İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri-I HİSSƏ

Hər şey ondan başladı ki, əkiz qız nəvələrimin ad günün keçirmək üçün Fransaya yollandıq. Sürixdən çıxaraq məcralar şəhəri Parisə yol aldıq. Bir vaxtlar Leninin “dünyanın paytaxtı” adlandırdığı şəhərdə biz də məcralarla üzləşdik. Bu barədə bir az sonra...

Əlbəttə, bu, şəxsi xarakterli bir səfər idi. Ancaq Fransaya Azərbaycanda fərqli münasibət var. İctimai rəydə Fransa küncə sıxışdırılıb. Bu kimi amilləri nəzərə alaraq öz təəssüratlarımı qələmə almağı lazım bildim...

Əvvəllər Azərbaycan hökuməti Fransanın “Luvr” muzeyi də daxil olmaqla bir çox mədəniyyət mərkəzinə, kilsələrinin təmirinə milyon dollarlarla yardım edib. Təbii ki, bu yardımlar Fransa tərəfindən alqışlanıb, təqdir olunub. Azərbaycanda isə bu yardımlar süngü ilə qarşılanıb. Çünki Azərbaycanın özünün bu milyonlara ciddi ehtiyacı vardı. Buna baxmayaraq Azərbaycan iqtidarı Fransaya səxavətlə maliyyə ayırırdı. Niyəsi də bəllidir. Erməni diasporunun əsas dayaqlarından biri Fransadır. Azərbaycan Fransadakı erməni diasporunu neytrallaşdırmaq üçün Fransa ilə isti münasibətlər qurmağa çalışırdı. Ancaq 44 günlük müharibədən sonra Fransa getdikcə daha çox Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməyə başladı. Hal-hazırda da münasibətlərimiz o qədər ürəkaçan deyil. Hər iki tərəf açıq şəkildə qarşıdurmaya meyllənib.

fransa-turizm-gelirlerind_fd06.jpg (53 KB)

Şübhəsiz ki, bu münasibətlərin normallaşmasına ehtiyac var. Azərbaycan bütün parametrlər baxımından Cənubi Qafqazda dominant ölkədir. Bu reallığı Qərb qəbul edir. Təəssüf ki, digər Qərb ölkələrindən fərqli olaraq Fransa erməni məsələsinə rasional yanaşma sərgiləmir. Əksinə, daha çox emosional çılğınlığa üstünlük verir. Bu da qarşılıqlı münasibətlərə mənfi təsir göstərir. Ümid edirəm ki, rəsmi Fransa da tezliklə daşı ətəyindən tökmək məcburiyyətində qalacaq. Xüsusən İlham Əliyevin Almaniyaya uğurlu səfərindən sonra Fransanın Cənubi Qafqaza yeni yanaşma sərgiləmək zorundadır. Mən şəxsən Fransa-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıyam. Bizə Fransa kimi ölkə ilə qarşıdurma lazım deyil. Ancaq o da sirr deyil ki, Fransa heç Türkiyə ilə də xoş münasibət saxlamır. Türkiyə və Azərbaycana bir ovuc erməniyə görə arxa çevirmək Fransanın xarici siyasətindəki naqisliyindən xəbər verir...

Fransa dünyada ən çox turistin ziyarət etdiyi ölkələrin başında gəlir. Hər il bu ölkəyə 90 milyondan çox turist təşrif buyurur. Xüsusən paytaxt Paris turistlər üçün son dərəcə cazibədar məkandır. Hər il ən azı 20 milyon turist bu şəhəri gəzib dolaşır. Fransa Qərbi Avropada yerləşir. Siyasi arenada “klassik Qərb” dedikdə Böyük Britaniya, Fransa və Almaniya nəzərdə tutulur. Fransa Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvü kimi də tanınır. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa İttifaqında isə ərazicə birinci ölkə sayılır. Müqayisələr həmişə qüsurludur. Məsələn, Fransa ABŞ-ın 50 ştatından biri olan Texasdan belə ərazi baxımından kiçikdir. Əhali baxımından isə Texası üstələyir: Fransada 70 milyona yaxın, Texasda isə 30.05 milyon insan yaşayır...

Turizm Fransaya 100 milyard dollarlarla gəlir gətirir. 90 milyon turist nə deməkdir? Bu, son dərəcə nəhəng bir biznes sahəsidir. Bakıda iki ərəbi yan-yana görəndə insanlarımız cin atına minir. Halbuki bütün dünya ölkələri turist axınının güclənməsi üçün mümkün olan və olmayanları həyat keçirirlər. Son vaxtlar əcnəbilər arasında Azərbaycana da ciddi maraq yaranıb. Turizmi Azərbaycanın əsas gəlir mənbələrindən birinə çevirmək lazımdır...

081df0eb-cfff-434d-bd68-591ced8bbef1.jpg (86 KB)

Fransa Respublikasının milli şüarı belədir: "Liberté, égalité, fraternité" ("Azadlıq, Bərabərlik, Qardaşlıq"). “Qardaşlıq” sözü hazırda Fransada ciddi etirazlara səbəb olur. Çünki “qardaşlıq” sözü kişi cinsini aiddir. Məsələn, deyirlər ki, niyə “qardaşlıq”, nədən “bacılıq” olmasın? Xüsusən feministlər bu məsələdə təkid edirlər. Hazırda fransızlar, eləcədə bütövlükdə Qərb hesab edir ki, bu kimi ifadələr cəmiyyətdə hələ də kişilərin dominant olmasından xəbər verir. Ona görə də bu sözü mütləq dəyişdirmək lazımdır. Təbii ki, biz çağdaş Qərbin LGBT (lezbiyan, gey, biseksual və transgender) zehniyyəti ilə bağlı söhbətlərinə baş qoşmaq fikrində deyilik. Sadəcə onu deyim ki, 2013-cü ildən etibarən Fransada eyni cinsdən olan insanları evlənməsinə qanunla icazə verilib. Parisdə gəzib dolaşarkən LGBT üzviləri ilə tez-tez qarşılaşmaq olar. Qadın olmağa üstünlük verən “kişilər” nazlana-nazlana elə cazibədar yeriş sərgiləyirlər ki, baletdə rol olan nərmə-nazik qızlar belə onlara həsəd apara bilər...

Fransız dili ilə bağlı bir-iki kəlmə deməsək olmaz. Bir vaxtlar bu dil Avropada əsas ünsiyyət vasitəsi olub. Hətta Böyük Britaniyada dövlət dili statusuna qədər yüksəlib. 300 il rəsmən Britaniyanın dövlət dili olub. Dünyada fransız dilini ana dili səviyyəsində bilənlərə frankafon deyirlər. Dünyada 24 ölkə üçün fransız dili ana dilidir. Ancaq indi vəziyyət xeyli dəyişib. Rəsmi statistikaya görə, fransız uşaqların 94 faizi ingilis dilini ikinci dil kimi bilirlər. Fransada ingilis dili son dərəcə populyardır. İş o həddə çatıb ki, Fransa dövləti 1994-cüi ildə qanun qəbul edib ki, yerli radiolarda səsləndirilən musiqinin ən azı 40 faizi fransız dilində olmalıdır. Çünki ingilisdilli mahnılar yerli mahnıları sıxışdırıb kənara atır. Ancaq bu iş qanunla da düzəlmədi. Etirazlar ucaldı. İndi bu göstərici 15 faizə qədər endirilib. Bu fakt özlüyündə çox şey deyir...

nedenfransa.jpg (92 KB)

Bunu niyə yazıram? Azərbaycanda hələ də ingilis dilinin yayılmasına etiraz edənlər var. Fransa kimi möhtəşəm ölkə ingilis dilinə bu qədər önəm verirsə, biz nədən bu tendensiyaya etiraz edirik? Bu sualın məntiqi cavabı yoxdur. Bir şeyi də deyim. Biz İsveçrədə yaşayırıq. Bizim ailə üçün alman dilində danışmaq daha rahatdır. Ancaq alman dili Fransada bir işə yaramır. Heç fransız dili də Almaniyada ünsiyyət qurmaq üçün uğurlu seçim deyil. Ancaq Avropanın, eləcə də dünyanın harasına getsəniz ingilis dili vasitəsi ilə insanlarla asanlıqla anlaşa bilərsiz...

Hə, fransızlar deyib-gülən, şən və zarafatcıl xalqdır. 1 apreldə insanların bir-birini məzə üçün aldatması da Fransadan gəlir.

Sena çayının yaxınlığında yerləşən Eyfel qülləsi metaldan hazırlanıb və Fransanın simvolu sayılır. 1887-1889-cu illərdə məşhur memar Qüstav Eyfel tərəfindən hazırlanmış bu qüllə 330 metr hündürlüyə malikdir. Uzun müddət dünyanın ən hündür tikilisi olub. Fransızlar bu qülləyə “dəmir ledi” deyirlər. Orta hesabla hər gün 25 min turist bu qülləyə baş çəkir. Yaranandan indiyə kimi isə 300 milyondan çox adam bu abidəni ziyarət edib. Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Çin və Yaponiya kimi ölkələrdə Eyfel qülləsinə bənzər abidələr ucaldılıb. Ancaq onların heç biri Eyfel qədər məşhur deyil. “National Geographic Channel”ın hesablamasına görə hazırda 480 milyon dollara Eyfel qülləsini tikmək olar. Müqayisə üçün deyim ki, hazırda dünyanın ən hündür tikilisi olan Bürc Xəlifə (829.8 metr) 1.5 milyard dollara başa gəlib...

d2704eb1-f83e-4bdf-8ad6-cf1dd735a4e4.jpg (464 KB)

Bu qüllə  Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş Böyük Fransa inqilabının (1789–1799) 100 illik yubileyi münasibəti ilə ucaldılıb. Hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq, insan hüquq və azadlıqları kimi mütərəqqi prinsiplərə əsaslanan siyasi-sosial inqilab tiranlığın rəmzi olan Bastiliya qalasının alınması ilə yekunlaşdı...

Orasını da deyim: XX əsrin ən böyük fırıldaqçılarından biri olan Viktor Lustiq (lustig alman dilində gülməli, şən anlamını verir) saxta sənədlər əsasında Eyfel qülləsini iki dəfə satıb. Məşhur qumarbaz olan bu şəxs ABŞ-da 50 dəfə həbs olunub. Bu qüllənin satışı ilə “məşğul olan” digər fırıldaqçılar da olub...

4b762331-7d20-4d37-b749-22685afa6ab8.jpg (378 KB)

Biz də bu qülləni ziyarət etdik. Təəssüf ki, qüllənin yuxarısına çıxa bilmədik. Növbədə minlərlə adam vardı. Gərək səhər açılmamış özünü qüllənin kassasına çatdırasan. Bütün gecəni növbədə keçirənlər var...

Qüllənin ətrafındakı bütün küçələrdə əsasən zəncilər qüllənin kiçik maketini turistlərə satırlar. Biz qülləyə çatanda artıq qaranlıq düşmüşdü. Qülləyə quraşdırılmış lampalar ətrafa işıq saçırdı. Bu, qülləyə son dərəcə ecazkar görünüş verirdi. Şıdırğı yağışın altında qülləni heyranlıqla seyr edirdik. O da maraqlıdır ki, qüllənin maketini satanlar öz aramızda türkcə danışdığımız duyan kimi türkcəyə keçdilər. Bildikləri bütün türk sözlərini sıralayaraq bizə nəsə satmağa çalışdılar. Təbii ki, bizdə əziyyət çəkib türkcə danışan zənci satıcını məyus etmədik...

308910.jpg (86 KB)

Deyim ki, İsveçrədə belə şey ola bilməz ki, kimlərsə yerə mal düzüb turistə satsın. Məncə, bu, küçə ticarəti Parisə o qədər də yaraşmır. Ancaq biz Fransanın daxili işlərinə qarsımasaq, yaxşıdır...

Zənci satıcılar məsələsinə təsadüfən toxunmadım. Bir tanış zənci xanım var. O, həmişə şikayət edir ki, Parisə gedə bilmirəm. Gedəndə hara baxıramsa, özüm kimi zənciləri görürəm. Ancaq mən Parisdə ağ adamları görmək istəyirəm. Paris az qala Afrikaya dönüb. Hara baxırsan zəncidir. Həqiqətən də tanış xanımın dediyi kimi idi. Onu da mütləq qeyd edim ki, Fransada 11 milyondan çox müsəlman yaşayır. Yəni Fransa ən çox müsəlman yaşayan Qərb ölkəsidir. Ancaq orası da var ki, Fransada müxtəlif bəhanələrlə müsəlmanlara qarşı ən mürtəce qanunlar qəbul olunur. Özü də Fransa parlamenti bu qanunları bəh-bəh ilə, tərifləyə-tərifləyə dünyaya sırımağa çalışır. Ancaq mütərəqqi dünya, xüsusən müsəlman ölkələri bununla qətiyyən razılaşmır. Və bu yanaşmanı faşizmlə müqayisə edir...

fransa-hakkinda-220311-165718-48.jpg (72 KB)

Onu da deyim ki, Eyfel qülləsini ziyarət etmək bizə çox baha başa gəldi. Deməli, maşınları kirayə tutduğumuz mənzilin (3 gecəyə 570 avro) qarşısında buraxıb metro ilə gedəsi odluqduq. Paris metrosu da maraqlıdır. Orada Moskva metrosunda olan əzəmətdən əsər-əlamət gözə dəymir. Sadə və praktikdir. Deməli, adambaşına 2 avrodan 8 bilet aldıq. Ancaq biletlərlə yanlış davrandığımıza görə 300 avro cərimə olunduq. Belə ki, bileti aldıqdan sonra 8 nəfərdən ibarət olan ailəmiz geniş girişdən keçib getdi. Geri döndükdə də eyni qaydada geniş keçidə üz tutduq. Bu dəfə konduktor qabağımızı kəsdi. Məlum oldu ki, biz əlimizdə olan biletləri qeydiyyatdan keçirdikdən sonra metro xidmətindən istifadə edə bilərmişik. İsveçrədə gəlib bileti yoxlayırlar. Fransada isə qayda bir qədər fərqlidir. Biz də bunu bilməmişik. O da maraqlıdır ki, konduktorlar bizim kimi xeyli adamı saxlamışdılar. Biletlə bağlı bu və ya digər yanlışa yol verənlər həmən cərimə olunurdu...

Cərimə məsələsində Qərb ölkələrində vəziyyət aşağı-yuxarı eynidir.

Davamı var...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR