İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarif savaşının altındakı yumurtalar

Öncə zəhmətkeşlərimizi 12 aprel - Kosmonavtika günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnşallah, gələn Novruzu Marsda qarşılayaq. Biz uşaq olanda məktəblilər arasında sorğu keçirsən çoxları “Qaqarin kimi kosmonavt olmaq arzusundayam” yazardı. İndi isə böyük ehtimalla ya polis, ya da manıs olmaq üstün gələr. Hətta bunu yaza bilsələr şükür, çünki aparılan yoxlamaların nəticəsinə görə Azərbaycan məktəblilərinin böyük hissəsi öz fikrini şifahi ifadə etməyə, danışmağa belə çətinlik çəkir, gəl gör yazmaq olsun.

Nə etməli, hər dövrün öz dəyərləri, qəhrəmanları vardır. O vaxt Müslümə qulaq asırdıq, indi Manafın cibində neçə manat olmasıyla maraqlanırıq. 

Hərçənd, pessimist olmaq lazım deyil və Sabirin o məşhur “əcnəbi və balon” temalı şeirinin qüvvədən düşdüyünü söyləmək mümkündür. İki gün qabaq Bakıda taksi havada uçurdu. Buyur. Artıq bütün dünyanın müzakirə elədiyi, lakin hələ də qayıra bilmədiyi uçan taksi nəqliyyat növü paytaxtımızda istifadə verilmişdir. İlon Mask bu qələti edə bilməyib. Hələ taksilər üzrə rəsmi yoxlamalar, lisenziya-zad söhbətləri islahatları müəyyən qədər ləngidibdir. Hökumət azadlıq versəydi indi uçan taksi ilə rayonlara da gedirdik. 

Bu arada, zəhmətkeşlərimizi umsuq eləmək istəyirik: mayda açılması gözlənilən Bakı-Tiflis qatarı açılmayacaq. İdarə bunu təxirə salıbdır. Nəyə görə, heç kəs bilmir. Yəqin sınaq uçuşları həyata keçirilməlidir, sərnişinləri aylarla qaranlıq bunkerlərdə yoxlamalıyıq. Yol uzaqdır, bunun radiasiya, meteorit, asteroid təhlükəsi var, aclıq-susuzluq, Günəş partlamaları və sairə... Deyəsən bunlar Marsa uçuşlara aid idi, ancaq nə fərqi, bu saat Marneuli bizim üçün elə Mars kimi yerdir. 

Sözgəlişi, hamı uçan taksidən danışır, lakin hadisə yerinin xüsusiyyətlərini unuduruq. Kadrlardan açıq görünür ki, ora Azərsu idarəsinin qabağıdır. Su idarəsini görəndə hamımız sevindiyimizdən qanad açıb uçuruq, burda qeyri-adi heç nə yoxdur. Hələ Tarif Şurası suyun qiyməti üzrə müraciətə baxsın, əsas uçuşlarımız onda olacaqdır. 

Nəqliyyat sektorumuz, ümumiyyətlə, uçana-qaçana aman vermir. Ən çox da metro inkişaf etməkdədir. Hər 30 ildə 0,5 stansiya istifadəyə verilir. Üstəlik, biz təzə stansiya gözlədiyimiz anda hökumət götürür köhnələri də bağlayır. İndi təzə bir islahat ortaya atılıbdır, deyir “Həzi Aslanov”dan “Dərnəgül”ə getmək üçün “28 may”da metrodan çıxmaq, gəzə-gəzə “Nizami” stansiyasına gedib orda təzədən yerin altına girmək lazım gələcəkdir. Hansısa tunel qazırmışlar. 

Çox gözəl infrastruktur (bilmirəm buna diqqət eləmisinizmi, “infrastruktur” deyəndə insan sanki at kimi fınxırır - bu da nəqliyyatla bağlıdır, yada salın at gücü hesabını) projesidir. Yaxşı olar tunellər qazılandan sonra da açılmasın. Onsuz bəzi metrolarımızda keçidlər o qədər uzundur ki, qatara çatanacan Yerin bütün geoloji inkişaf dövrünü xatırlayırsan. 

Sonda bir geopolitik analizimi oxuyun. ABŞ prezidenti bütün dünyaya tarif müharibəsi elan etdi, ara qarışdı, məzhəb itdi. Sonra dövlətlərin çoxuna 3 aylıq fasilə verdi, yeganə Çinlə davası kəsmir. Təsadüfə bax ki, mən elə bugünlərdə Mikayıl Müşfiqi oxuyurdum, onun 1927-ci ildə yazdığı bu misralara rast gəldim:

“Əsrlərlə şərqlilərə kəsildin acı,

Sən ey vəhşi, sən ey azğın imperializm!

Gəl Çindəki üsyanlara baxma qıyqacı,

Düşün, bu gün onlarda var böyük bir əzm...

İndi coşqun bir dənizdir hər işçi Çində,

Çəkil geri, qorxutamaz kimsəyi qüvvən,...

Yarın sönər zalımların tökdüyü yaşla.

Salam sənə, Çin işçisi, üsyana başla!"

P.S. Məncə, dünya tarif böhranına bizim ABŞ-a yumurta ixrac etməyimizin də böyük təsiri oldu. Hər toyuq bizim yumurtanın üst

ündə yata bilməz. 

  

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR