Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidentinin uğursuz ABŞ səfərindən sonra Avropa liderləri Londonda toplandı. London sammitində əsasən Ukraynaya hərbi dəstək məsələsi müzakirə olundu.
Bəs, görəsən, ABŞ dəstəyi olmadan Ukraynanın müdafiəsi mümkündürmü?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ dəstəyi olmadan Ukraynanın Rusiyaya qarşı effektli müdafiəsinə inanmır:
“Prinsipcə, Avropa ölkələrinin özləri də buna əmin deyillər. Onlardan bəziləri açıq şəkildə bunu ifadə edir və Ukraynaya Tramp hakimiyyəti ilə münasibətləri düzəltməyi məsləhət görürlər. Ukraynanın ən aktiv tərəfdarı olan Polşa prezidenti Anjey Dudanın bu barədə fikirləri olduqca diqqətə şayandır. Duda Zelenskinin Trampla qalmaqallı görüşünü şərh edərkən bildirmişdi ki, Ukrayna ABŞ-ın köməyi olmadan müharibədən sağ çıxa bilməyəcək. O, eyni zamanda vurğulamışdı ki, “müharibəyə birtəhər son qoymaq lazımdır, amma Rusiyanın qalib gəlməsinə də imkan vermək olmaz”.
Bənzər fikirlər üstüörtülü şəkildə Fransa və digər Avropa ölkələrinin liderləri tərəfindən də dilə gətirilmişdi”.
Heydər Oğuzun fikrincə, Avropa ölkələrinin bu qədər acizliyinin səbəbi II Dünya müharibəsindən sonra ABŞ-ın himayəsinə sığınıb hərbi qüdrətlərini boş buraxmalarıdır:
“Avropa liderlərindən birinin dediyi kimi, uzun illərdən bəri qapıldıqları rifah “qoca qitə”ni çəkisi böyük, amma dişi tökülmüş amorf bir kütləyə çevirib. Təsəvvür edin, Avropa Birliyinin 500 milyondan çox əhalisi var. Onun çəkindiyi Rusiyada isə cəmi 140 milyon əhali yaşayır.
Avropa özündən hardasa üç dəfə az əhaliyə sahib Rusiyanın qorxusundan 330 milyonluq ABŞ-ın arxasında gizlənib. Baxmayaraq ki, iqtisadi imkan baxımından da Avropa nə himayədarından, nə də qorxduğu Rusiyadan heç nəyi ilə geri qalmır. ABŞ-ın ÜDM-u 25.347 trilyon dollar, Avropa İttifaqının isə 19 trilyon dollardır. Rusiya isə bu göstəricidə Avropa İttifaqından hardasa 10 dəfə geridədir – cəmi 2 trilyon dollar. Təkcə Almaniyanın ÜDM belə, Rusiyadan 2 dəfə çoxdur – 4.5 trilyon dollar. Eyni sözləri Fransa, Böyük Britaniya və İtaliya barədə də demək olar. Buna baxmayaraq, təkbaşına belə Rusiyadan xeyli irəlidə olan Avropa dövlətləri bir araya gəlib onun qarşısına düz-əməlli ordu çıxara bilmir, ABŞ-ın himayəsinə sığınırlar”.
Heydər Oğuz deyib ki, hazırda kollektiv Qərb hərbi güc baxımından aciz durumdadır:
“Bir çoxları zənn edir ki, ABŞ-da Ağ Evdən qovulan təkcə Zelenski idi. Məncə isə təkcə Zelenski yox, Avropa İttifaqı da onunla bərabər qovuldu. ABŞ rəsmən özündən böyük Avropa İttifaqından imtina etmək məcburiyyətində qaldı. “Mən nə zamanadək sənin qarnını doyurub, gecə üstünü örtəcəyəm”, - dedi”.
Siyasi şərhçinin fikrincə, ABŞ Avropanı bir növ tərbiyə edir:
“Ukraynadakı müharibənin xərclərini və bədəlini Avropanın üzərinə qoyub özü digər düşməni olan Çinlə uğraşmaq istəyir. Prinsipcə, başqa çarəsi də yoxdur. Həm Rusiya, həm də Çinlə uğraşmaq onun boyunu aşır. Üstəlik, hər iki düşmənə eyni anda yüklənmək onları birləşdirər və məlubedilməz hala gətirib çıxarar. Lazımdır ki, Avropa da əlini daşın altına qoysun”.
Bəs, bu cür cəzalandırma metodu ilə ABŞ Avropaya istədiyi çəki-düzəni verə biləcəkmi?
Heydər Oğuz hesab edir ki, bu suala cavab vermək çətindir:
“Məsələ burasındadır ki, istənilən pis tərbiyə olunmuş övladı bir yaşdan sonra islah etmək asan deyil. Avropanın özündən 10 dəfə imkansız olan Rusiyanın qarşısında duruş gətirmək üçün çox sınaqlardan çıxması lazımdır. İlk növbədə Avropa İttifaqı özünün vahid ordusu qurmalı, silahlandırmalı, eyni mərkəzdən idarə olunan komandanlıq qurmalı, hətta yeri gələndə Ukrayna ilə əl-ələ verib Rusiyaya qarşı savaşmaılıdır. Dolayısı ilə minlərlə itkini gözə almalıdır. Bu addımı atmaq üçün xalqı bunun vacibliyinə inandırmaq və demokratik ənənələri bir qədər sıxmaq lazımdır. Avropa insanı isə belə islahatlara hazır deyil. O nə qurban vermək istəyir, nə rifahından keçəcək qədər cəsurdur, nə də sahib olduğu siyasi rejim buna imkan verər.
Bilirsiniz ki, Avropada demokratik dəyərlər hakimiyyətdədir və xalq istənilən anda hakimiyyətləri devirib öz istəklərinə cavab verən qüvvələri iqtidara gətirər. Bu baxımdan Avropanın taleyi sözün həqiqi mənasında Allahın ümidinə qalıb. Avropalılar da məhz bu səbəbdən Ukraynanın onların əvəzinə döyüşməsində maraqlıdırlar. Ən yaxşı halda silahlarını biz verək, onlar bizim də əvəzimizə savaşsınlar deyəcəklər. Prinsipcə, dolayısıyla belə deyirlər də. Amma dərd burasındadır ki, o silahları da vermək istəmirlər”.
Siyasi şərhçinin fikrincə, Ukrayna üçün ən böyük təhlükə də bundan qaynaqlanır:
“Bəzi Avropa ölkələri də bunun fərqindədirlər. Ona görə də ABŞ-la Ukraynanın arasını düzəltməyə çalışırlar. Zelenskinin ABŞ-dan sonra Böyük Britaniyaya çağrılması, kral III Çarlzla görüşdürülməsi də bununla bağlı idi. Bilirsiniz ki, III Çarlz tək Böyük Britaniyanın yox, həm də İngilis Millət Topluluğunun kralıdır. Özündə 15 müstəqil dövləti birləşdirən krallıq dünyanın idarə olunmasında xüsusi çəkiyə malikdir.
ABŞ da özünü anqlosakson ittifaqın aparıcı üzvü hesab etdiyindən istər-istəməz III Çarlzın iradəsi ilə razılaşmalıdır. Məncə, Zelenskidən əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmerin Vaşinqtona getməsi, Donald Trampa əsl-kök etibarilə şotland olduğunu xatırlatması və III Çarlzın məktubunu aparması da təsadüfi deyildi. Məqsəd iki dövlətin sarsılmaz tellərlərlə bir-birinə bağlı olduğunu xatırlatmaqdı. Bilirsiniz ki, Starmerin bütün israrına rəğmən Tramp bu məktubu ucadan oxumadı. Çünki kralın iltifatının ağırlığı altında əzilmək istəmədi”.
Bununla belə, Trampın ingilis kralının sözünü dinləyəcəyinə inanmayan Heydər Oğuz fikrini onun hakimiyyətə gələr-gəlməz Kanadaya hücumu ilə izah edib:
“Məlumdur ki, Kanada III Çarlzın səltənəti sayılan İngilis Millətlər Topluğunun ən böyük ölkələrindəndir. Bir növ, rəsmən olmasa da formal olaraq Böyük Britaniyanın bir əyaləti kimidir. Tramp isə ingilis hegemoniyasına meydan oxuyurcasına Kanadanı ABŞ-ın 51-ci əyaləti elan etdi. Bir növ, mən III Çarlzı kral kimi tanımıram dedi.
Fikrimcə, Donald Trampın əsas hədəfi də əslində ingilis hegemoniyasıdır. Və Zelenski ilə bərabər Ağ Evdən qovulan da əslində III Çarlz hegemoniyası idi. Bəlkə də bu səbəbdən də Zelenski Ağ Evdəki insidentdən sonra İngiltərəyə dəvət olundu və xüsusi olaraq III Çarlzla görüşdü. Bununla da sanki rəsmi London Trampın ona qarşı açdığı savaşı qəbul etdiyini dünyaya duyurdu”.
Siyasi şərhçinin fikrincə, London-Vaşinqton gərginliyi uzun sürməyəcək:
“Böyük ehtimalla, Böyük Britaniya krallığı özünün gizli və açıq rıçaqlarını işə salıb Tramp hakimiyyətini yola gətirəcək. Trampın istədiyi bəzi güzəştləri ona verəcək və anqlosakson ittifaqın bütünlüyü qorunacaq. Yəqin ki, Tramp da Avropanın Ukrayna savaşını öz boynuna götürməsi ilə razılaşacaq və ona silah satmaqla missiyasını bitirəcək. Nəzərə alsaq ki, bu, ABŞ-a çox ciddi pullar da qazandıra bilər, Trampın bu yağlı təklifdən boyun qaçıracağına inanmıram”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ