İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təbriz Məşrutə inqilabından əvvəl ən inkişaf etmiş şəhər idi, amma indi... "- Güneyli ekspertdən MÜHÜM AÇIQLAMA

 

"Təbriz Məşrutə inqilabından əvvəl ən inkişaf etmiş şəhər idi. Həmçinin Pəhləvi dövründə, İslam inqilabına qədər Təbriz ölkədə 5-ci yerdə qərarlaşmışdı. Lakin indi Təbriz ölkədə iqtisadi durumuna görə 11-ci şəhərdir".

Musavat.com bildirir ki, bu sözləri yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi "Urmu gölünün harayı" adlı tədbirdə bildirib. Ekspert qeyd edib ki, İran Güney Azərbaycanın sərvətlərini talan edir:

"100 ildə Təbrizi 11-ci sıraya salıblar. Təbriz yaxınlığında "Əndəryan" qızıl mədəni yerləşir. Bu, Yaxın Şərqdə ən böyük qızıl mədənidir. İran Rusiya ilə müqavilə bağlayaraq bu yatağı istismar edir. Oradan nə qədər qızıl çıxarıldığı və hara getdiyi haqda xalqa hesabat verilmir.

İkinci bir yataq "Süngün" mis mədənidir. Bu da ikinci ən böyük mis mədənidir. Burdan çıxarılan mis ya Kirmana aparılır, ya da Çinə ixrac edilir. Sərvətlərimiz talanır və xalqa heç bir açıqlama verilmir".

Ekspert İranın Güney Azərbaycanın tarixini də təhrif etdiyini deyib:

“İranda bizim tariximizi təhrif edirlər, ayrı cür yazırlar. Mədəniyyətimizi məhv edirlər. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır”.

Daha sonra ekspert Urmiya gölünün qurumasından söz açıb. O qeyd edib ki, hazırda Urmiya gölündə ekoloji fəlakət yaşanır:

“Urmiya gölünün Azərbaycana həyati yaşam mənası var. Bu gölün ətrafında 14 milyon insan yaşayır. Hazırda gölün 95 faizi quruyub. Keçmişdə həmin göl vasitəsilə yüklər daşınırdı”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR