Onlayn ictimai-siyasi qəzet
Yasin Mustafayev: “Qiymət artımının qarşısını almaq üçün yeganə üsul...”
Son günlər paytaxtda taksi qiymətlərində bahalaşma narazılığa səbəb olub. Sakinlər bildirirlər ki, əvvəllər 4-5 manata getdikləri yol üçün indi 9-10 manat ödəməli olurlar. Halbuki qiymət artımını hər kəs iyulun 1-dən gözləyirdi.
Belə ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu amil ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub. Yeri gəlmişkən, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri taksilərin sayını azaltmaq idi.
Taksi bazarında nələr baş verir? Bir neçə ay öncə taksi fəaliyyətinin tənzimlənəcəyi, yeni qərarların vətəndaşların xeyrinə olacağı bildirilirdi. İndi isə atalar sözündə deyildiyi kimi, “qaş qoyan yerdə gözünü də çıxaracaq”lar?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Musavat.com-a deyib ki, bir aydan sonra vəziyyət daha da çətinləşəcək:
“Hazırda istifadə olunan nəqliyyat vasitələrinin çoxu qoyulan tələblərə cavab vermir. İyulun 1-dən istehsal ili 8 ildən çox olan avtomobilləri də buraxmayacaqlar. Hazırda istehsal müddəti 15 il olanlar qeydiyyatdan keçə bilir. Amma bu, iyulun 1-nə qədərdir. Kim cəld tərpənsə, kim seçim etsə o, buraxılış kartı alacaq. Belə olsa belə, yenə taksilər yarıbayarı azalacaq. İstehsal müddəti 15 ildən çox olan nəqliyyat vasitəsi də çoxdur. Həmçinin qoyulan tələblər istər AVRO 5 standartı, istərsə də isitmə-soyutma sistemləri olsun, avtomobillərin çoxu bu standartlara cavab vermir. Məsələnin real tərəfi budur. Bizim taksilərin əksəriyyətinin taksometri yoxdur. Eləcə də sürücünün ad, soyad yazılan lövhələri də yoxdur. Bunları ərsəyə gətirmək üçün tələblər var ki, onlar yerinə yetirilməlidir. Bunlar da çətinlik yaradan amillərdir. Əgər biz keyfiyyət, sakitlik, rahatlıq, sürücü mədəniyyəti istəyiriksə, bunlar olmalıdır. Bir də sürücülərə keçilən təlimlər. DİM açıqladı ki, sürücülərə təlimlər keçiləcək, onlar imtahana cəlb ediləcəklər. Açıq danışaq ki, taksi sürücülərində intellektual səviyyə o qədər güclü deyil ki, imtahan versinlər. Bu da sürücülərin sayını azaldacaq amillərdəndir. Bütün dediklərimizi ümumiləşdirsək, kəskin şəkildə azalma olacaq”.
Ekspert bildirib ki, taksilərin sayı azalan zaman qiymətlərin artması qaçılmaz olacaq:
“Bazarın təklif və tələb prosesi artıq buna öz təsirini göstərəcək. Qiymətlərin artımı da reallıqdır, biz bunu görəcəyik. Amma nə qədər artacaq, bunu zaman göstərəcək. Çünki biz taksi fəaliyyətində Tarif Şurasının, digər qurumların tənzimləyici rolu olmadığını görürük. Burada sərbəst məzənnədir, bunu bazar tənzimləyəcək. Amma daha yaxşı olardı ki, bu proseslərin fonunda elektrikli avtomobillərə üstünlük verilsin. Çünki elektrikli avtomobillərin yanacaq sərfiyyatı (80 faiz) daha sərfəlidir. Bu da gedişhaqqına birbaşa təsir edər. Müvafiq güzəştli şərtlər yaratmalıyıq. Bunun tam vaxtıdır. Proseslər yeni başlayıb. Bu işlə məşğul olacaq hüquqi, fiziki şəxslər bu yöndə addım atsınlar. Bu zaman qiymət artımının qarşısı alınar”.
Afaq MİRAYİQ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ