İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada son durum, bölgə üçün gözlənilən dəyişikliklər və yeni planlar- Türkmən tarixçidən SENSASİON FİKİRLƏR- ÖZƏL

“Suriya türkmənlərinin gələcəyi onların siyasi və ictimai birliyə nail olmalarından asılıdır”

Hələbdə yaşayan türkmən tarixçi, Yurt FM radiosunun əməkdaşı Murtaza Karaali Suriyadakı son siyasi proseslər, eləcə də türkmənlər və Hələbdəki vəziyyət haqda danışdı

Suriyada Bəşər Əsədin devrilməsi ilə başa çatan silahlı üsyanın 2 ayı tamam oldu. Noyabrın 28-də İdlibdən gözlənilmədən Hələbə hücum edən silahlı qruplar bir neçə gün ərzində əvvəlcə Hələbi, ardınca isə digər böyük şəhərləri ələ keçirmiş, nəhayət dekabrın 8-də Bəşər Əsədin ölkəni tərk etməsi ilə hakimiyyət dəyişikliyi baş vermişdi.

Ötən müddətdə Suriyada nələr dəyişib, xüsusən də şimal bölgələrdə, Suriya türkmənlərinin həyatında nələr dəyişib? Bu barədə, ümumiyyətlə, Suriyada gedən proseslərlə bağlı məlumat almaq üçün hazırda Hələbdə olan Suriya türkmənlərindən tarix üzrə fəlsəfə doktoru, “Yurd” FM radiosunun əməkdaşı Murtaza Karaali ilə söhbətləşdik.

Qeyd edək ki, Hələb tarixən türkmənlərin sıx yaşadığı regionlardan biridir. Hələb və ətraf yaşayış məntəqələrində bu gün də böyük sayda türkmən əhali yaşayır. Suriyada türkmən əhalinin əsas hissəsi məhz Hələb vilayətində yaşayır. Dahi Azərbaycan şairi Nəsiminin məzarı da Hələb şəhərində yerləşir. Hələb orta əsrlərdə Suriya Səlcuqlu Məlikliyinin, Məmlük dövlətinin və nəhayət, Osmanlının idarəsində olub.

- Murtaza bəy, hazırda Suriyada vəziyyət necədir? Yeni hökumət sabitlik və sülh yarada biləcək? Bu istiqamətdə aparılan işləri necə qiymətləndirirsiniz?

- Dekabrın 8-də Əsəd rejiminin sürətlə devrilməsindən sonra Suriyada ümidverici dəyişiklik prosesi başlayıb. Ölkədə siyasi, iqtisadi və sosial-mədəni baxımdan diqqətəlayiq inkişaf var. Yeni hökumətin mövqeyi ilə bağlı əvvəlcə ictimaiyyət arasında bəzi narahatlıqlar olsa da, zaman keçdikcə bu, öz yerini inam və nikbinliyə verdi. Yeni hökumət xalqın gözləntilərini doğrultmaq üçün əhatəli və barışdırıcı bir yanaşma ilə sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atmağa başlayıb. İllərdir davam edən parçalanma və qarşıdurmaların izlərinin silinməsi üçün cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə fəal şəkildə cəlb olunması böyük əhəmiyyət kəsb edir. Suriyadakı bu müsbət irəliləyişlər təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük məmnunluqla qarşılanıb. Başda Türkiyə olmaqla, regionun bir çox ölkəsi yeni administrasiya ilə əlaqə qurub, təbriklərini çatdırıb və əməkdaşlıq siqnalları verib. Regional əməkdaşlığın artırılması Suriyanın yenidən qurulması prosesində mühüm dəstək mexanizmini təşkil edir.

Siyasi sabitlik həm də iqtisadi canlanma gətirdi. Uzun illərdir qüvvədə olan beynəlxalq sanksiyaların dayandırılması ölkə iqtisadiyyatına yeni nəfəs verib. Bunun nəticəsində Suriya lirəsi digər valyutalar qarşısında dəyər qazanmağa başlayıb. Ticarət həcminin artması, yerli istehsalın canlanması insanların alıcılıq qabiliyyətini artırır, gündəlik həyatın çətinliklərini yüngülləşdirir. Xüsusilə, infrastrukturun yenidən qurulmasına investisiyaların qoyulması həm məşğulluq imkanlarını artırır, həm də insanlarda gələcəyə ümid yaradır. İqtisadi inkişafla yanaşı, sosial-mədəni həyatda da dinamika var. Təhsil, səhiyyə və mədəniyyət sahələrində aparılan təkmilləşdirmələr sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar hesab olunur. Suriya xalqı yeni hökumətin uzun illər davam edən müharibə və dağıntılardan sonra sülh və sabitlik gətirmək səylərini dəstəkləyir. Xalqın prosesdə iştirakı və dəyişikliklərə səbri bu yeni dövrün möhkəm təməllər üzərində qurulmasına töhfə verir. Lakin bu prosesin çətinliklərlə dolu olduğu da bir həqiqətdir. Unutmaq olmaz ki, yeni administrasiya həm milli, həm də beynəlxalq səviyyədə ciddi sınaqlarla üz-üzədir.

- Kürt problemi, yəni PYD/YPG terror təşkilatı Suriyanın şimal-şərqində hələ də güclüdürmü? Suriyada kürd muxtariyyətinin yaranması ehtimalı nə qədərdir? Belə bir risk varmı?

- Fəratın şərqindəki problemi “kürd problemi” kimi qəbul etmirik. Bu bölgədə qarşılaşdığımız əsas problem, sözün əsl mənasında, terror problemidir. YPG/PKK ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə həm Suriyanın ərazi bütövlüyünü, həm də Türkiyənin sərhəd təhlükəsizliyini təhdid edən bir struktur kimi çıxış edir. Bu terror təşkilatı on ilə yaxındır ki, bölgədə kanton dövləti kimi fəaliyyət göstərir və yerli və regional sabitliyi pozur.

Əslində, Fəratın şərqindəki bu bölgə ərəblərin əksəriyyətinin yaşadığı bir yerdir. Ərəb qəbilələri uzun illər bu bölgədə ictimai və iqtisadi həyatın əsas elementlərini təşkil etmişlər. Kürd əhalisi bölgənin təxminən 30 faizini təşkil etsə də, türkmən yaşayış məntəqələri də var. Lakin bütün bu faktlara baxmayaraq, YPG/PKK bölgə xalqına kürd mədəniyyətini zorla aşılamağa çalışır. Məsələn, təhsil materialları kürd dilinə dəyişdirildi və məktəblərdə kürd dili üstünlük təşkil etdi.

Bölgə əhalisinin əksəriyyəti bu təşkilatın olmasını istəmir. Çünki YPG/PKK ancaq xarici güclərin dəstəyi ilə ayaqda qalan, bölgə xalqının tələb və ehtiyaclarını göz ardı edən bir quruluşdur. Bu vəziyyət təşkilatın uzunmüddətli perspektivdə regionda qalma şansını zəiflədir.

Suriyanın yeni administrasiyası təxminən iki aydır ki, bu təşkilatla sülh ilə həll yolu axtarır. Rəhbərlik silahların buraxılması və PKK-ya bağlı ünsürlərin bölgədən çıxarılması üçün danışıqlar prosesini davam etdirir. Lakin terror təşkilatının liderləri bu təklifləri qəbul etmir və silahlı fəaliyyətlərini davam etdirirlər.

Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək və bölgədə terror təhlükəsini aradan qaldırmaq üçün qətiyyətli mövqe nümayiş etdirir. Bu çərçivədə Türkiyənin yetişdirdiyi Suriya Milli Ordusu ilə birlikdə bir çox cəbhədə terrorçularla mübarizə aparır. YPG/PKK-nın təchizat xətlərini hədəf alan əməliyyatlar, xüsusilə Fərat çayı üzərindəki Tişrin bəndi ətrafında davam edir. Bu əməliyyatlar terror yuvalarının təmizlənməsində strateji əhəmiyyət kəsb edir. Bölgədəki bu mübarizə təkcə Türkiyənin sərhəd təhlükəsizliyi üçün deyil, Suriyanın ərazi bütövlüyü və bölgə xalqının sülhü baxımından da böyük əhəmiyyət kəsb edir.

WhatsApp Image 2025-01-30 at 16.57.23 (1).jpeg (125 KB)

- Necə düşünürsünüz, Dəməşqdəki yeni hakimiyyət digər etnik və dini-məzhəbi qrupları bir araya gətirə biləcək?

- Suriyada yeni idarəçilik fəaliyyətinin ilk iki ayında göstərdiyi yanaşma ilə cəmiyyətin müxtəlif təbəqələrindən müsbət reaksiyalar almağı bacarmış kimi görünür. Yeni administrasiya Suriyadakı mədəni, dini və etnik müxtəlifliyi qəbul etdiyini və bütün azlıq qrupları ilə dialoq və əməkdaşlıq mövqeyi tutduğunu açıq şəkildə bildirdi. Tarix boyu fərqli kimliklərin bir yerdə yaşadığı Suriya kimi bir ölkədə bu, çox mühümdür. Ələvilər, sünnilər, xristianlar, kürdlər, türkmənlər və digər etnik-dini icmalar bu yeni dövrdə özlərini daha çox təmsil olunmaq istəyirlər. Rəhbərliyin bu müxtəlifliyi bir sərvət kimi görməsi və bölücü deyil, birləşdirici siyasət yürütməsi gələcəyə olan ümidləri artırır. Lakin vurğulamaq lazımdır ki, bu müsbət mənzərəni tam aydın şəkildə qiymətləndirmək hələ tezdir. Yeni administrasiyanın atdığı addımlar indiyədək mötədil və perspektivli çərçivədə inkişaf edib. Ancaq bu siyasətlərin davamlı olub-olmayacağı və bütün ölkə daxilində sülh və sabitlik mühiti yaradıb-yaratmayacağı qarşıdakı dövrdə bəlli olacaq. Yeni administrasiyanın uğurlu olması üçün atdığı bu mülayim addımları gücləndirməsi, azlıqların hüquqlarını qoruyacaq konkret işlər ortaya qoyması və xüsusilə də yaraların sağalmasına yönəlmiş daha əhatəli təşəbbüslər həyata keçirməsi böyük əhəmiyyət kəsb edir. Bu yanaşma davamlı olarsa, Suriyada çoxdan gözlənilən ictimai sülh və birlik əldə edilə bilər.

- Hazırda Hələbdəsiniz, şəhərdə vəziyyət necədir orada? Həyat keçmişdəki qaydasına düşüb? Təhlükəsizlik nə yerdədir, dükan-bazar normal qaydada işləyir?  

- Hələb Suriyada Əsəd rejiminə qarşı ən mühüm müqavimət mərkəzlərindən biri olub və rejim ünsürlərindən təmizlənən ilk şəhərlərdən biri kimi yenidən tarix səhnəsində yerini alıb. Bu qədim şəhər təkcə Suriya üçün deyil, türkmənlər üçün də böyük əhəmiyyət kəsb edir. Çünki Hələb tarix boyu türk vətəni olub və Anadolunun türkləşməsindən əvvəl türkmənlərin sıx yaşadığı bölgə kimi tanınıb.

Müharibədən əvvəl Hələbin mərkəzi və kəndlərində təxminən bir milyon yarım türkmən yaşayırdı. Lakin illərlə davam edən müharibə, köç və qırğınlar nəticəsində bu rəqəm kəskin şəkildə azalaraq 500 minə düşüb. Buna baxmayaraq Hələb türkmən kimliyini qoruyub saxlayan bir şəhər olaraq varlığını davam etdirir.

Suriyadakı vətəndaş müharibəsindən sonra şəhər Əsəd rejimi və İranın dəstəklədiyi milis qüvvələrindən təmizləndikdən sonra həyat yenidən bərpa olunmağa başlayıb. Türkiyənin göstərdiyi humanitar və kommersiya dəstəyi sayəsində Hələbdə iqtisadi şərait bir qədər yaxşılaşıb, Türkiyədən bölgəyə malların daxil olması ilə yaşayış xərcləri müəyyən qədər azalıb.

Bununla belə, Hələbdə təhlükəsizlik problemləri tam başa çatmayıb. Xüsusilə Şeyx Maksut və Əşrəfiyə məhəllələrində PKK/YPG varlığı hələ də davam edir. Bu təşkilat bölgə əhalisi üçün böyük təhlükə yaradır. Bu məhəllələrin altında PKK-çılar tərəfindən qazılan tunellər təşkilatın varlığını davam etdirməsinə şərait yaradır və ətrafda yaşayan dinc sakinlər daim təhlükə altındadır. Əslində bu məhəllələrə yaxın ərazilərdə mülki əhali snayperlər tərəfindən hədəfə alınır və öldürülür. Bu vəziyyət Hələbin türkmən və ərəb xalqlarının sülh içində yaşamasına mane olan ən böyük problemlərdən biridir.

- Hələbdə bizim üçün çox dəyərli olan şair Nəsiminin məzarı var. Hələb qalası ilə qarşı-qarşıya, Hələb bazarı tərəfdə sufilər məhəlləsində Nəsimi küçəsində yerləşir məzar. Hazırda ora ilə bağlı məlumatınız varmı? Qəbirə xəsarət toxunmayıb ki?

- Hələb azəri türkünün mistik və şairi İmadəddin Nəsiminin öldürüldüyü yer kimi də tanınır. 14-cü əsrdə yaşamış və sufi şeirləri ilə tanınan Nəsimi ideyalarına görə Hələbdə edam edilmiş və bu şəhər onun adı ilə bağlı simvola çevrilmişdir. Türkmənlər üçün Nəsiminin xüsusi yeri var. O, təkcə şair deyil, həm də türk dünyasında dərin iz qoyan mütəfəkkirdir.

Hələb rejim ünsürlərindən təmizləndikdən sonra türkmən xalqı Nəsiminin məqbərəsinə sahib çıxıb və onun dağıdılmasının qarşısını alıb. Bu gün məzar heç bir zərər görməyib. Bu, türkmənlərin öz mədəni irsinə dərin bağlılığının ən konkret göstəricilərindən biridir.

Hələbin rəmzi olan Nəsimiyə mən də yazdığım şeirlərdə dəfələrlə müraciət etmişəm.

- Hazırda Suriya türkmənlərinin durumu necədir? Yeri gəlmişkən, hazırda Suriya türkmənlərinin humanitar təşkilatları, yardım qurumları varmı?

- Suriya türkmənləri Osmanlı İmperiyası dağıldıqdan sonra ciddi siyasi, hərbi və sosial çətinliklərlə üzləşmiş bir toplumdur. Osmanlı İmperiyasından sonra Fransa mandatı altında qurulan hökumətlər türkmənlərə məhəl qoymadı və onların hər hansı siyasi və ya vətəndaş cəmiyyəti təşkilatı yaratmasına mane oldu. Bu vəziyyət türkmənlərin siyasi arenada iştirak etməsinə mane oldu. Suriyanın müstəqillik qazandığı dövrdə türkmənlər tərəfindən bir neçə siyasi təşəbbüs olsa da, bu səylər qısamüddətli oldu. Çünki bu dövrdə baş verən hərbi çevrilişlər və Bəəs Partiyasının hakimiyyəti ələ keçirməsi türkmənlər üçün çətin dövrün başlanğıcını qoydu. Bəəs rejimi dövründə türkmənlər sıx assimilyasiya siyasətinə məruz qalırdılar. Onların torpaqları müsadirə edildi, kəndlərinin adları ərəbləşdirildi, türkmən kimliklərinin silinməsinə cəhd edildi.

Bu dövrdə, xüsusilə Hələb bölgəsindəki bəzi türkmən kəndləri öz dil və mədəniyyətlərini qoruyub saxlaya bildilər. Amma ümumilikdə türkmənlərin əksəriyyəti siyasi və mədəni hüquqlarından məhrum edilib və sistematik olaraq marginallaşdırılıb.

2011-ci ildə başlayan Suriya üsyanı türkmənlər üçün mühüm dönüş nöqtəsi oldu. Bu prosesdə zülmü azaltmaq, öz hüquqlarını bərpa etmək istəyən türkmənlər də inqilabda fəal iştirak edirdilər. Lakin bu iştirak türkmənlər üçün ağır xərclər gətirdi. İnqilab prosesində bir çox türkmən rejimin hədəfinə çevrildi, köçkün düşdü və ağır itkilər verdi.

Əsəd rejimi devrildikdən sonra qurulan yeni administrasiya təəssüf ki, indiyədək türkmənlər üçün kifayət qədər siyasi təmsilçilik təmin etməyib. Bunun ən böyük səbəblərindən biri də türkmən icması daxilində daxili qarşıdurmalar və birliyin olmamasıdır. Bu vəziyyət türkmənlərin ictimai və siyasi cəhətdən daha güclü təşkilatlanmasına ən böyük maneələrdən biri kimi qiymətləndirilir.

Hazırda mövcud olan türkmən siyasi təşkilatları içində ən böyüyü Suriya Türkmən Məclisi türkmənlərin siyasi təmsilçiliyi üçün qurulmuş mühüm strukturdur. Lakin türkmənlər arasında birlik olmadığından bu şuranın effektivliyi azdır.

Vətəndaş Cəmiyyəti təşkilatı Suriya Türkmən Dərnəkləri Federasiyası vətəndaş cəmiyyəti sahəsində ən mühüm Türkmən təşkilatıdır. Federasiya türkmənlərin mədəni kimliyini qorumaq və ehtiyaclarını ödəmək üçün çalışır.

Hərbi strukturlar: Türkmənlər də Suriyadakı hərbi mübarizədə fəal iştirak edirlər. İki əsas türkmən hərbi diviziyası var: Sultan Murat diviziyası və Süleyman şah diviziyası, həmçinin Həmzə xüsusi təyinatlı briqadası və Fatih Sultan Mehmet briqadası. Bu hərbi qruplar Suriyanın yeni administrasiyası ilə əlaqə yaratmağa, Müdafiə Nazirliyinə bağlanmağa və daha mütəşəkkil bir struktura nail olmağa cəhd göstəriblər. Lakin bu təşəbbüslərin nəticələri hələlik bəlli deyil.

Suriya türkmənlərinin gələcəyi onların siyasi və ictimai birliyə nail olmalarından asılıdır. Yeni administrasiyanın türkmənlərə daha çox siyasi təmsilçilik verməsi və türkmənlərin bu toplumun hüquqlarını və varlığını qorumaq üçün öz aralarında münaqişələri aradan qaldıraraq ortaq baxış ətrafında birləşmələri böyük əhəmiyyət kəsb edir. Türkmənlərin keçmişdə yaşadıqları çətinliklər və bugünkü mübarizələri onların haqq etdikləri sülh, təhlükəsizlik və təmsilçilik imkanlarını əldə etməli olduqlarını açıq şəkildə göstərir.

- Yeni hökumət kabinetində yüksək dövlət postlarında türkmən əsilli şəxslər təmsil olunur?

- Bu gün Suriya türkmənlərinin yeni administrasiyada təəssüf ki, kifayət qədər siyasi və ya bürokratik təmsilçiliyi yoxdur. Türkmənlərin xüsusilə siyasi mexanizmlərdə görünməsi kifayət qədər məhdud olaraq qaldı. Ordu daxilində türkmən icmasını təmsil edən cəmi bir nəfər var. Bu şəxs Bayır Bucak türkmənlərindəndir və polkovnik rütbəsi ilə xidmət edir. Bu vəziyyət açıq şəkildə göstərir ki, türkmənlər həm siyasi, həm də hərbi sahədə daha fəal təmsil olunmalıdırlar. Yeni administrasiyanın türkmənlərin keçmişdə yaşadıqları çətinlikləri nəzərə alması, onlara daha çox təmsil olunması və icmanın təcrübəsindən faydalanması vacibdir. Eyni zamanda, türkmənlər öz aralarında birliyin təmin edilməsi və ixtisaslı nümayəndələr yetişdirilməsi üçün daha çox səy göstərməlidirlər. Türkmənlərin həm hərbi, həm də siyasi arenada daha güclü olması Suriyanın sosial müxtəlifliyinin qorunub saxlanması və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

- Suriyada Bəşər Əsəd hakimiyyətini dəstəkləyən türkmənlər var idi? Hazırda onların vəziyyəti necədir? Bu haqda hər hansı məlumatlar varmı?

- Suriyada Əsəd rejimini kütləvi şəkildə dəstəkləyən türkmən icması yoxdur. Amma fərdi səviyyədə keçmişdə və ya indiki dövrdə Əsəd tərəfdarı olan türkmənlər və ya başqa etnik qruplardan olan insanlar ola bilər. Bu vəziyyət ölkədəki etnik və siyasi müxtəlifliyin təbii əksidir. Yeni administrasiya, ümumiyyətlə, fərdlərin keçmiş siyasi seçimlərini deyil, onların hərəkətlərini və məsuliyyətlərini nəzərə almağa üstünlük verir. Bu çərçivədə əli qana batmayan, hərbi cinayətlərə qarışmayan, rejimin zülmünə fəal dəstək verməyən fərdlər üçün heç bir problem yaradılmır. Bu yanaşma yeni administrasiyanın dinc sosial konsensus və inklüziv siyasət qurmaq səylərini nümayiş etdirir.

- Türkmənlərin yeni Suriyada muxtariyyət və ya buna yaxın bir siyasi, yaxud mədəni status alması ehtimalı nə qədərdir?

- Suriya türkmənlərinin yeni administrasiyada muxtariyyət və ya oxşar siyasi status qazanma ehtimalı bir sıra amillərdən asılıdır. Türkmənlər həm siyasi, həm də hərbi baxımdan Suriya inqilabında fəal rol oynamış, rejimə qarşı mübarizədə ciddi bədəl ödəmişlər. Bu vəziyyət türkmənlərin Suriyanın gələcəyində söz sahibi olmaq hüququnu gücləndirən ən mühüm sütunlardan biridir. Bununla belə, belə bir siyasi status əldə etmək üçün bir neçə vacib şərt var:

Türkmənlər arasında birlik və təşkilatlanma:

  • Türkmənlər güclü siyasi və ictimai birlik yaratmalıdırlar. Bu birlik həm türkmən əhalisini ölkə daxilində təmsil etmək, həm də beynəlxalq səviyyədə dəstək qazanmaq üçün həyati əhəmiyyət kəsb edir.
  • Yeni administrasiya Suriyanın etnik və mədəni müxtəlifliyini bir sərvət kimi görməli və siyasi və inzibati təmsilçilikdə türkmənlər kimi qruplara yer açmalıdır. Administrasiyanın bu əhatəliliyi nə dərəcədə təmin etməsi türkmənlərin status qazanma şanslarına birbaşa təsir edəcək.
  • Suriya türkmənlərinin tarixi və mədəni bağları ilə bağlı olduğu bir ölkə olaraq Türkiyə bu prosesdə mühüm rol oynayır. Ankaranın türkmənlərin hüquqlarını qorumaq və bu məsələdə yeni administrasiya ilə əməkdaşlıq etmək səyləri türkmənlərin status qazanmaq uğrunda mübarizəsində həlledici ola bilər.

- Azərbaycan xarici işlər nazirinin müavini dekabrda Dəməşqə gedərək, yeni hökumət rəsmiləri ilə görüşdü. Necə düşünürsünüz, münasibətləri daha da inkişaf etdirmək imkanları var?

- Azərbaycandan Suriyadakı yeni administrasiya ilə görüşə yüksək səviyyəli nümayəndə göndərməsi və daha sonra humanitar yardım yola salınması strateji əhəmiyyətə malik mühüm hadisə hesab olunur. Bu addım Azərbaycanın həm regional, həm də beynəlxalq aləmdə apardığı rasional və praqmatik siyasətin göstəricisidir. Suriyaya səfər edən ilk ölkələrdən biri olan Azərbaycan diplomatik addım atmaqla yanaşı, 200 ton təcili humanitar yardım göndərməklə çətin vəziyyətdə olan insanlara birbaşa dəstək olub. Bu hərəkət Azərbaycanın humanitar yardıma həssaslığını və Suriya xalqı ilə həmrəy olmaq iradəsini açıq şəkildə nümayiş etdirir.

Bu erkən və qətiyyətli addım Avropa və bir çox ərəb ölkələrinin Suriya ilə bağlı təşəbbüslərindən əvvəl atılıb. Bu vəziyyət göstərir ki, Azərbaycan regionda baş verən prosesləri diqqətlə izləyir və imkanları cəld dəyərləndirə bilən xarici siyasət yanaşmasına malikdir. Bu səfər və yardımın gələcək Suriya-Azərbaycan münasibətləri üçün möhkəm zəmin yaradacağını söyləmək mümkündür.

Azərbaycan təkcə diplomatiya ilə məhdudlaşmır, Suriyanın yenidən qurulması prosesində fəal rol oynamağa namizəddir. Xüsusilə tikinti, infrastruktur və enerji kimi sahələrdə Azərbaycanın zəngin təcrübəsindən istifadə ediləcəyi gözlənilir. Təbii qaz və enerji sektorunda güclü aktyor olan Azərbaycanın bu sahələrdə Suriya ilə əməkdaşlığı inkişaf etdirə biləcəyi düşünülür. Çox güman ki, Azərbaycan gələcəkdə Suriyanın yenidən qurulmasında mühüm rol oynayacaq. Azərbaycanın texniki təcrübəsi və xüsusilə infrastruktur layihələrində, enerji resurslarının idarə edilməsində mühüm töhfələr verə bilər. Bundan başqa, Azərbaycanın Qafqaz regionunda həyata keçirdiyi uğurlu inkişaf layihələri analoji təcrübənin Suriyaya da ötürülə biləcəyinin göstəricisidir.

- Azərbaycandan Suriyaya aparılan yardımların İdlibə çatdırıldığını xəbərlərdə oxuduq. Bu yardımlar türkmənlərə də çatdımı? Necə düşünürsünüz, hazırda türkmənlərın hansı yardımlara ehtiyacı var? Azərbaycandan gözləntiləri nələrdir?

- Yardımın hansı bölgələrə çatdığı və ya birbaşa türkmənlərə çatdığı barədə dəqiq məlumatım yoxdur. Ancaq Suriya türkmənlərinin ehtiyaclarını nəzərə alsaq, yardımların qida kimi təcili humanitar yardımlarla məhdudlaşmaması lazım olduğu aydındır.

Türkmənlərin xüsusilə təhsil və mədəniyyət sahələrində ciddi dəstəyə ehtiyacı var. Suriyada münaqişə və qeyri-sabitliyin uzun müddət davam etməsi türkmən mədəni irsinin qorunub saxlanması və gənc nəsillərin təhsili sahəsində ciddi boşluqlar yaradıb. Ona görə də türkmənlərə veriləcək yardımın onların ictimai təşkilatlanması və türkmənlərin bir icma olaraq inkişafına xitab etməsi böyük əhəmiyyət kəsb edir.

Türkmənlər üçün əsas prioritetlərdən biri uşaqların və gənclərin təhsilə çıxışını təmin etməkdir. Münaqişə ucbatından bir çox türkmən uşaqları təhsilsiz qalıb, infrastrukturun qeyri-adekvat olması və müəllim çatışmazlığı səbəbindən mövcud məktəblər səmərəli fəaliyyət göstərə bilmir. Bu kontekstdə türkmən bölgələrində məktəblərin yenidən qurulması, müəllimlərin hazırlanması və müasir tədris materialları ilə təmin olunması kimi sahələrə investisiyalar zəruridir. Türkmən icması müharibə illərində öz mədəni dəyərlərini və kimliyini qoruyub saxlamaqda böyük çətinliklərlə üzləşib. Mədəni irsin qorunması, türkmən dilinin öyrədilməsi və cəmiyyətin adət-ənənələrini yaşadacaq layihələrin həyata keçirilməsi türkmənlər üçün həyati əhəmiyyət kəsb edir. Bu cür yardımlar türkmənlərin bugünkü ehtiyaclarını ödəməklə yanaşı, həm də öz kimliklərini və tarixlərini gələcəyə daşımağa kömək edəcək.

Türkmənlər üçün Azərbaycan təkcə coğrafi baxımdan yaxın ölkə deyil, həm də mədəni baxımdan mühüm qardaş xalqdır. Suriyadakı türkmənlər Azərbaycanla bir çox oxşar mədəni xüsusiyyətlərə malikdirlər. Yemək mədəniyyəti, adət-ənənələri və hətta dialekt baxımından böyük yaxınlıq var. Azərbaycanın Suriya türkmənləri üçün xüsusi məna kəsb etməsinin əsas səbəblərindən biri də bu dərin mədəni oxşarlıqlar və ortaq keçmişdir.

Suriyadakı türkmənlər Azərbaycanla mədəni əlaqələrini daha da gücləndirməyə ümid edirlər. Azərbaycanın Suriya türkmənləri ilə xüsusilə təhsil, mədəni mübadilə və sosial əməkdaşlıq sahələrində daha geniş qarşılıqlı əlaqəsi hər iki icmanın qarşılıqlı bağlılığını gücləndirəcək. Azərbaycanın Suriya türkmənlərinin mədəni kimliyinin qorunub saxlanmasına verdiyi dəstək təkcə mədəni irsin qorunub saxlanmasına deyil, həm də iki xalq arasında qardaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edə bilər.

 

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR