İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təklif edəcəklərsə, nə deyə bilərik?" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 2-ci turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə oyun barədə fikirlərini bildirib

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə oldu. Yaxşı, dinamik, sürətli oynadıq. Çox razı qaldım. Rəqib haqda məlumatımız az idi, yeni komanda qurublar. Bəzi oyunlarına baxmışdıq. Yaxşı müdafiə olunmağı sona kimi bacaran kollektiv gördük. Hücumlarda da maksimum iştirak etmək istəyirdilər. "Kəpəz"ə uğurlar arzulayıram. İnanıram ki, get-gedə Adil Şükürov komandanı formalaşdıracaq. Hiss edilirdi ki, tam hazır deyillər. Amma oyundan-oyuna keçənilki "Kəpəz"i görəcəyik.

- Qapıçı Sadiq Məmmədzadə "Qarabağ"da debüt etdi. Onun çıxışı haqda fikriniz necədir? Gələcəkdə ona yenə şans veriləcək?

- Sadiqin bir o qədər işi də olmadı. Niyə də oynamasın? Daha yaxşı səviyyəyə gəlsə, potensialı çoxalar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyümək üçün, kollektivə daha tez uyğunlaşması çox vacibdir. Bacarıqlı, istəkli biridir.

- Sizcə, "Qarabağ"ın Premyer Liqada ən böyük rəqibi hansı komandadır?

- Özümüzü tam ayırmaq istəməzdim. Heyətinə baxanda, keçənilki "Sabah" bizi məğlub etmişdi. O potensial onlarda var. Ümumiyyətlə, özümüzü onlardan ayırmaq istəmirik, "Sabah"dan, "Neftçi"dən. Başlanğıcdır. Əksinə, biz qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Çünki avrokubok oyunları istənilən komandaya böyük inam verir. "Zirə" və "Sabah" yollarına davam edirlər. Futbolçular daha sərbəst olurlar. Hələ ki, fikir bildirmək çox tezdir. Əksinə, bu il bəlkə o rəqiblərin sayı daha da çoxaldı. Biz heç bir rəqibə zəif gözü ilə baxmırıq. 

- Musa Qurbanlının durumu nə yerdədir?

- Normaldır. Fərdi məşqlərə başlayıb. Toplu çalışmalara da həmçinin. Müalicəsi normal gedir.

- "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, "Qarabağ" səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır...

- Çalışırıq ki, həmişə ağıllı oynayaq. Daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdır. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq.

- Juninyo bu mövsüm artıq altıncı qolunu vurdu. Avropa mediası da Juninyo ilə bağlı paylaşımlar edir. Bu məqam sizi qorxutmur? "Transfer pəncərəsi" bitməyib, böyük elçisi çıxa bilər...

- Hazırda inanmıram. Juninyo özü də təcrübəli, dərin düşünən biridir. Bilir ki, bu anda heç kimlə danışığa getmək lazım deyil. İnanmıram, Juninyoda belə fikir olsun. Hamının fikri qarşıdakı oyunlardadır. Olsa da, narahat olmalı məqam yoxdur. Təklif edəcəklərsə, nə deyə bilərik? Futbolçu da bilir ki, müqaviləsi yenilənib. Onun potensialı daha böyükdür, daha yaxşı ola bilər. Hər futbolçu dərhal komandaya uyğunlaşa bilmir. Get-gedə komandaya uyğunlaşır. Daha yaxşı Juninyo görə bilərik. Onunla söhbətlərimiz olub.

- "Ludoqorets"lə oyunu analiz etmisiniz? Sizcə hansı məqamda uduzduq?

- Səbəbləri düzgün çıxmaz. Rəqib 10 futbolçu ilə müdafiə olunurdu. Orada sürətli qərar vermək elə də asan deyil. Fərdi epizodlarda rəqib daha üstün oldu. Fikrimizi səfərdəki oyuna yönəltməliyik. Ola bilər ki, biz orada daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Rəqib də ondan istifadə edə bilir. Çempionatımızda da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Bəlkə tam əksini edəcək. Biz rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Uduzduq. Onları təbrik etdim. Futboldur, idmandır. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandır. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq.

- Cavab matçında Tekpetey və Kayo oynamayacaq. Bu, sizin üçün üstünlükdür?

- Ola bilər hardasa olsun. Rəqibin heyətində 30-dən çox legioner var, bacarıqlı və keyfiyyətlidirlər. Ola bilər ki, onların olmaması komandanı bir az yığsın, daha da ciddi olsunlar. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. Səfərdəki matçda iki rəqib futbolçu yoxdur. Yenidən fikirləşməliyik ki, meydanda bizi nə gözləyir? Sürprizlər də gözləyə bilər. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq. Bizi hansı sürprizlər gözləyir, bilmirik (sportal.az).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR