İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa və Laçının Azərbaycanın dünya ilə əlaqələrində rolu

Elman Nəsirov: “Bunlar təkcə mədəni hadisə kimi deyil, həm də siyasi hadisə kimi dəyərləndirilməlidir” 

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. XİN başçısı çıxışı zamanı Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilməsi üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verib.

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Qeyd edək ki, bundan öncə 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi.

Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi.

Elman Nəsirov: Humanizm Azərbaycanın dövlət siyasətinin təməl prinsipidir -  AZƏRTAC

Elman Nəsirov

Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi kimi böyük əhəmiyyət daşıyan bir işin uğurlu davamında bu hadisənin ciddi təsiri oldu. Sözügedən il ərzində türkdilli xalqlar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn tədbirlər keçirildi. 

2023-cü il sentyabrın 25-də isə Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynadı.

Bütün bunlar işğaldan azad edilmiş şəhərlərimizin Azərbaycanın dünyaya tanıdılmasında, həmçinin Azərbaycanın bir sıra regional və beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqələrinin dərinləşməsində mühüm rol oynadığının göstəricisidir. 

Bu barədə Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi hadisəsinin çox böyük siyasi mənası var idi: "Bu, təkcə mədəni hadisə deyildi. Bütün dünya, Türk dünyası bir daha onun fərqində oldu ki, Şuşa şəhəri tarixi Azərbaycan torpağıdır və türk mədəniyyətinə böyük töhfələr vermiş şəhərdir.  

Eyni zamanda 2024-cü ildə Şuşa şəhərinin həm də “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də böyük hadisə idi. Nəzərə alsaq ki, İslam dünyasında təxminən iki milyard nəfərə yaxın insan yaşayır, 57 müsəlman dövləti var, Şuşa şəhərinin "İslam dünyasının mədəniyyət paytaxtı" statusu daşıması heç şübhəsiz bu tarixi Azərbaycan şəhərinin müsəlman dünyasının tərkib hissəsi Azərbaycana məxsus olduğunu bu qədər böyük bir areala nümayiş etdirmiş oldu. Eyni zamanda 30 ilə yaxın Şuşanın Ermənistanın işğalı altında olması faktını da bütün müsəlman dünyası bir daha bilmiş oldu. Bütün bunlar olduqca önəmli, ölkəmizin tanıdılması, reallıqların nədən ibarət olduğunun çatdırılması baxımından önəmli hadisələrdir. 

İndi isə gələn il üçün Laçın şəhərinə “MDB-nin mədəniyyət paytaxtı” statusunun verilməsi məsələsi müzakirə olunur. Bunun da reallaşacağına inanıram. Və bunun reallaşması növbəti dəfə onun göstəricisi olacaq ki, işğaldan azad edilmiş Azərbaycan şəhərləri dünyaya təqdim olunur. Bu qədim şəhərlərimiz dünyaya təqdim olunduqca proses həm də Azərbaycanın dünya ilə, dünyanın müxtəlif təşkilatları ilə əlaqələrinin yeni formada dərinləşməsi mənafeyinə xidmət göstərir. Ona görə də bu hadisələr çox qürurverici hadisələrdir. Bu hadisələr bir daha onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimiz müsəlman və Türk dünyası ilə yanaşı, MDB ölkələri üçün mədəniyyət baxımından böyük cəzbedicilik potensialına, Azərbaycanı tanıtmaq imkanına malikdir. Ona görə də hesab edirəm ki, bu hadisələr təkcə mədəni hadisə kimi deyil, həm də siyasi hadisə kimi dəyərləndirilməlidir".  

Hazırladı: Etibar SEYİDAĞA 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR