalında 67,4 faiz, pambıq yataq ağları istehsalında 16,2 dəfə, üst geyim istehsalında 5,9 faiz, istehsalat və peşə komplektləri istehsalında 97 faiz, alt geyim istehsalında 13,6 faiz, corab məmulatları istehsalında 10,5 faiz, digər geyim malları istehsalında 84 faiz artım qeydə alınıb.
Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə 133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə 174,5 milyon dollar dəyərində 77,6 min ton, 2023-cü ildə 122 milyon 709,02 min dollar dəyərlə 70 212 min ton pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton, 2022-ci ildə 33,1 milyon dollar dəyərlə 8,6 min ton, 2023-cü ildə 31 milyon 285,35 min dollar dəyərlə 11 187,21 ton təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin təqdim etdiyi dünya bazar konyukturasına dair məlumata əsasən, pambığın dünya bazar qiymətində 2023-cü il ərzində qeyri-müəyyənlik müşahidə edilib. 2023-cü ilin dekabr ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 0.1 faiz azalaraq 2.0 ABŞ dolları səviyyəsində qərarlaşıb. Lakin 2024-cü ilin əvvəlindən etibarən dünya bazarında qiymətlərin yüksəlməsi müşahidə olunur. Fevral ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 7.8 faiz artaraq 2.2 ABŞ dolları səviyyəsində qərarlaşıb. Azərbaycanın pambıq mahlıcı ixracının ötən il ərzində azalmasının başlıca səbəbini dünya bazar konyukturunun əlverişli olmaması ilə izah etmək mümkündür.
Onu da qeyd edək ki, ölkədə pambıq istehsalında ciddi artıma hələ ki nail olunmayıb. 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”ndan gedir. Proqramda pambıq istehsalının 2022-ci ilədək 500 min tona çatdırılması nəzərdə tutulurdu. Dövlət proqramı qəbul edilən il ölkəmizdə 207 min ton pambıq istehsal edilmişdi. 2022-ci ildə Azərbaycanda 322 min ton pambıq istehsal olunub ki, bu da vəd edilən rəqəmdən 178 min ton azdır. 2023-cü ildə pambıq istehsalı 14,4 faiz azalaraq 276,1 min tona bərabər olub.
Bu illər ərzində dövlətin pambıq istehsalçılarına dəstəyi hər il artırılıb. Bu il də artım nəzərdə tutulur. KTN Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü ilin məhsuluna görə fermerlərə tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə verilən məhsul subsidiyası 180 manatdan 190 manata qaldırılıb. Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Bununla yanaşı, emal müəssisələri pambığın alış qiymətini də artırırlar. Son qiymətə əsasən emal müəssisələri istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyirlər.
Pambıq istehsalçıları həmçinin müvafiq texnika ilə təmin olunublar. KTN rəsmiləri bildirirlər ki, normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən, 2022-ci ildə Azərbaycanda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3 085 ədəd olub.
2023-cü ildə pambıq istehsalındakı azalmanın əsas səbəbini fermerlər “Yeni Müsavat”a vaxtsız yağıntılar və avqust ayında sahələri vuran naməlum xəstəliklə izah edirlər. Onların sözlərinə görə, bu iki amil pambıq üzrə məhsuldarlığı 5-6 sentner aşağı salıb. Bu isə pambıq istehsalına daha peşəkar yanaşmanın olmasını zəruri edir.
Azərbaycan hökuməti 400 min nəfərə yaxın çalışdığı pambıqçılıq sektorunda dəyər zəncirini son məhsula qədər əhatə edən istehsal zəncirini qurmağı hədəfləyir. Bu sahədə Özbəkistan və Türkiyə ilə işbirliyi qurulur. Bu sahədə hansı məhsulların istehsalının qurulacağı hələlik aydın deyil. Rəsmi istehsal göstəricilərinə baxsaq, pambıqdan alt geyim, yataq ağı və parça istehsalı müəyyən qədər qurulub. Lakin bu sahədə yüksək inkişaf əldə edib, ən azı daxili tələbatı tam ödəmək üçün çox işlər görülməlidir.
KOBİA-nın sifarişi ilə aparılan bazar araşdırmasına görə, hazırda Azərbaycan tekstil bazarının böyük bir hissəsini korporativ geyimlər təşkil edir. Korporativ geyimlər hazır parçadan məhsulların tikilişindən və hazır məhsulların üzərinə loqoların vurulmasından ibarətdir: “Bu məhsullara tələbatı olan sahələr kimi daha çox xidmət sektoru (restoran, otel və s.), arxa ofis əməkdaşları istisna olmaqla bank, sığorta və s. digər sektorlar, hərbi sahə, elektronika mağazaları, tibb sahəsi və s. aid etmək olar. Azərbaycanda bu fəaliyyəti həyata keçirən çoxsaylı irili xırdalı müəssisələr mövcuddur. Lakin bazar daima böyüyür və yenilənir, bu səbəblə potensialı yüksək sahədir”.
Ölkədə üst geyimlərinin böyük bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən sexlərdə tikilir və “Sədərək”, “Binə”, “Laçın” kimi ticarət mərkəzlərində satışı həyata keçirilir. Kişi üst geyimlərinin istehsalında daha çox fərdiləşməyə başlanılıb. Bu sahədə fəaliyyət göstərən “Mirzəyev tekstil” nisbətən ucuz kostyumların tikilişini edir, “FQ atelye” - baha və keyfiyyətli məhsullar hazırlayır, “Emiland” xüsusi sifarişlə hazırlanan və yüksək qiymətə satılan geyim istehsalında yetərincə böyük bazar payına sahibdir. Araşdırma nəticəsinə görə, bu sahədə ən çox maliyyə tələb edən sahə kostyum üçün keyfiyyətli parçaların alınması və istehsal fabrikində ütüləmə texnologiyasının qurulmasıdır.
Azərbaycanda yerli sap istehsalının olmaması nəticəsində tekstilin əsas xammalı olan sap xaricdən gətirilir. Eyni zamanda neft istehsal edən ölkələrdə sintetik məhsulların istehsalı imkanlarının olmasına baxmayaraq Azərbaycana sintetik məhsullar, boyama üçün kimyasallar xaricdən gətirilir (ən çox Hindistandan). İstehsal üçün avadanlıqların böyük bir qismi Türkiyə, Almaniya, Belçika, Çin kimi ölkələrdən alınır. Kətan və yun iplik istehsalının olmaması nəticəsində Çin, Özbəkistan Pakistan kimi ölkələrdən idxal edilir. 100 faizli polyester və akril də xaricdən gətirilir. Türkiyədən hörgü parça idxal edilir ki, bu da daxili bazardan onu əldə etməkdən daha sərfəlidir.
Qiymətlərin daha münasib olması ilə əlaqədar olaraq parçaların böyük bir qismi Çindən gətirilir. Bu parçaların tərkibi 65 faiz pambıqdan, 35 faiz polyesterdan (sintetika) ibarətdir. Türkiyədən əsasən Bursadan gətirilən parçalar Çinə nisbətən qiymətləri daha baha olur və daha keyfiyyətli olur. Bu parçalar mülki geyimlərin tikilməsi zamanı istifadə olunur. Hazır məhsullar Rusiyadan gətirilir. Çünki gömrük şərtləri daha məqbuldur və ucuzdur. İkinci böyük tədarükçü Özbəkistan bazarıdır. Əsasən pambıq tərkibli parçalar gətirilir, burada pambıq daha ucuz və keyfiyyətlidir.
Göründüyü kimi, xaricdən ucuz idxal şərtləri olduğu bir şəraitdə yerli tekstil sənayesini qurmaq dövlət dəstəyi olmadan qeyri-mümkündür. Neçə illərdir tekstil müəssisələrindən dəstək çağırışları səslənsə də, hələlik bu istiqamətdə real addımlar atılmayıb. Halbuki indi Azərbaycana ucuz tekstil ixrac edən ölkələrin hamısında bu sektor dövlət dəstəyi ilə ayağa qalxıb...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ