İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa daha Yerusəlim kimi şəhər deyil - bizim İsrail müharibəsinə mövqeyimiz...

İsrail-ərəb müharibəsi başlayan kimi “Azərbaycan bu münaqişədə hansı mövqe tutmalıdır” sualının niyə aktualaşdığının səbəbi hamıya bəllidir

Minsk Qrupunda rusiyalı bir həmsədr vardı, deyəsən hələ də yaşayır -Vladimir Kazimirov. O, günlərin birində Qarabağ münaqişəsinin “mürəkkəbliyini” bu cümlə ilə ifadə etmişdi: “Şuşa Yerusəlim kimi şəhərdir...” Bu, əlbəttə ki, Şuşanın Azərbaycan xalqı üçün mənəvi müqəddəsliyinə işarə deyildi. Ermənipərəst Kazimirov guya ermənilərin də bu şəhər üzərində hansısa “haqqı olduğunu” demək istəmişdi...

Qüds (Yerusəlim) dünyanın ən qədim tarixə malik şəhərlərindən bəlkə də, birincisidir. Qüds hər üç səmavi din üçün müqəddəs şəhərdir. İslam, İudaizm və Xristianlığın ortaq nöqtəsidir Qüds...

ISRAEL-PALESTINIANS--170_1696690695371_1696690713776.jpg (149 KB)

Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidininn yerləşdiyi ilk qibləmiz, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi məkan, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi yerdir...İlahi bir tarix, hər daşı-divarı müqəddəsləşmiş bir şəhər...

Təəssüf ki, bu müqəddəs, həm də dünya mədəniyyətinin incisi olan şəhər əsrlərdir ki, dinclik tapmır. Tarixi mənbələrə görə, Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə isə işğal olunub. Bu tarixi-dini-mədəni ortaqlıq isə bitməyən qan-qadaya səbəb olur. Qüdsün statusu hələ ötən əsrin 40-ci illərindən müzakirə mövzusudur. Təkcə müzakirə yox, həm də müharibə... Həm İsrail, həm də Fələstin Qüdsü öz paytaxtı sayır, heç bir tərəf bundan vaz keçmir. Bu qan-qadanın bitməməsinin əsas səbəbi bu...

Oktyabrın 7-də o regionda ən güclü orduya, dünyada “əli uzun, gözü iti” Mossad kimi kəşfiyyatına sahib, hətta qeyri-rəsmi atom bombası da olan İsrailin ərazisinə ikitərəfli(həm raket hücumu, həm canlı qüvvə ilə) bu cür total hücuma hazır olmaması təəccübləndirdi. Deyilənə görə, buna səbəb baş nazir Netyahunun məhkəmə islahatlarına etiraz olaraq aylardır davam edən aksiyalardır. İsrailin hüquq-mühafizə orqanları, ən əsası kəşfiyyat daxili etirazların yatırılmasına cəlb olunub və ərəblər də bunu fürsət bilib, ölkənin Qəzza ilə həmsərhəd rayonlarına xüsusi hazırlıq tələb edən göylə uçaraq gəlməyə risk ediblər.

WhatsApp Image 2023-10-08 at 10.00.41.jpeg (186 KB)

Ərəblərin “Allahu Əkbər” adı altında etdiklərini bütün dünya gördü, özləri istədilər ki, bunu hamı görsün. O səhnələrin nə qısasla, nə tarixi düşmənçiliklə, nə dinlə əlaqəsi var. Bu, İslamı aşkar terrorçu din kimi təqdim etməkdir. Ərəblər niyə bu cür səhnələri sevirlər, niyə Allahdan qorxmurlar bu da bir ayrı mövzudur.

Fələstin torpaqlarında İsrail adlı dövlətin yaradılmasının 75 ili tamam oldu. Fələstinlilərə isə bu haqq tanınmayıb, halbuki onlar da o torpağın əzəli sakinləridir.

Ərəblərin əhatəsində (Suriya, İordaniya, Livan və Misir) bir yəhudi dövlətinin qurulması və inkişafı... II Dünya müharibəsində az qala kökləri kəsilmiş, 640 min əhali ilə dövlət qurmağa başlamış israililərin indi sayı 10 milyona yaxındır. İsrail dövləti yarandan sonra qonşu ərəb ölkələrinin hamısı ilə müharibə edib, amma hamısında da ərəblər torpaq itiriblər. İsrail 75 il ərzində yerində saymayıb, elmi, iqtisadi cəhətdən ağlagəlməz səviyyədə inkişaf edib, demokratik ənənəyə söykənən dövlət qurublar. Ərəblər isə fövqəladə heç nə edə bilməyiblər, nə sərhəddində olan dövlətlər, nə Fələstin müxtariyyəti...

WhatsApp Image 2023-10-08 at 10.00.41 (1).jpeg (347 KB)

Ərəb dünyası yekcins deyil, hətta çox dağılmış bir dünyadır, İsraillə də son aylar barışanların sayı da (Səudiyyə Ərəbistan, Bəhreyn) artıb. Qəzza və Fələstin ərazisində isə hələ də dünyanın bir çox ölkələrinin terror təşkilatı kimi tanıdığı qurumlar dövlət idarəçiliyindədirlər, siyasəti də onlar həll edir. Amma razılaşaq ki, Qüdsə ədalətsiz olaraq təkbaşına sahiblənmək istəyi, ərəblərə münasibətdə əzici siyasəti İsraili güclü etməyib.

Bəs bu torpaqlarında yerli ərəblərin dövlət qurmasını istəyənlər necə, çoxdurmu? Çox deyilsə, az da deyil. Düzdür, Qərbdə də bu münaqişədən öz çıxarı üçün istifadə edənlər olub, indi də var. Məsələn, Fransa Fələstin Azadlıq Təşkilatına uzun illər rəhbərlik etmiş qoca Yasir Ərəfata cavan fransız arvad da ərə vermişdi, öləndən sonra mirasına sahibləndi, özlərinə lazım olmayanda da zəhərləyib aradan götürdülər. Demək, on illiklərdir davam edən bu münaqişə iki millətin təkcə torpaq məsələsi deyil, burada ciddi maraqlar, dövlətlər də toqquşur. İsrailin o coğrafiyada güclənməsi Qərbin marağındamı? Əlbəttə. Amma bunu israillilərin ”qara qaşına” görə ediblərmi? Belə olmadığını hamımız bilirik.

WhatsApp Image 2023-10-08 at 10.00.41 (2).jpeg (227 KB)

İsraildə müharibə başlayan kimi “Azərbaycan bu münaqişədə hansı mövqe tutmalıdır” sualının niyə aktualaşdığının səbəbi orta məktəb şağirdinə də bəllidir: İsrail bizim strateji müttəfiqimiz, dostumuzdur. Azərbaycanla yəhudu xalqını bağlayan teller möhkəmdir, səmimidir. Onlar bizim neftin əsas alıcılarıdır, biz də onların silahlarının. Amma İsrail-Azərbaycan əlaqələri 2021-ci ilin mayından, yəni Fələstin- İsrail müharibəsindən sonra daha da inkişaf edib, səfirliyimiz də rəsmən bu ölkədə fəaliyyətə başlayıb.

Azərbaycan Yaxın Şərqdən minlərlə kilometr uzaqda yerləşir. Bir müsəlman ölkəsi olaraq Qüds bizim üçün müqəddəsdir. Əl-Əqsa məscidi-Allahın evi müəyyən saatlarda, müəyyən günlərdə deyil, həmişə açıq olmalıdır. Bizim müsəlman olaraq istəyimiz də budur.

Fələstinin ermənipərəstliyi həmişə bizi narahat edib, elə Yasir Ərəfat da, indiki muxtariyyət başçısı Mahmud Abbasın da bu cür anti-Azərbaycan mövqeləri yenilik deyil. Mahmud Abbasın “biz də Ermənistan kimi işğala məruz qalmışıq” bəyanatı çox da uzaq olmayan tarixdir. 2020-ci ildə Fələstində küçələrdən birinin Ermənistanın şərəfinə adlandırılması və həmin təmtəraqlı mərasimdə gorbagor olmuş “dqr”in simvolu olan “bayrağın” dalğalandırılması, son müharibədə Gəncə və Bərdə Ermənistan tərəfdən raket atəşinə tutulanda, günahsız körpələrimiz öləndə də Fələstindən dəstək bəyanatı xatırlayan yoxdur. Əgər onlar da ədalətsiz işğalla üzləşdiklərini hesab edirlərsə, məntiqlə Azərbaycanın yanında olmalı idilər. Çünki BMT təkcə Fələstin torpaqlarının deyil, Qarabağın da işğalını rəsmi olaraq tanıyırdı.

WhatsApp Image 2023-10-08 at 10.00.41 (3).jpeg (177 KB)

Biz bu münaqişədə özümüzü oda atmamalıyıq, çünki bu bölgədə ilk belə alovlanma deyil, təəssüf ki, son da olmayacaq. Azərbaycan bizim üçün dünyanın ən böyük ölkəsi ola bilər, çünki vətənimizdir. Azərbaycanın Yaxın Şərq siyasətində rolu “tez olaq, biz də mövqe bildirək, çağırış edək, tərəf tutaq, ya tərəflərə mesaj verək” həddə deyil. Anlamaq olar, biz xalq olaraq vəfamızı göstərmək istəyirik. XİN-in baş verənlərlə bağlı bəyanatı zənnimcə, düşünülmüş və balansı gözləyən mövqedir. Türkiyə bizim qadaşımızdır, xüsusilə hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın Qüds məsələsindəki mövqeyi aydın və dəyişməzdir. Türkiyə dünyada çəkili müsəlman, həm də özünün siyasi düzəni olan dövlətdir. O, İsraillə sərt üslub da seçə bilir, sonra siyasətində yumşalma da edir.

...Azərbaycanımızın son üç ildə keçdiyi qan-qadalı tarixinin qiymətini bilək. Şuşanı Yerusəlim kimi şəhər hesab edənlər düşünürdülər ki, daha bir neçə on illiklər bu vəziyyəti saxlaya biləcəklər. İndi Qarabağda işğal tam sona çatdı. Bir gün çox dərdlər görmüş Fələstin torpaqlarında da sülh olmalıdır. Təəssüf ki, bu o qədər də tez olmaya bilər...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR