İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülər narazıdır, Ukrayna dairəsində tıxac niyə bitmir?  

Nəqliyyat eksperti: “Nəqliyyatla bağlı ən böyük problem bəzi qərarların kabinetdə verilməsidir”

Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə turbo tipli dairə inşa edib.

Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək mümkündür. Dairədə hərəkət 3 zolağa bölünüb. Həmçinin yol kəsişmələrində səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil edilib. Sözügedən dəyişikliklərdən sonra isə dairədə günün pik saatlarında tıxac yaranır. Bu da sürücülərin haqlı narazılığına səbəb olur. Sosial mediada bu məsələ ilə bağlı çox sayda şikayət paylaşılır. Kimi hesab edir ki, dairə ləğv olunmalı idi, kimi də hesab edir ki, ərazidə  işıqforların quraşdırılması ilə normal hərəkəti təmin etmək olardı.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, Ukrayna dairəsinin ləğv edilməsi çıxış yolu deyil. Musavat.com-a şərhində ekspert bildirib ki, Ukrayna dairəsinin diametri kifayət qədər böyükdür və yaşıl zonadır: “AYNA-da nəqliyyat ekspertlərinin iştirakı ilə görüş keçirilmişdi. Mən yerində müşahidə apararaq, vəziyyəti təhlil etdim və düşünürəm ki, ərazidə işıqforun quraşdırılmasına ehtiyac var. Sözügedən dairədə beş giriş-çıxış var. Təklif etmişəm ki, üçündə işıqfor yaşıl və qırmızı rejimdə olmalı, ikisində isə günün müəyyən saatlarında sarı, yəni yanıb-sönən rejimdə ola bilər ki, bu da hərəkətin tam qadağan edilməməsi deməkdir. Ərazidə əsas çətinlik yaradan “Əhmədli” metrostansiyası, Gəncə prospekti və “Həzi Aslanov” tərəfdən gələn istiqamətlərdir. Bu üç istiqamətdə işıqfor daimi rejimdə, digər istiqamətlərdə isə günün yalnız pik saatlarında işlək olsa, yaxşı olar. Bu təklifim qəbul edilib. Digər iki istiqamət fərqlidir, səhər və axşam saatlarında Neapol dairəsindən Ukrayna dairəsinə və əks istiqamətdə axın çox olur. Yeri gəlmişkən, “Əhmədli” metrostansiyasından dairə istiqamətində quraşdırılmış işıqforun iş rejiminin  tənzimlənməsi hərəkətə müsbət təsir göstərib”.

E.Muradlı vurğulayıb ki, hazırda ən optimal çıxış yolu dairədə işıqforların quraşdırılmasıdır:

 “Nəqliyyatla bağlı ən böyük problem bəzi qərarların kabinetdə verilməsidir. Ziya Məmmədovun dövründən pis ənənə var ki,  kabinetdə oturub nəqliyyatla bağlı qərarlar veriblər. Nəqliyyatın bu vəziyyətdə olmasının səbəbi budur. Ukrayna dairəsində ciddi narazılıq var. Əminəm ki, işıqforlar quraşdırıldıqdan sonra tıxac yaranmayacaq”. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR