İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda səslənən o bəyanat - İran Zənğəzur dəhlizinə"yox" dedi?

Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Güney Azərbaycanda da narazılıqla qarşılanıb

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin iyulun 19-da Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirdiyi bəyanat Azərbaycanda ciddi müzakirə olunmaqdadır.  Həmin görüşdə İranın Türkiyənin sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi gördüyünü vurğulayan Ayətullah Xameneyi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: “Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”.

Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Güney Azərbaycanda da narazılıqla qarşılanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Çox sayda istifadəçi Xameneyinin “Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər. Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, həmin ərazilərin Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneyini saxtakarlıqda və savadsızlıqda suçlayıblar. Bir sıra fəallar isə İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və “çox narahat olsanız, Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz”, - deyə yazıblar.

Ali dini liderin səsləndirdiyi bəyanatından elə çıxır ki, sanki Azərbaycan Ermənistanla İran arasındakı sərhədin önünü kəsmək niyyətindədir. Halbuki Zəngəzur dəhlizinin reallaşdırılması heç də İranla Ermənistan sərhədinin bağlanması demək deyil, belə düşünmək, sadəcə, absurd olardı. Əksinə, yeni kommunikasiyaların yaradılması təkcə Azərbaycan, Türkiyə, Rusiyanın deyil, Ermənistanla bərabər, İranın da xeyrinədir. İran əvvəldən də Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünə o qədər də isti yanaşmırdı, çünki bu, Türkiyə, Çin və s. yeni güclərin bölgədə oturuşmasına səbəb olacaq. Digər tərəfdən, Tehranda ehtiyatlanırlar ki, Zəngəzur dəhlizinin işə düşməsi İranı Azərbaycanı Naxçıvanla quru yolla birləşdirmək imkanı olan tranzit ölkə statusundan məhrum edə bilər. Xüsusi qeyd etmək lazımdır ki, yeni dəhlizin məqsədi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə sadəcə əlaqələndirmək deyil. Bu dəhliz həm də daha geniş mənada Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq. Bu baxımdan, adı hələlik müəyyən edilməmiş yeni dəhliz regionun bütün nəqliyyat arxitekturasını tamamilə dəyişəcək. Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub.

Keçmiş səfir: “İran Zəngəzur dəhlizinə razı olmayacaqlarını ifadə edir” | |  Xural qəzeti

Qeyd edək ki, Əli Xameneyinin bu açıqlamasının arxasında böyük ölçüdə İranın iqtisadi maraqları dayanır. Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra qlobal ticarət əlaqələri tamamilə yenidən qurulur, daşıma zəncirlərində həlqələr dəyişir, əvvəllər diqqət yetirilməyən marşrutların rolu dəfələrlə artır. Belə marşrutlardan biri də Rusiyanın Asiyaya artan yüklərinin daşınmasını təmin edəcək Şimal-Cənub nəqliyyat dəhlizidir. Məlumdur ki, Avropa, ABŞ bazarları üzünə bağlanan Rusiya bütün diqqətini Asiyaya - əsasən Çin və Hindistana, həmçinin İndoneziyaya yönəldib. Hazırda rəsmi Moskva bu ərazilərə yükdaşımaların ən optimal marşrutlarını müəyyənləşdirməyə çalışır. Bu baxımdan, Azərbaycan üzərindən İrana, oradan isə Hindistan və digər Asiya ölkələrinə yönələn marşrutun əhəmiyyəti qat-qat artır. Uzun illərdir Azərbaycanın xüsusi maraqlı olduğu bu layihənin icrasında İran tərəfi entuziazm nümayiş etdirmir.  Belə ki, İran indiyədək Asiyadan gələcək yüklərin daha qısa müddətdə Rusiya ərazisinə ötürülməsini təmin edəcək Rəşt-Astara dəmiryol xəttini tikməyə tələsməyib. Qəzvin-Rəşt dəmir yolunu 10 ilə - 2009-2019-cu illərdə tikib bitirən Tehran 2017-ci ildə Rəşt-Astara  yolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar güzəştli kredit də alıb. Lakin hələ də tikinti prosesinə başlanmayıb. Ukraynadakı müharibədən sonra dəyişən ticarət əlaqələri fonunda İran Rusiyanın ehtiyaclarından yararlanmaq üçün Şimal-Cənub nəqliyyat dəhlizinin bu seqmentinin mümkün qədər tez işə salınması üçün hərəkətə keçib. İyulun 4-də İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bəyan edib ki, ölkəsi nəyin bahasına olur-olsun, Şimal-Cənub Dəhlizində yerləşən Rəşt-Astara dəmiryolunu tikərək istifadəyə verəcək. Onun sözlərinə görə, 162 km uzunluğunda dəmiryolu xəttinin mövcud olmaması dəmiryol tranzitində çoxlu çətinliklər yaradır. Qasemi əlavə edib ki, hazırda bir konteyner gəmisi Hindistandan İranın Şəhid Rəcai limanına gəlir, gəminin yükləri qatarla Rəşt şəhərinə daşınır. Rəşt şəhərindən Astara şəhərinə yük maşınları ilə daşınaraq qatarlara yüklənir və Azərbaycan dəmir yolu ilə Finlandiyayadək daşınır. Bu istiqamətdə yüklər 17-18 gün ərzində daşınır. Halbuki bu yüklər Qırmızı dənizlə 45-60 gün ərzində daşınmalı olur.

İranlı nazir bildirib ki, İranın cənubunda yerləşən ölkələr İran vasitəsilə Rusiya istiqamətində yeni marşrutların yaradılması üzrə İrana müraciət ediblər. Son vaxtlar Rusiya ilə İran arasında 10 milyon ton yükün daşınması üzrə müqavilə imzalanıb. Digər ölkələrin də tranzit üzrə İrana müraciətləri var. Beləliklə, İran öz iqtisadi maraqları tələb etdikdən sonra Rəşt-Astara yolunun tikintisinə diqqət yetirməyə başlayıb.

Bugünlərdə İranda səfərdə olarkən Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi 146 km uzunluğunda Rəşt-Astara dəmiryol xəttini tikməyə hazırdır. Onun sözlərinə görə, bu yolun tikintisində Azərbaycan, İran və Rusiya maraqlıdılar: “Biz də bu yolun tikintisində maraqlıyıq. Çünki Rusiyanın şimalından - Sankt-Peterburqdan Fars körfəzinə birbaşa yol əldə olunacaq. Çox perspektivli marşrutdur. Biz bu yolu tikməyə hazırıq, bizə tikintinin detallarını razılaşdırmaq lazımdır”.

Rusiyanın İranla dəniz, həmçinin Türkmənistan üzərindən quru əlaqəsi var. Lakin həm Moskva yolları şaxələndirməkdə maraqlıdır, həm də mövcud yollar onun Asiyaya göndərmək istədiyi yük həcmlərini ötürməyə yetmir.

Bir il əvvələ qədər Azərbaycanın marağında olan layihələri gözardı edən İran indi canfəşanlıqla onların reallaşmasına çalışır. Çünki özünün həm iqtisadi, həm də siyasi maraqları bunu tələb edir.

Şimal-Cənub nəqliyyat dəhlizindan başqa, İran özünün təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsinin icrasında da Azərbaycandan asılıdır. Məlumat üçün qeyd edək ki, İran 2016-cı ildən bu layihəni irəli sürüb. Ötən ilin payızınadək İran üzərindən yüklərin Ermənistan ərazisi ilə Gürcüstana və Qara dəniz sahillərinə çatdırılması nəzərdə tutulurdu. Lakin İrəvanın bu daşıma zəncirini təşkil etmək üçün müvafiq infrastrukturu yox səviyyəsindədir. Belə ki, Ermənistanın layihədə iştirakı üçün İran sərhədindən Gürcüstan sərhədinədək dəyəri 2 milyard dollar olan magistral avtomobil yolunun tikintisi lazımdır. Son 6 ildə Ermənistan bu tikintinin heç 30 faizini belə həyata keçirə bilməyib. Bu şəraitdə Ermənistana lazımi maliyyə dəstəyi verə bilməyən İran məcbu olaraq Azərbaycan üzərindən keçəcək marşrutu seçdi. 2021-ci ilin son aylarında məlum oldu ki, İran Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsinə Azərbaycanın cəlb olunması istiqamətində mühüm addım atıb. İranın Avtomobil Yolları və Nəqliyyat Təşkilatının rəhbəri Cavad Hedayatinin verdiyi məlumatdan aydın oldu ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutu işə salırlar. İran rəsmisi bildirib ki, bu məsələ ilə bağlı üçtərəfli saziş əldə olunub. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək. Artıq bu layihə çərçivəsində Astarada yeni avtomobil körpüsünün tikintisinə də başlanıb.

Beləliklə, İranın Cənubi Qafqazdan keçməklə Avropa və Rusiya ilə iki əlaqə imkanının ikisi də Azərbaycan üzərindəndir. Bu isə Tehranın Bakıdan asılı olması görüntüsü yaradır. Hətta Azərbaycandan Naxçıvana, oradansa Türkiyəyə nəqliyyat marşrutunun yaradılmasına dair Bakı ilə əldə olunan razılaşma belə Tehranın qorxularını aradan qaldırmayıb. İran Ermənistan üzərindən Zəngəzur dəhlizinə bilavasitə Azərbaycanı alternativsiz qoymaq məqsədilə qarşı çıxır. Azərbaycanın Asiyadan Avropaya yükdaşımalarda İrandan asılılığı demək olar ki, yoxdur.  Xəzər üzərindən Qazaxıstan və Türkmənistan vasitəsilə gələn yüklərin həcmi sürətlə artır. Bu isə İran üçün heç də arzuolunan vəziyyət deyil.

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, İran 44 günlük müharibədən sonra yaranmış reallıqları həzm edə bilmir, yaxud buna müqavimət göstərməyə çalışır: “İşğal dövründə İran Qarabağdan ”boz zona" kimi istifadə edir, nəzarətsiz qalan sərhəddə bütün qanunsuz fəaliyyətləri həyata keçirirdi. Bura qaçaqmalçılıqdan tutmuş, çirkli pulların yuyulmasına, o cümlədən, sanksiyaların dəlinməsinə qədər hər şey daxildir. Azərbaycan torpaqlarını azad edəndən sonra İran bundan məhrum oldu. Tehranda hesab edirlər ki, Zəngəzur dəhlizinin açılmasından sonra Bakı və Ankaranın Zəngəzur bölgəsində təsir imkanı artacaq, o cümlədən, İranın Ermənistana çıxışında problemlər yaranacaq. Azərbaycan və Türkiyənin bölgədə təsirinin artacağı bəllidir, lakin İrana problemlərin yaranacağını düşünmək yanlışdır. Bakı Tehrana bu dəhliz üzərində də əməkdaşlıq təklif edir, lakin İranda Azərbaycanla hesablaşmaq istəmirlər. İranı narahat edən Cənubi Qafqaza çıxışda Azərbaycandan asılılığının artacağıdır, bununla yanaşı, Tehran Ankaranın bölgədə təsirinin artmasını qəbul etmək istəmir. Ermənistan maraqlarının müdafiəsi də məhz öz mənafeyinə xidmət edir. Sadəcə olaraq, hazırda İran üçün bölgədəki maraqlarını təmin edə biləcəyi yeganə platforma Ermənistandır".

A.Nərimanlı hesab edir ki, Tehranın Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq imkanı demək olar ki, yoxdur: “Fikrimcə, İranın dəhlizin açılmasına mane olması çətin olacaq. Çünki burada maraqlı tərəf təkcə Azərbaycan və Türkiyə yox, həm də Rusiyadır. Rusiya Qərbin bölgəyə girişinin qarşısını almaq üçün özünün imzaladığı razılaşmaların icrasını istəyir, Zəngəzurdan ”maneəsiz çıxış" da bu razılaşmalarda qeyd olunur. Bu baxımdan, Tehranın sona qədər dirənə biləcəyi ehtimalı azdır. İran bu mövqeyi ilə daha çox Zəngəzur dəhlizinin işində iştirakçı tərəflərdən biri olaraq qəbul edilməsinə çalışır. Mümkündür ki, bununla bağlı ortaq məxrəcə gəlinsin, xüsusilə 3+3 formatının yaradılması perspektivi maraqların toqquşmasını yox, uzlaşmasını şərtləndirir".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR