Onlayn ictimai-siyasi qəzet
“IV kursu bitirərək işləmək istəyən gənclərin böyük əksəriyyəti fəryad edir”.
Uzun müddətdir Azərbaycanda universitetlərin əmək bazarlarının tələblərinə uyğun praktik istiqamətdə bilgi verməmələri, tədris etməmələri ilə bağlı narazılıqlar var.
Qeyd edilir ki, ali təhsil müəssisələri əmək bazarının tələbinə cavab verən kadr hazırlığını həyata keçirə bilmir. Yeri gəlmişkən, 2023-cü ildə 50 mindən çox tələbə ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul edilib. Ekspertlər bildirirlər ki, məzunların əmək bazarında iş tapma faizinə baxanda onların cəmi 42 faizinin ixtisası üzrə çalışdığı ortaya çıxır. Bunun əsas səbəblərindən biri kimi ali təhsil müəssisələrinin əksəriyyətinin əmək bazarının tələbinə və müasir standartlara cavab verən kadr hazırlamaması ilə bağlı olduğu göstərilir. Digər tərəfdən, sosial şəbəkələrdə də zaman-zaman gənclərin iş tapmaqda çətinlik çəkdikləri, bır sıra əngəllərlə qarşılaşdıqlarını bildirirlər.
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, universiteti bitirən tələbələrin də əsas problemi iş tapmaqla bağlı olur:
“IV kursu bitirərək əmək fəaliyyətinə başlamağa çalışan gənclərin böyük əksəriyyəti fəryad edir. Səbəb odur ki, hansı qapıya üz tuturlar hər kəs iş təcrübəsi tələb edir. Burada mən nə o tərəfdə, nə də bu tərəfdə günah görürəm. Müəssisə təcrübəli işçi axtarışındadır, işsiz də iş axtarışında. Elə isə təcrübəni harada qazanmaq olar? Əlbəttə ki, bunu ali təhsil müəssisəsi və onun rəhbərliyi düşünməlidir. Dövlət və özəl qurumlarla əməkdaşlığa səy göstərilməli, tələbələr IV kursun son semestrində deyil, II və ya III kursdan təcrübə-istehsalata başlamalıdırlar. Eyni zamanda onların müvafiq ixtisas üzrə ən azı 2 illik təcrübəyə sahib olmaları barədə xüsusi dövlət nümunəli bir sənəd verilməlidir ki, əmək fəaliyyətinə başlayanda belə bir bürokratik əngəllə rastlaşmasınlar”.
Xarici ölkələrin təcrübəsindən danışan ekspert əlavə edib ki, oradakı ali təhsil müəssisələri məzunlarının iş imkanlarını düşünür və hətta çalışır ki, daha yaxşı istiqamətlərdə çalışsınlar, bir növ örnək gətirsinlər:
“Bizdə isə bu amil yoxdur. Rəqabətsizlik mühitinin mövcudluğu fonunda bir çox universitetlərimiz əmək bazarına ixtisaslı kadr çıxara bilmir”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ