Onlayn ictimai-siyasi qəzet
Qışın sərt soyuğu Xocalının üstünü bürümüşdü. Amma o gecə üşüdən yalnız şaxta deyildi… O gecə bəşəriyyətin vicdanı donmuşdu...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, rus ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda qətliam törətmişdi...
Gecənin qaranlığında bir şəhər yox olurdu...
Küçələrdən fəryadlar yüksəlirdi. Qadınlar çarəsiz qışqırır, uşaqlar ağlaya-ağlaya analarının qan içindəki bədənlərinə sarılırdı. Atalar güllə yaralarından yerə yıxılır, son nəfəsində balalarının adını pıçıldayırdı.
Xocalıda insanlar qaçırdı. Amma hara? Hər tərəfdən güllə yağırdı. Kimi qarlı meşələrdə donaraq öldü, kimi körpəsinin gözləri qarşısında süngüyə keçirilərək can verdi. Hamilə qadınların qarınları süngü ilə yırtıldı, içindəki körpəylə birgə öldürüldü.
Qanlı ayaq izləri, yarımçıq qalan dualar, körpə çığırtıları… O gecə Xocalıda insanlıq yox oldu.
613 nəfər… Bir nəfər, iki nəfər deyil – altı yüz on üç nəfər parçalandı, qətlə yetirildi. 63 uşaq… 63 günahsız, mələk dünyadan amansızcasına qoparıldı. 8 ailə tamamilə silindi – sanki heç vaxt yaşamamış kimi.
Qar dənəcikləri qan damcıları ilə qarışdı. Uşaq əlləri yerdə dondu, gözlərdə sonuncu ümidsiz baxışlar qaldı. O gecə bir xalqın 613 nəfərlik ürəyi dayandı. 63 körpənin adı sükutun içində yox oldu. 106 qadın son nəfəsində balasının adını pıçıldadı. 70 qoca gözlərini göyə dikib xilas gözlədi. Amma o gecə göy üzündən yalnız güllələr yağdı
Bəs dünya? Dünyanın gözü önündə baş verirdi bu dəhşət, amma dünya kar idi, lal idi. Xocalının fəryadını eşitmək istəmədi.
Və dünya susdu… Dünya baxdı, amma görmədi. Eşitdi, amma susdu. Heç kim “Dayanın!” demədi. Heç kim bu dəhşətin qarşısını almadı. Xocalı fəryad edirdi, amma bu fəryad yalnız səmaya yüksəlirdi…
İllər keçdi, amma Xocalının qanı torpaqdan silinmədi. Azərbaycan susmadı. Azərbaycan xalqı və onun rəhbəri, Ali Baş Komandan İlham Əliyev Xocalının intiqamını almağa and içdi!
2020-ci və 2023-cü ildə Azərbaycan Ordusu düşmənə tarixi dərs verdi, torpaqlarımızı düşmən tapdağından xilas edərək geri aldı. Xocalımız da işğal altında olan digər torpaqlarımız kimi azadlığa qovuşdu. Qələbəmiz az da olsa yaralarımıza su səpdi. Amma...amma Xocalıda axan qanı heç bir qələbə yuma bilməz…Ədalət bərpa olunan günə qədər isə mübarizəmiz davam edəcəkdir!
Bu gün Xocalı ölmüş uşaqların, gözləri önündə anaları öldürülən qızların, balalarının parçalanmış cəsədini qucaqlayan ataların ahı ilə yaşayır.
Xocalını unutma!
İqbal Səfərov, Vətən müharibəsi iştirakçısı, Quru qoşunların Komando kəşfiyyat tağım komandiri
28 Fevral 2025
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ