Onlayn ictimai-siyasi qəzet
Bakıda xanım müştəri ilə taksi sürücüsü arasında baş vermiş münaqişəyə məhkəmədə aydınlıq gətirilib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə avqustun 21-i paytaxtın Nərimanov rayonunda baş verib.
Polisə müraciət edən qadın sürücünün ona qarşı zorakılıq etdiyini, məcburi şəkildə maşından düşürdüyünü bildirib. Müraciətlə bağlı araşdırma aparılıb və taksi sürücüsü saxlanılıb.
O, ifadəsində xanım sərnişinin avtomobildə aqressiv danışdığını, tələsdiyini deyərək sürət həddini keçməsini tələb etdiyini deyib: “Sifariş gəldikdən sonra xanımı ünvandan götürərək yola düşdüm. Sərnişin yolda mobil telefonda kiminləsə aqressiv danışırdı. Məndən kondisioneri yandırmağımı tələb etdi. Öz növbəmdə kondisioneri yandırdım. Daha sonra sürət həddini artırmağımı istədi. Amma onun tələbini yerinə yetirmədim. Bu dəfə daha sərt şəkildə danışmağa başladı. Xanımın aqressiyasını gördüyümdən avtobus dayanacağında maşını saxlayaraq düşməyini xahiş etdim. Müştəriyə qarşı qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verməmişəm”.
Şikayətçi də ifadəsində sürücüdən sürəti artırmasını tələb etdiyini etiraf edib: “Sifariş etdiyim taksiyə əyləşən zaman telefonla rəfiqəmlə danışırdım, ad gününə gedirdim. Gecikdiyimdən sürücüdən daha sürətli sürməyini xahiş etdim. Digər avtomobillərin bizi keçdiyini görəndə ona “sən 20 ilə gedirsən?” deyə sual verdim. Sürücü 40 km/saat sürətlə getdiyini dedi. Ona tez getməyi bildirən zaman avtomobili saxlayaraq düşməyimi tələb etdi. Yanımda 17 yaşlı uşağım da vardı, o, həyəcanlanıb yıxıldı. Amma deyə bilərəm ki, sürücü məni söyməyib, sadəcə avtomobildən enim deyə üstümə qışqırıb”.
Nərimanov Rayon Məhkəməsi sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati işin icraatına xitam verib. O, məhkəmə iclas zalından sərbəst buraxılıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ