İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvanı qarışdıran qoca Nensi İrəvana gəlir - planı nədir....

 

“Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır”

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə İrəvana gələcək. Bu barədə ABŞ və Ermənistan nəşrlərində məlumat gedib. Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistan Baş naziri Nikol Paşinyan və digər erməni rəsmilərlə görüşü gözlənilir.

Pelosinin Konqres üzvü xanım Ceki Speyerlə birgə Ermənistana gələcəyi də vurğulanır. “Yeni Müsavat”ın müxbiri xatırladır ki, son aylarda ABŞ vəzifəli şəxslərinin Ermənistana səfərləri intensivləşib. Son aylar içərisində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin (iyun), Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börnsun (iyul), ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikerin (sentyabr) səfərləri xüsusi ilə diqqətə alınmalıdır. Bu və başqa vəzifəli amerikalılar İrəvana gəlib-gedəndən sonra regionda vəziyyət daha da gərginləşib, müharibədə məğlub olmuş Paşinyan hökuməti cəsarətlənib destruktiv mövqe nümayiş etdirib. İndi də məşhur Nensi Pelosi İrəvana doğru kurs götürüb. 82 yaşlı qarı Ermənistana niyə gəlir? Bununla bağlı müxtəlif rəylər söyləyənlər var. Onlardan biri də politoloq Elxan Şahinoğludur.

Onun sözlərinə görə, Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, gəlib Azərbaycan əleyhinə açıqlamalar verəcək: “Nensi Pelosinin İrəvana səfəri bizdən çox Kremli düşündürəcək. Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun bir müddət əvvəl İrəvana sirli səfəri də bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək”.

Polesi o adamdır ki, bir müddət öncə Çinin iradəsinə və onun təyyarəsini vuracağı hədəsinə baxmayaraq, Tayvana səfər etmişdi. Onun Tayvana bu səfəri də ‘’Ayı xidməti’’ sayıla bilərdi. Çünki bu səfər nəticəsində Çinlə Tayvanın münasibətləri daha da pisləşdi, az qala müharibə səviyyəsinə qədər inkişaf etdi. İndi Tayvanla Çini dalaşdıran skandallı qoca Pelosi bizim regiona gəlir. Onun ayağındakı gərginlik bizim regionu da vuracaqmı?

İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxdı”

 Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bu səfərin ermənilər üçün heç bir əhəmiyyətinin olmadığını düşünür: “Aydın məsələdir ki, Nensi Pelosinin səfəri erməni lobbisinin təşəbbüsü ilə baş tutacaq. Pelosi özü Kaliforniyadan seçilib və burda erməni lobbisinin gücünü xüsusi şərh etməyə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan arasında sərhəddə baş verən son toqquşma erməni lobbisi üçün Azərbaycan əleyhinə kampaniya üçün fürsət verib. Düşünürəm ki, son toqquşmanın dövlət sərhədində baş verməsinin əsas məqsədi o idi. Ermənilər Tovuz hadisələrində olduğu kimi indi də bilərəkdən toqquşmanı sərhədə çəkdilər. Ancaq bu səfərin ABŞ-ın siyasətinə böyük təsiri və ümumiyyətlə, proseslərə ciddi təsirindən danışmaq bir az şişirtmə olardı. Amma əlbəttə ki, ABŞ Cənubi Qafqazda fəallaşaraq, təşəbbüsü Rusiyadan almaq istəyir. Amma bunun üçün təkcə Ermənistanla yaxın olmaq, erməniləri dəstəkləmək kifayət deyil, ABŞ açıq şəkildə ermənipərəst xətt tutsa, bu Azərbaycanın narazılığına və dolayısı ilə ABŞ planlarına uyğun olmayacaq. Buna görə də, Vaşinqton indi Azərbaycanla münasibətləri pisləşdirmək istəməyəcək. Amma ABŞ-ın Qafqazda fəallaşması Rusiyanın maraqlarına ziddir. Rusiya bu regionu heç bir dövlətə, xüsusən də hazırda faktiki düşmən olduğu ABŞ-a güzəştə getməz. Bu mənada Pelosinin səfərinin Ermənistana ciddi siyasi dividend gətirəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, Tayvan və Ermənistan ABŞ üçün tamamilə fərqli əhəmiyyət kəsb edən ölkələrdir”.

AĞ Partiyada yeni təyinat olub.

 

Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə Nensi Pelosinin xaos yaratdığını qeyd etdi: “Yəqin ki, Nensi dünya siyasət tarixinə xaoslar kraliçası kimi düşmək istəyir. Ötən ay Tayvana gedən və Çinlə böyük gərginlik yaradan Pelosinin bu dəfə Ermənistana gedəcəyini açıqlaması Ermənistan mətbuatında və ABŞ-dakı ermənilərə yaxın mətbu orqanlarında böyük həvəslə tirajlanır. Məlumdur ki, bunu siyasi bir gediş olaraq istifadə etmək istəyirlər. Pelosi ilə yanaşı erməni əsilli Kaliforniya ştatının nümayəndəsi Ceki Speyer də bu həftəsonu Ermənistana səfər edəcəyini bildirib. ABŞ-ın Kaliforniya əyalətində yaşayan erməni əsilli insanların və onların lobbilərinin Amerika siyasətinə nə qədər təsirli olduğu məlumdur. Pelosi bu səfərindən noyabrda keçiriləcək Konqres ara seçkilərində istifadə etmək niyətindədir. Ümumilikdə onu qeyd edim ki, ermənilər ABŞ-da kifayət qədər güclü lobbi fəaliyyəti həyata keçirirlər. Onların bu fəaliyyəti zaman-zaman Ermənistan əleyhinə müsbət qərarların qəbul edilməsində mühüm rol oynayır. ABŞ nümayəndəsinin regiona səfərləri özündən öncəkilərin səfərlərinin mahiyyəti xarakterindədir. Yəni daha çox Cənubi Qafqaz regionunda söz sahibliyi məsələsinə vurğu edilir. Hazırda regionda 3 böyük güc özünü möhkəmlətmək istəyir. Bunlar Türkiyə, ABŞ, Rusiyadır. Qardaş Türkiyənin bizə və regiona münasibəti aydındır. Bu erməniləri ciddi şəkildə narahat edir. Eyni zamanda əvvəlki illərə nisbətən Rusiya daha neytral mövqedə dayanıb. ABŞ da Türkiyə və Rusiyanın mövqeyinə qarşı öz həmlələrini edir. Amma Nensinin bu səfərinin hər hansı ciddi bir nəticəsi olacağını, regiona hər hansı bir gərginlik gətirəcəyini düşünmürəm. Amerika eyni zamanda Azərbaycanla strateji müttəfiqdir. Yəni bir Ermənistana görə Azərbaycanla əlaqələrini tamamən riskə atmayacaqdır. Xatırlayırsınızsa, bir neçə ay öncə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanla gələcəkdəki əməkdaşlığın perspektivlərindən bəhs edirdi. ABŞ kimi dövlətlər adətən güclünün və qalibin yanında olurlar. Ermənistana olan səfərlər formal xarakterlidir”.

Akif Nağı: “Mitinq təxirə salındı”

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı Amerikanın dünya siyasətinə toxundu: “Nensi Pelosinin ”diplomatik fəaliyyəti" yaxşı heç nə vəd etmir. Amerika bu gün dünyada müəyyən münaqişə zonalarının yaradılması, yaxud münaqişə ocaqlarının qalması yönündə fəaliyyət göstərir. Ukrayna müharibəsi heç kəsə sirr deyil ki, Amerika və Rusiya arasında gedir. ABŞ Rusiyanı Ukrayna müharibəsinə cəlb edib çox çətin bir duruma saldı. Müxtəlif istiqamətlərdə eyni münaqişə əlamətləri hiss olunur. Tayvan nümunəsini göstərək. Amerika Tayvanla Çin arasında qarşıdurma yaratmağa çalışır. Eyni zamanda, Türkiyə ilə Yunanıstan arasında müəyyən gərginlik yaradır. Eyni prosesləri Cənubi Qafqazda da qabartmaq istəyirlər. Aydın görünür ki, Amerikanın məqsədi Rusiyanı çökdürməkdir. Bunun üçün də belə regional münaqişələrdən istifadə edir. Hər bir ölkə çalışmalıdır ki, Amerikanın istəklərinin həyata keçirilməsində alətə çevrilməsin. Ermənistanda da bunu başa düşməlidirlər ki, Pelosi ora sevgi ilə gəlmir. Sadəcə Ermənistandan Rusiyaya qarşı istifadə etməyə çalışırlar. Sərhədlərimizdəki son gərginlikdən ABŞ da yararlanmağa çalışır. Burada uduzan erməni tərəf oldu və təxribatların təşkil olunmasında əli olanlar artıq peşman olmağa başlayıblar. Regionda əlavə gərginliyin yaradılması hər zaman ola bilər və Azərbaycan buna hazır olmalıdır. Artıq Amerika Cənubi Qafqazda da Rusiya ilə çox ciddi rəqabətə girir. Çalışmalıyıq ki, qarşımızda duran vəzifələri yerinə yetirək ki, ölkəmizə heç bir ziyan dəyməsin".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR