İnsanlara hürriyət, millətlərə istiqlal!

TDT abbreviaturalı yeni Turan - saatlar Bakıda qurulur 

Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin siyasi, iqtisadi, geopolitik, hərbi məsələləri özündə birləşdirən güclü ittifaqına çevrilməkdədir

Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. 

Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğulayıb.

Ötən müddətdə TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. 

Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür”. 

Bu, Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir. 2023-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına  üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin mediada yayılan məlumatına görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon ABŞ dolları artıb. Halbuki 2022-ci ildə respublikamızın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard 635 milyon dollar təşkil edib. Hesabat dövründə təşkilata üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub.

Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin payına düşür. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünyada çox böyük əhəmiyyətə malik ərazidir. Bu amil Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır və mövqelərinin gələcəkdə güclənəcəyini şərtləndirir. Rəsmi təsisindən elə də böyük zaman kəsiyi keçməsə də, Türk Dövlətləri Təşkilatı qarşıya qoyulan hədəflərə sürətlə çatır və bundan sonra da çatacaq: “Türk Dövlətləri Təşkilatı böyük bir missiyanı qarşısına qoyub. O missiya uğurla yerinə yetiriləcək. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bu ittifaqın böyük potensialı və iradəsi var. Türk Dövlətləri Təşkilatına  üzv dövlətlərin liderlərinin iradəsi, bu birliyə üzv dövlətlərin cəmiyyətlərinin istəyi bu əminliyi yaradır. Bu baxımdan tam əminliklə demək olar ki, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin siyasi, iqtisadi, geopolitik, hərbi məsələləri özündə birləşdirən güclü bir ittifaqına çevrilməkdədir. Türk dövlətlərinin bu ittifaqı dünyaya, regiona ancaq əmin-amanlıq, sülh və əməkdaşlıq vəd edir, heç bir dövlətə, heç bir başqa təşkilata qarşı deyil. Eyni zamanda bərabər, hər hansı bir qüvvə bu dövlətlərə qarşı zorakılıq və ya başqa bir formada təpki göstərmək niyyətinə düşərsə, dərhal onun qarşısı 300 milyondan çox türkü birləşdirən ittifaq tərəfindən çox asanlıqla alınacaq. Bu gün dünyanın güc mərkəzlərinin içərisində çox ciddi qarşıdurmalar, parçalanmalar baş verməkdədir, əslində üçüncü dünya müharibəsi gedir. Belə bir həssas zamanda türk dövlətlərinin "Turan çətiri" altında TDT adlı ittifaqda birləşməsi həyati əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ittifaqı Türk dünyası ailəsi adlandırıb. Dünyada ikinci bir bu cür ittifaq yoxdur. Türk Dövlətləri Təşkilatı inkişaf etməkdə davam edir".

A.Hüseynov xatırlatdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsi idi. Bu yol xəritəsi ilə də proses uğurla davam edir: “Türk Dövlətləri Təşkilatının çox böyük perspektivinin olduğu barədə proqnozlar doğrulur. Azərbaycan üçün də bu təşkilatın xüsusi əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını bir neçə dəfə vurğulayıb. Bu təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından bu ailənin hər bir üzvü üçün əhəmiyyətli olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR