İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə ana dili problemi - yazmaq yasaqdır, danışmaq isə...

Sayı 30 milyondan artıq bir toplumun öz ana dilində rəsmi səviyyədə danışa bilməməsi gerçəyi bu günlərdə əslən Təbrizdən olan prezident Pezeşkianın iştirak etdiyi görüşdə çılpaqlığı ilə üzə çıxdı. Aydın oldu ki, İranda prezident belə ana dilində danışmaq hüququndan məhrumdur.

İran dövləti nəyə görə ana dili məsələsinə bu qədər həssasdır? Bilindiyi kimi, bir sıra çoxmillətli Avropa ölkəsində bir neçə rəsmi dil mövcuddur və hər kəs öz ana dilində danışır, yazışır, təhsil alır. Məsələn, İsveçrə, Belçika, Lüksemburq və başqa ölkələr buna misal ola bilər. İranda isə hamı vahid dildə danışmağa məcbur edilir.

Ekspertlər qeyd edir ki, İranın bu məsələyə həssas yanaşmasının bir neçə səbəbi var. İran hakimiyyəti vahid milli kimlik yaratmaq üçün fars dilini yeganə dominant ünsiyyət vasitəsi kimi saxlayır. Həmçinin türklərin və digər etnik qrupların ana dilində təhsil hüququnun tanınması onların mədəni-siyasi mövqelərini gücləndirə bilər. Bu da İranın vahid dövlət modeli üçün təhlükə kimi qəbul edilir.

Bundan başqa, İranın müxtəlif dövrlərdə çoxmillətli imperiya olması və daxili separatizmdən çəkinməsi ana dili məsələsini daha da mürəkkəbləşdirir.

Tənzilə Rüstəmxanlı Globalinfo.az-ın redaksiyasına gəldi: “Bu saytın bir  obrazı var” - Globalinfo.az

 Tənzilə Rüstəmxanlı 

Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, rəsmi dövlət dilinin bir dil olmasının tərəfdarıyam. Bəzi ölkələrdə iki dil var. Həmin ölkələr ömür boyu müstəmləkə altında qalıblar. Məsələn, 600 il işğal altında olan Hindistanda dövlət dili, rəsmi dil ingilis dilidir, lakin ölkənin milli dili hind dilidir. Millət də öz dilində danışır.

Azərbaycanda da rəsmi dövlət dili Azərbaycan türkcəsidir. Amma uzaqdan nümunə axtarmağa ehtiyac yoxdur. Elə Azərbaycanın özündə də yaşayan xalqların hamısı öz ana dilində danışır, yazır, oxumaq imkanları var. Azərbaycandan kənarda təhsil alıb geri dönənlər də az deyil. Bununla demək istəyirəm ki, Azərbaycanda heç kimin öz ana dilində danışmasına dövlət tərəfindən qadağa qoyulmayıb. Belə bir hal heç vaxt olmayıb. İran məsələsi isə tamamilə fərqlidir. Üstəlik, İran yalnız orada yaşayan Azərbaycan türklərinə bu qadağanı tətbiq edib.

İranda 200 min civarında erməni icma halında yaşayır. Onların öz məktəbləri, kilsələri, ibadətxanaları, mətbəələri var və qəzet buraxırlar. Bir dəfə İrandan gələnlərə bu haqda sual vermişdim ki, niyə ermənilərə bu şəraiti yaradırsınız, Azərbaycan türklərinə isə yox? Cavab vermişdilər ki, “Azərbaycan türkləri müsəlmandır, onları özümüz kimi görürük, amma ermənilərə azlıq kimi baxırıq, ona görə də onlara fərqli yanaşırıq”. Lakin hər kəsə məlumdur ki, İran hakimiyyətinin əsas problemi Azərbaycan türkləridir. İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır və hakimiyyət Rusiya ilə birlikdə Azərbaycanı ikiyə böldüklərini anlayır, bu səbəbdən Azərbaycan türklərini özləri üçün təhlükə hesab edirlər. Digər millətlər belə məhdudiyyətlə üzləşmir.

Çox təəssüf ki, İranda prezidentlər dəyişsə də, dövlətin siyasəti və sistemi dəyişməz qalır. Bu, Amerika və Rusiya üçün də keçərlidir. Yəni İranda elə bir sistem qurublar ki, Pezeşkian getsə də, başqası gəlsə də, siyasət eyni qalacaq. Biz hələ Pezeşkianı özümüzünkü bilirdik, Azərbaycan türküdür. Lakin əgər Pezeşkian prezident olduğu halda belə öz ana dilində danışmağa çətinlik çəkirsə, indi düşünün, ölkənin sıravi vətəndaşları hansı vəziyyətdədir. Bu, İran dövlətinin və siyasətinin əsl mahiyyətini, iç üzünü göstərir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da qeyd edir ki, prezident Pezeşkian Azərbaycan türkü olsa da, İranın mühafizəkar dairələri tərəfindən ona maneələr yaradılır: “Onun çıxışında Şəhriyarın şeirlərindən sitat gətirməsinə dərhal kiminsə çıxıb qeydlə reaksiya verməsi onu göstərir ki, adi bir türk dilində danışması mühafizəkar dairələrdə ciddi reaksiya doğurur. Pezeşkiandan tələb olunan odur ki, mühafizəkarların nə deməsindən asılı olmayaraq, verdiyi vədləri yerinə yetirsin, iqtisadi problemləri həll etsin, insanlara daha çox azadlıq versin və İranda yaşayan xalqların istəklərinə diqqətlə yanaşsın.

Əlbəttə ki, o özü də bunu istəyir. Mühafizəkarlar hər zaman bu siyasətdə Pezeşkiana mane olacaqlar və konstitusiyaya görə də ali dini liderin səlahiyyətləri çox böyükdür. Amma məsələ burasındadır ki, Pezeşkianı xalq seçib. Ali dini lider isə seçkili bir orqan deyil, onu bir qrup molla seçir. Buna görə də Pezeşkian bu səlahiyyətdən istifadə edərək, mühafizəkarların müqavimətinə baxmayaraq, hədəflədiyi vəd etdiyi islahatları həyata keçirməyə çalışmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR