İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayıdış torpaqlara yeni nəfəs verib

İndiyədək Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağa “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Proqramın ikinci mərhələsi üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

İndiyədək Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Məlumatda konkret rəqəmlər də ifadə olunub. Məlum olur ki, bu günədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə- yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə-238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə, hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb.

Məlumat üçün bildirək ki, təkcə ötən ay 444 ailə (1697 nəfər) öz doğma yurdunda məskunlaşdırılıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri davam edir, burada yeni yaşayış məntəqələri istifadəyə verilir. Öz dədə-baba yurduna qayıdan soydaşlarımıza yeni mənzillərin açarları təqdim olunur. Cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtması nəzərdə tutulur. İlin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq”.

Millət vəkili Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət  hesabatını TƏQDİM ETDİ

Könül Nurullayeva

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib: “Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Proqramda 100 yaşayış məntəqəsi nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. "Böyük Qayıdış" Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq".

Deputat əlavə edib ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Onun sözlərinə görə, bu, Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir: “Dövlət başçımızın da bəyan etdiyi kimi, biz bu torpaqların sahibləri, qurub-yaradanıyıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan edib. Azərbaycanlıların öz yurd-yuvasına qayıdışı bu bölgəyə yeni nəfəs verib. Dövlət soydaşlarımızın təhlükəsiz və rahat yaşaması üçün bütün tədbirləri həyata keçirir. Sakinlərin aktiv məşğulluğunun təmin olunması da əsas priroritetlərdən biridir. "Böyük Qayıdış" Proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-yə çatıb".

Deputat həmçinin vurğulayıb ki, azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri də davam etdirilir: “Ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir. Buraya qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir. Hazırda 159 min hektar ərazi minalardan təmizlənib. 2022-2025-ci illər ərzində ümumilikdə 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu da öz doğma yurduna qayıdan soydaşlarımızın daha təhlükəsiz şəraitdə məskunlaşmasına zəmin yaradır. Bütövlükdə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”.

Yazını hazırladı: Cavanşir ABBASLI

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR