Onlayn ictimai-siyasi qəzet
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun ümumtəhsil müəssisisələrinin rəhbərləri, rayon gəncləri iştirak ediblər.
Tədbir öncəsi rayon rəhbərliyi və gənclər Ulu Öndərin Heydər Əliyev parkında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
O qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir. RİH başçısı qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Daim Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır. Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu diqqətə çatdıran Adil Əliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirib.
Həmçinin, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Qaya Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənclərin yetişməsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Rayonun fəal gəncləri Anar Qurbanlı və Aliyə Qurbanova çıxış edərək Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edib, gənclərin ölkə başçımızın ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.
Sonra bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Xarı Bülbül” Muğam qrupunun təqdimatında bədii hissə ilə davam edib.
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ