Təbrizdə oxunan şərqi və missiyamız: Bütöv Azərbaycanı bu uşaqlar quracaq - VİDEO
Dünən Təbrizin “Etles Mol” ticarət mərkəzində bir başqa ab-hava vardı. Orada nə al-verin səsi, nə də adi gündəlik qayğılar ön planda idi.
Orada Ana dili günü qeyd olunurdu! Azərbaycan türkü hər zaman olduğu kimi, öz varlığını təsdiqləmək üçün bir araya gəlmişdi. Təbrizdə, Bakıda, Tehranda, İrəvanda – harada yaşasa da, Azərbaycan türkü öz kimliyini qorumaq, gələcəyini təmin etmək uğrunda mübarizə aparır.
Bəli, qarşımızda böyük bir missiya dayanır – Bütöv Azərbaycanı qurmaq!
Bu, təkcə coğrafi birləşmə deyil, bölünmüş ruhların, 200 illik ayrılığın bitməsi, Ana yurdun tam olması deməkdir.
Təbrizdə oxunan şərqi və missiyamız
Bu gün Təbrizdə uşaqlar Azərbaycan türkcəsində şərqi oxuyurlar. Onların gözlərində parlaq bir işıq var – bu, Bütöv Azərbaycan arzusu ilə yaşayan hər bir azərbaycanlının ruhunda yanan işıqdır.
Bu gün bizi bir-birimizdən ayıran sərhədlər süni, tarixi ədalətsizliklərin nəticəsidir. Almanlar birləşdi, vyetnamlılar birləşdi, koreyalılar hələ də birləşməyə çalışır. Dünya dəyişir. Amma bizim hədəfimiz təkcə ayrılan torpaqlarımızı birləşdirmək deyil. Bizim missiyamız daha genişdir – Bütöv Azərbaycanla yanaşı, Turanı qurmaq, onu formalaşdırmaq, türk dünyasını Qızıl Alma yoluna yönəltmək.
Bu yol asan deyil. Amma Qarabağ uğrunda qazandığımız tarixi qələbə bizə sübut etdi ki, biz bu gücə sahibik. Xan Arazın həsrətli sularını sevindirmək, Xudafərini yenidən bütöv Azərbaycanın bir parçası etmək – bu, bizim milli və tarixi borcumuzdur.
Bütöv Azərbaycanın təməli artıq atılıb
Qarabağ döyüş meydanında azad edildi, lakin Bütöv Azərbaycan uğrunda savaş daha geniş və uzunmüddətli bir mübarizədir. Bu, təkcə torpaq savaşı deyil, mənəvi və ideoloji savaşdır. Azərbaycanın hər bölgəsində türk kimliyini qorumaq, milli şüuru gücləndirmək, qadağan olunmuş dilimizi, musiqimizi, tariximizi yaşatmaq – hər bir azərbaycanlının boynunun borcudur.
Bu gün Təbrizdə oxunan şərqi təkcə bir mahnı deyil – o, bir çağırışdır! O çağırış ki, bu millət tarix boyu susdurulmağa çalışılsa da, əsla sükut etməyəcək. Bu çağırış hər birimizə deyir ki:
Yaşasın Bütöv Azərbaycan!
Yaşasın Türk birliyi!
Yaşasın Azadlıq!
Bu yol uzun, çətin və fədakarlıq tələb edən bir yoldur. Lakin biz bilir və inanırıq ki, gələcəyimizi quran, şərqi oxuyan azərbaycanlı uşaqlar, bizi Zəfərə aparacaq!
ŞƏRHLƏRŞƏRH YAZ